Yararsız adamların qəzeti və ya sadəcə “Alçaqlıq təşkilatı”

13 Yanvar 2019 13:39 (UTC+04:00)

Birinci cümləsindən anlaşılırdı ki, müəllifin bəhs etdiyi mövzuda bilgiləri kasaddır və ümumiyyətlə, mətbuat sahəsinin spesifikası xüsusunda heç nə kəsdirmir. Müəllif pafosun bütün elementlərindən istifadə etməklə, qərb qəzetlərinin redaksiyalarını az qala mətbuatın səcdəgah ünvanları kimi təqdim etməyə çalışmışdı. Yazılanları oxuduqca belə anlaşılırdı ki, Azərbaycan jurnalistləri hər səhər kompyuterin arxasına keçməmiş, məsələn, “Vaşinqton Post”u yaradanların ruhuna salavat zikr etməlidirlər…

Həmin gün öz profilimdə belə bir status paylaşdım: “Dünyanın heç bir yerində müstəqil mətbuat yoxdur. Dünən də olmayıb, sabah da olmayacaq. Ta yaranışından arxasında ya siyasi dairələr, ya biznes şəbəkəsi, ya da mafiyoz çevrələr dayanıb. BBC-dən tutmuş, “Vaşinqton Post”a, “Əl-Cəzirə”yə qədər bütün KİV nümunələrinin sahibi və ya sahibləri var”.

Hamam aksesuarları satanların marağı…

Bilmirəm kim deyib, amma dəqiq ifadədir: “Müstəqil mətbuat ancaq vakuumda mövcud ola bilər”. İngiliscə, almanca, fransızca yazılanlara tez-tez istinad edənlər də bilməlidirlər ki, inkişaf dərəcəsindən asılı olmayaraq dünyanın heç bir ölkəsində mətbuat orqanının asılılığı və tabeçiliyi olmadan uzun müddət mövcudluğunu qoruyub saxlaması mümkün deyil. BBC-ni də, “Guardian”ı da, “Vaşinqton Postu” da, “Nyu York Tayms”ı da nəhəng maliyyə şirkətlərinin maraqları idarə edir. Bu media orqanları heç vaxt azad olmayıblar, dərc etdikləri bütün materialların sifarişçisi olub, bu gün də əzəli qaydada fəaliyyət göstərirlər. Məsələn, hansısa ölkənin demokratiya səltənətinə çevrilməsi, ütü, fen, alt paltarları, hamam aksesurları kimi məhsulların onlayn satışı ilə məşğul olan “Amazon” şirkətinin nəyinə lazımdır? İndi deyəcəksiz ki, heç dəxli var? Var əlbəttə. Bu gün məqalələri az qala müqəddəs kitablarda yazılanlarla eyni tutulan “Vaşinqton Post” qəzeti həmin bu “Amazon” şirkətinə daxil olan çoxsaylı elementlərdən biridir. Əmin olun, Mehman Hüseynovun taleyenə göstərilən maraq, “Amazon”un sahibi, “Vaşinqton Post”un ağası, milyarder Ceff Bezosun heç topuğuna qədər də boy verə bilməz. Yazılırsa, deməli, sifarişçi belə istəyib. Deməli, arxasında başqa maraqlar var. Maraqlar isə çağdaş dünyada tez-tez dəyişir. Sabah maraqlar tələb eləsə, Şimali Koreya əhalisini yeriyən ölülər vəziyyətində saxlayıb, istədiyi adamı raketə bağlayaraq göyə “uçuran”, ağlagəlməz işgəncə növləri tətbiq etməklə məşhurlaşan Kim Çen Inı Nobel sülh mükafatına layiq bilərlər… Bu günə qədər dəfələrlə əldən-ələ keçmiş, bir maliyyəçinin nəzarətindən başqa bir maliyyəçinin himayəsinə transfer etmiş, qaynatadan kürəkənə, ondan da arvadına ötürülmüş, sonra satıla-satıla gəlib “Amazon” ailəsinə daxil olmuş “Başinqton Post”, Stilson Xatçinsin dövründə də kommersiya maraqlarından çıxıç edib, Con R.Maklinin nəzarətinə keçəndə də, Yucin Meyer tərəfindən himayə olunanda da. 1877-ci ildən üzü bəri siyasi oyunlarda istifadə olunan və bu vasitə ilə böyük pullar qazanmış bir qəzetin yalnız adı həşəmətli ola bilər – mahiyyəti belə deyil!

