BAXCP Prezidentin struktur və kadr islahatları ilə bağlı addımlarını dəstəkləyir

12 Yanvar 2019 18:22 (UTC+04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını, xüsusilə də dövlət başçısının idarəçilik strukturunda aparılacaq islahatla bağlı fikirlərini təqdir edir və dəstəkləyir. Prezident İlham Əliyevin struktur islahatı ilə bağlı çıxışında yer alan istiqamətlər, mövcud vəziyyətin ətraflı şərh olunması və çıxış yollarının göstərilməsi sübuta yetirir ki, hökumətin bu islahatları həyata keçirməsi üçün iradəsi və konkret mexanizmləri var.

Bi sözləri BAXCP sədrinin müavini Elçin Mirzəbəyli partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Elçin Mirzəbəyli qeyd edib ki, dövlət başçısının struktur islahatları ilə bağlı səsləndiridyi fikirlər Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin və şübhəsiz ki, BAXCP-nin də bu məsələ ilə bağlı istəklərini ifadə edir: “Bütün bunlar sübuta yetirir ki, Azərbaycan hökuməti siyasi partiyalardan, vətəndaş cəmiyyəti institutlarından, bütövlükdə cəmiyyətdən gələn təkliflərə diqqətlə yanaşır.

Qeyd edim ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də Milli Məclisin plenar iclaslarındakı çıxışlarında idarəetmə strukturlarının saxlanılmasına külli miqdarda vəsaitlərin xərcləndiyini, bu xərclərin optimallaşdırılması üçün adıçəkilən strukturların daha çevik, daha modern hala gətirilməsinin vacibliyini vurğulayıb.

Bu gün dövlət idarəçilik sistemində bir çox istiqamətlər elektronlaşdırılıb, təmas minimuma endirilib. Vaxtilə 5 və daha çox insanın həyata keçiridiyi işi bu gün 1 nəfər və daha keyfiyyətli şəkildə icra edir. Həmçinin dövlət başçısının da qeyd etdiyi kimi, hazırda bir-birinə alternativ olan qurumlar var. Eyni sektorun ayrı-ayrı istiqamətləri üzrə fəaliyyət göstərsələr də nəticə etibarilə tamın bir hissəsi kimi, əksər hallarda isə ayrı-ayrı nazirlik və komitələrin tərkibində fəaliyyət göstərirlər. Bu halda onların fəaliyyətinin əlaqələndirilməsi prosesi ayrı-ayrı nazirlik və komitələrin fəaliyyətinin əlaqələndirilməsi müstəvisində həll olunur. Bu isə vaxt və maliyyə itkisi deməkdir. Onlar bir qurumda birləşsələr, fəaliyyətlərini koordinasiya etməyə ehtiyac qalmayacaq, çünki bir yerdə və daha çevik fəaliyyət göstərəcəklər. Bu baxımdan düşünürük ki, Prezidentin haqqında danışdığı struktur islahatları idarəetmə sistemində bu günə kimi özünü büruzə verən boşluqların və çatışmazlıqların aradan qaldırılmasına, daha çevik, eyni zamanda faydalı iş əmsalı yüksək olan, müasir çağırışlara cavab verən idarəetmə strukturunun formalaşmasına xidmət edir”.

BAXCP sədrinin müavini bildirib ki, həyata keçiriləcək struktur islahatları korrupsiyaya qarşı aparılan mübarizəni daha da sürətləndirəcək: “Hesab edirik ki, aparılan isalahatlar döllət qulluğunda çalışan şəxslərin əmək haqlarının - qanuni gəlirlərinin artmasına da yol acacaq. Bu, eyni zamanda korrupsiyaya qarşı mübarizənin effektivliyini də artıracaq. Doğrudur, dövlət qulluqçusunun gəlirlərinin arzuediləndən səviyyədə olmaması korrupsuyaya, yaxud hər hansı digər cinayət əməlinə haq qazandırmır. Amma bu amil də korrupsiyaya yol açan səbəblərdən biri hesab oluna bilər. Son dövrlərdə ayrı-ayrı icra və digər orqanlardan korrupsiyaya görə yüzlərlə şəxsin vəzifəsindən azad edilməsi, onların bir hissəsinin məsuliyyətə cəlb olunması da belə düşünməyə əsas verir”.

Elçin Mirzəbəyli qeyd edib ki, BAXCP Azərbaycan prezidentinin struktur və kadr islahatları ilə bağlı addımlarını dəstəkləyir və hesab edir ki, islahatlar daha da sürətləndirilməlidir.

AzNews.az