Qurbanlarımın yaxınlarından üzr istəyirəm - “Xaxol” ləqəbli cinayətkar

12 Yanvar 2019 16:00 (UTC+04:00)

"Orexovo-Medvedkovskaya" cinayətkar birliyinin üzvü, “Xaxol” ləqəbli, 48 yaşlı Oleq Mixaylov islah müəssisəsində etiraf məktubu yazıb. Ömürlük həbs cəzasına məhkum olunan “Xaxol” ona təyin olunan cəzanın müddətli həbslə əvəzlənəcəyinə ümid edir.

Bu barədə Rusiyanın “Prestupnaya Rossiya” nəşri məlumat yayıb. Doqquz qətlə “imza atan” Mixaylov öz kriminal “karyera”sı barədə jurnalistlərə açıqlama verib.

“Milliyyətcə rusam, “Xaxol” ləqəbini Ukraynada yaşadığıma görə veriblər. Güllə atmağı hərbi xidmətdə olarkən öyrənmişəm. Desant qoşunlarında xidmət etmişəm. Moskvada yaşayan əsgər yoldaşım Sergeyin yanına gəlmişdim. İş tapmağımda mənə köməklik göstərəcəyinə söz vermişdi. Bu, 96-cı ilin sonları idi”.

İlk günlər təşkilat tərəfindən biznesmenlərin, bandanın maraq dairəsində olanların dinlənməsinə görə 400 dollar alan Oleq əsgərlik dostunun ona ad günündə TT markalı tapança hədiyyə etməsindən sonra daha ciddi işlə təmin olunmasını xahiş edir.

"Dərhal kimisə öldürməyə başlamadım, uzun müddət mənə nəzarət edirdilər, axı gəlmə idim. Görüşlərə gedirdim, “razborka”larda iştirak edirdim, rəqiblərə “qulaq asırdım”. Buna görə mənə 600 dollar verirdilər. Özümə maşın almışdım, bir neçə dəfə xarici ölkələrə getmişdim”.

Yeni “vəzifə”yə təyin olunan Mixaylov artıq 4 min dollar məvacib almağa başlayıb. Ona qurbanlarının fotoşəkli təqdim olunmayıb. Yalnız xarici görünüşləri təsvir edilib, yaşadıqları ünvan göstərilib. Killer ilk qətlini 13 avqust 1997-ci ildə həyata keçirib. Bandaya “Tuşino” və “Mitinski” bazarları uğrunda müharibə apardıqlarına görə mane olmağa çalışan Hüquq-mühafizə orqanlarının inkişaf fondunun müavini Serqey Drozdovu qətlə yetirib.

"1998-ci ildə mütəşəkkil cinayətkar birliyin rəhbəri bandanı leqallaşdırmağa və kriminal işlərdən ayrılmağa qərar verdi. Buna görə də, arzuolunmaz adamları təmizləmək lazım idi", - Mixaylov belə deyib.

“Xaxol”un növbəti hədəfi “Mitinski” bazarına “nəzarət edən” dəstə üzvü olub.

1999-cu ildə killer Beynəlxalq hüquq və iqtisadiyyat institutunun axşam şöbəsinə daxil olur. Hüquq elmini dərindən öyrənir, cinayətkar dəstəyə rəhbərlik edir. Dəstə üzvlərini həbs etməyə başladıqda isə etiraf məktubu yazır: “Mənə dedilər ki, maksimum 19 il cəza alacaqsan. Amma məhkəmə mənə ömürlük həbs cəzası verdi”.

Qeyd edək ki, ötən ilin payızında Voloqdadakı ömürlük cəzaçəkmə müəssisəsində saxlanılan peşəkar qatilin əvvəllər müstəntiq işləmiş Viktoriya adlı qadınla nikah mərasimi keçirilib. Viktoriya ilə qiyabi tanışlıqları sonradan onları nikah masasına qədər aparıb.

Hazırda cütlük Mixaylovun daha yüngül cəza ilə həbsxanadan çıxmasına nail olmağa çalışırlar. (Virtualaz.org)