“Cəmiyyət üçün yararsız adamlar”ın qəzeti

Qərb mətbuatının, Avropa qəzetlərinin Azərbaycanla bağlı KİMLƏRİNSƏ NƏYƏSƏ GÖZ DİKMƏSİNDƏN dolayı demokratiya nağılları silsiləsindən məqalə dərc etməsini az qala şəxsi uğuru kimi təqdim edənlər, bəzən o qədər sevincək olurlar ki, bəhs etdikləri qəzetin hansı tip məlumatlarla işlədiyinin, mənsub olduğu ölkədə əslində hansı adla tanındığının fərqinə belə varmırlar. Məsələn, Əli Kərimli özünün Facebook səhifəsində Almaniyanın “Bild” qəzetinin Azərbaycana dair köhnə bayatılar üzərində qurulmuş məqaləsi barədə paylaşım edərək, adıçəkilən mətbu orqanın bir qədər qorxulu obrazını yaratmaq istəyib. Tanımayan, məlumatı olamayan bunu “yeyə” bilər. Amma “Bild”in tarixçəsindən xəbərdar olanlar söhbətin əslində Almaniyanın bulvar qəzetindən, sarı mətbuatın 1 nömrəli təmsilçisindən getdiyini dəqiq bilirlər…

…Onu da bilirlər ki, Aksel Şpinqer bu qəzeti yaradanda dünyaya ədalət gətirmək, qarşılığını güdmədən qalaq-qalaq pul xərcləyərək tərəqqipərvər bəşəriyyətə “ancaq həqiqəti yazan müstəqil və obyektiv qəzet” bəxş etmək kimi havalarda olmayıb. Genetikasının təsiri altında nəşriyyat işi ilə məşğul olan Aksel Şpinqer daha böyük məbləğlərdə qazanc əldə etmək məqsədilə kütlənin həvəslə oxuduğu “yüngül təbiətli” materiallardan ibarət tabloid buraxmaq qərarına gəlir və beləliklə bu gün Əli Kərimlinin istinad etdiyi “Bild” adlı bulvar qəzetinin təməli qoyulur. O qədər dezinformasiyalar yayır, yalanlar uydurur, şəxsi həyata müdaxilələr edirlər ki, Alman yazıçısı Maks Qoldt dilə gəlib, bu qəzetə layiq olduğu adı verir: “Alçaqlıq təşkilatı”. Bununla kifayətlənməyən Qoldt, “Bild”in əməkdaşlarını da “diqqətdən” kənarda qoymayıb, onları “cəmiyyət üçün yararsız adamlar” adlandırır. Yazıçının dəyərləndirməsi o qədər dəqiq olur ki, Almaniyanın ictimai-siyasi dairələri bu gün də Qoldtun “Bild”ə uyğun bildiyi epiteti keçərli sayır. Odur ki, “Bild” adlı SARILIQ heç bir yazısı ilə özünə hörmət edən siyasətçinin diqqətini cəlb etmir. Qəzetin fəaliyyəti bu gün də Almaniyada ciddi şəkildə tənqid olunur. Nə olsun tirajı milyonlarla ölçülür, bu, heç bir halda o demək deyil ki, “Bild” öz ölkəsində xüsusi çəkiyə və sanbala malikdir. Ona qalsa “Bozbaş Pikçers”in çəkdiyi filmlərin də Azərbaycanda milyonlarla tamaşaçısı var. Özünü tanıyan adamların “Bozbaş”ın çəkdiklərini ciddi ekran əsəri kimi qəbul etməsi mümkündürmü? Əlbəttə ki, yox!

