- Bu gün dünyada və Azərbaycanda hit musiqilərə nəzər salsaq, görərik ki, eyni proseslər gedir. Mahnının melodiyası çox bəsit olmalı, sözlər təkrarlanmalıdır. Məişət sözü olmalıdır, bədii yanaşma olmasa da, olar. Yetər ki, sözlər təkrarlansın. Misal üçün, Nadir Qafarzadənin ifa etdiyi "Maral” mahnısı. Nadir Qafarzadəyə böyük hörmətim var. Onun ifa etdiyi bu mahnıda ancaq maraldan danışılır. Təəssüf ki, biz hit deyəndə, qlobal musiqilərin adını çəkə bilmirik. "Top-10”da olan məşhur mahnıların siyahısına nəzər yetirsəniz, bu proseslərin onların hamısında cərəyan etdiyinin şahidi olarsınız. O mahnılarda sözlər təkrarlanır, mahnı sadə və primitivdir. Mahnıda ilk 10 saniyə insanı çəkməli və növbəti saniyələrdə hal dəyişməlidir. Mahnının gedişatında ona digər alətlər də qoşulmalıdır ki, gücünü artırsın. İkinci bəndinin nəqarətində mahnının sözü də, musiqisi də insanların yaddaşında qalmalıdır. Belə olanda, artıq o, insanların sevimli mahnısına çevrilir. Mahnıda mövzunun nə olmasının fərqi yoxdur.
- "Səni deyirlər” kimi.
- Bəli. "Səni deyirlər”i kimin kimə dediyi də bəlli deyil. Mahnının müəllifi onu adi bir məclisdə oxuyub. Kimsə bunu zarafatla yayıb və mahnı təsadüf nəticəsində hitə çevrilib. İfaçı bu mahnını kütləyə təqdim etməyib. Misal üçün, "Maral” mahnısını Nadir Qafarzadə özü kütləyə təqdim edib. Sadəcə, gərək insanın bir şansı olsun. N.Qafarzadə ilk gündən özünü ciddi musiqiçi kimi təqdim edib. Ona bu mahnını gətirəndə düşünüb ki, bunu ancaq toylarda ifa edərəm. Və toyların ən çox tələbatlı mahnısı olub. Bir həftədən sonra bu mahnını hər yerdən istəyiblər. "Maral” mahnısı gözlənilməz uğur əldə edib.
- Sizin "Divanə” mahnınız kimi.
- Bu, çox ölçülüb-biçilən mahnılardan idi. "Divanə” mahnısı 2013-cü ildə yazılıb. Bu mahnını oxumaq haqqında ümumiyyətlə, düşünməmişəm. Düşünürdüm ki, buna münasib müğənni olarsa, ona verərəm. Mahnı dörd cümlədən ibarətdir. Sonra düşündüm ki, əgər kommersiya ilə məşğul olmaq lazımdırsa, bu mahnını elə özüm də ifa edərəm. Bu mahnını oxumaq üçün içimdə bir kompleks var idi.
- Nə üçün?
- Mən Bülbül adına orta ixtisas musiqi məktəbində, Konservatoriyada təhsil almışam. Dahi sənətkarlarımızın tələbəsi olmuşam. Düşünürdüm ki, bu mahnımı oxusam, sabah müəllimlərimlə necə üz-üzə gələrəm? Ətrafımdakı təcrübəli sənətçilərin fikirlərini aldım və özümdə güc toplayıb oxudum. Nəticədə "Divanə” mənə uğur gətirdi.
- Bu mahnının sizin ifaçı kimi tanınmağınızda rolu böyük oldu.
- Bəli, ancaq sənət baxımından məni tanıdan ilk "Qara gözlüm” mahnısını qeyd etmək istəyirəm. "Youtube”da mahnıya az, cəmi 5 min baxış olmuşdu. Ancaq toylarda, el şənliklərində, tədbirlərdə ən çox tələb olunan mahnılardan oldu. Bu mahnı indi mahnının tutması üçün vacib olan şərtlərin tam əksinədir. 2014-cü ildə heç "Youtube”un özü bu qədər dəbdə deyildi. Bir sənətçi kimi "Qara gözlüm” mahnısı mənə daha çox uğur gətirib. "Eşq” mahnısını da unutmaq olmaz, təbii ki. O da daha çox dinlənilən və izlənilən mahnılardan oldu.