Bulvar qəzetinin “ətəyi”…

Bizimkilərə fərq eləmir, yetər ki, Azərbaycanla bağlı haradasa nəsə yazılsın, o saat hamısı qol götürüb oynamağa başlayır. Hətta dünyanın ən axırıncı – “konçennıy” qəzetində də Azərbaycanın əleyhinə balaca bir qeydə rast gələndə, bunu, “Dünya rejimin üstünə gəlir” kimi əttökən təqdimatlarla paylaşırlar. Əsrin ilk illərində də belə yazır və yazdırırdılar, üstünən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, yenə də köhnə dalğadadırlar. Rəzillikdir!

Əli hər yerdən üzülmüş, cəmiyyətdən dəstək ala bilməyənlər indi “Bild” kimi qeyri-ciddi bulvar qəzetlərinin “ətəyindən” ikiəlli tutublar. Aralarından bir kimsə qabağa durub demir ki, a bəy, kürü mövzusu işlənib, effekti olmadı, yaxşısı budur Mehman kampaniyasında 15 gün dayanmadan camaatı küçələrə çağırmağına baxmayaraq, cəmiyyətin buna reaksiya verməməsindən danış. Cavab ver görək, günlərlə səhərdən axşama qədər müxtəlif Facebook səhifələrindəki canlı yayımlarda ölkə əhalisinə, “Ayağa qalxın” nidası ilə müraciətlər olunduğu halda, niyə görüb-görəcəyimiz 20-25 nəfər oldu? Hanı dəstək? Niyə ölkə vətəndaşları sizə inanmır? Nədən yaydığınız videomaterialların baxış sayı, ölkə əhalisini demirik, heç seçici sayının 1 faizi qədər də olmur? Bu qədər yalan danışmaqdan yorulmadızmı? Əgər dediyiniz kimi cəmiyyətdə çəkiniz varsa, sözünüzə qiymət verilirsə, onda niyə çağırışlarınıza əhəmiyyət verən olmadı? Əsl liderin bir çağırışı kifayət edərdi ki, küçələrə 100 minlər axışsın! Bəlkə dəstəyin olmamasının səbəblərindən biri də ermənipərəst mövqeyi heç kəsdə şübhə doğurmayan, Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarı, konqresmen Kristofer Smit kimi yaramazların dediklərini əşhədu sevinclə qarşılamağınızdır? Axı bu adamlar hakimiyyətə yox, xalqımıza nifrət edir, torpaqlarımızın işğal olunmasına haqq qazandırır, Azərbaycan dövlətinin zəifləməsinə, əl buyruğuna çevrilməsinə çalışırlar. Smit Helsinki Komissiyasına sədrlik edəndə də Azərbaycana düşmən münasibəti sərgiləyib, sonrakı dövrlərdə də. Torpaqlarımızın işğal olunmasına, azərbaycanlıların erməni vəhşiliklərinə məruz qalmasına, tarixi abidələrimizin darmadağın edilməsinə baxmayaraq, Helsinki Komissiyası bir dəfə də olsun Ermənistana qarşı hansısa sənədi, hansısa bəyanatı hazırlamayıb. Bu sizə nəsə demir?..

“Təkərə düşənlər”in ağzı aşağı yuvarlanması..

Deyiləsi sözlər, ünvanlanası suallar çoxdur. Amma təəssüf ki, illərdir nağıl dinləyənlər özlərində cəsarət tapıb rəzilliyin səbəblərindən söz sala bilmir – “təkərə düşüb” yuvarlana-yuvarlana ağzı aşağı gedirlər…

Məhz Azərbaycan əleyhinə fikir səsləndirdiyinə görə ermənipərəstin dediklərini şadyanalıqla qarşılayanlar, buyurub Paşinyanın da açıqlamalarına səhifələrində yer ayırsınlar. Erməni, ya erməniyə dəstək verənlər, nə fərqi var? Smit dünən Sarksayana dəstək verirdi, bu gün Paşinyandan yanadır. Odur ki, elə bir ciddi fərq yoxdur – erməni siyasətçilərini canlı yayımlara da qoşa bilərlər.

Qaynaq: https://nicatdaglar.wordpress.com/2019/01/13/yararsiz-adamlarin-q%C9%99zeti-v%C9%99-ya-sad%C9%99c%C9%99-alcaqliq-t%C9%99skilati/