- Hazırladığınız sevimli mahnılarınızı başqasına verəndə hər hansı təəssüf hissi keçirirsinizmi?
- Ərsəyə gətirdiyim mahnılar mənim üçün çox dəyərlidir. Hazır mahnılarımı hələm-hələm satmaram. Ümumiyyətlə, mahnı satmıram. Bəzən düşünmüşəm ki, bu mahnı mənim yox, başqa bir sənətçimizin profilinə daha uyğundur. O səsləndirsə, daha yaxşı olar. Əgər o mahnı hit olacaqsa, müəllif olaraq təbii ki, buna sevinərəm. Sağlam düşüncəli sənət adamı mahnısının başqa müğənninin ifasında da sevilməsindən yalnız şad ola bilər.
- "Yotube”da ən çox izlənilən müğənnilərin sırasında sizin də adınız var. Çox zaman həmin ifaçılarla bağlı deyirlər ki, bu rəqəmlər şişirtmədir.
- Mən o xarakterli insan deyiləm ki, sosial şəbəkələrdə özümə şişirtmə rəqəmlər yazdırım. Əslində, bu heç mənə lazım da deyil. Mənim işim oxumaqdır. Onu sevmək, dinləmək isə artıq xalqa, insanlara aiddir. Sevmək sizin əlinizdədir. Mahnını oxuyub, sosial şəbəkələrdə yerləşdirirəm. Siz istəsəniz o mahnını sevərsiniz, istəməsəniz yox. "Bu, sevilən mahnıdır” deyib onu tamaşaçıya sırımağın tərəfdarı deyiləm. Bu, özünü aldatmaqdır. Mən bunu ayıb bilirəm.
- Sosial şəbəkələrin məşhurlaşdırdığı ifaçılardansınız. Çünki sizi televiziyalarda görməmişik.
- Tam razıyam. Mənim bir terminim var – "Youtube” müğənnisi. Misal üçün, mənim son işlərimdən biri olan "Şəlaləm mənim” klipim "Youtube” klipidir. Dəvət aldığım yerlərdə, el şənliklərində "Şəlaləm mənim” mahnısını oxumuram. Biz buna "Youtube”da uğur qazanacaq bir layihə kimi yanaşdıq. Bunu sevən insanlar var. Onlar biz sənətçilərə dəyər verən insanlardır. Biz bu mahnını trolladıq.
O ki qaldı televiziyalara çıxmaq məsələsinə, televiziyaya baxmıram. Elə bilirəm ki, heç kim televiziyaya baxmır. Ancaq televiziya müğənninin PR-ı ilə məşğuldur. İndi televiziyanın hər hansı məşhur verilişinə gedən yeni sənətçi ora bəlli qonorar ödəyir. Televiziyada reklam olunan sənətçi sosial şəbəkələrdə yalandan şişirtmə rəqəm artıran sənətçilərdəndir. Mən bunları bir-birinə bənzədirəm. Bu mənim subyektiv fikrimdir.
- Sosial şəbəkələrdə haqqınızda yazılan pis rəylərə reaksiyanız necə olur?
- Eləsini bağrıma basmaq istəyirəm ki, səmimi yazıb (gülürük). Bir də var, hiss edirsən ki, bu adamın niyyəti başqadır. Bir var yazsın ki, "sizin ciddi mahnıları dinləmişik, belə mahnılar oxumaqla biz dinləyiciləri məyus edirsiniz”. Bir də var yazır ki, "bu nədir ala”. Sosial şəbəkələrdə yazılan şərhlərə cavab yazmıram. Birinə yazsam, gərək hamısına cavab yazam.