“Avropadakı siyasi etirazlar bitsə...” - Vüqar Bayramovun 2019-cu il gözləntiləri

14 Yanvar 2019 11:06 (UTC+04:00)

İqtisadi ekspert Vüqar Bayramov bu il üçün daha aktual olan bir neçə iqtisadi məsələlər ilə bağlı sualları cavablandırıb.

AzNews.az ekspertin müsahibəsini təqdim edir.

- Bu il manatın məzənnəsi necə dəyişəcək?

- Ötən ilin yekunları göstərir ki, manatın məzənnəsinə neftin dünya bazar qiyməti və qeyri-neft ixracatımızdakı tərəfdaş ölkələrin milli valyutalarının kursu ilə yanaşı, idxalın həcmi birbaşa təsir göstərir. İdxalın artması dollara tələbi yüksəldir. 2018-ci ildə aylar üzrə dollara tələbin dəyişməsi dinamakasına diqqət yetirəndə əsasən idxal artan aylarda dollar alışı yüksəlib. İdxalın artması fonunda dollara tələb də artıb. Eyni zamanda idxalın artım dinamikası ilə büdcə xərcləmələri arasında da əlaqə var. Yəni, büdcədən çox xərcələnəndə, çox idxal olur və bu da dollara tələbi artırır. Çünki idxal etmək üçün dollar lazımdır. Bu il dövlət büdcəsindən 25 milyard 190 milyon manat xərcləmək nəzərdə tutulub. 2018-ci ildə büdcə xərcləri 21 milyard 047 milyon manat proqnozlaşdırılmışdı. Bu isə o deməkdir ki, büdcə xərcləmələri 2019-cu ildə ötən ilə nisbətən 17 faiz yüksək olacaq. Deməli, 2019-cu ildə neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq dollara tələb artacaq. Bunun əsas səbəbi isə bu il idxalın artacağı ilə bağlı gözləntilərdir. Belə ki, valyuta hərraclarında satılan xarici valyutanın 90 faizindən çoxu idxal məqsədi ilə istifadə olunur. Hazırda yığım məqsədi ilə dollar alanların sayı əvvəlki illər ilə müqayisədə azdır. Bu bir tərəfdən, dollarlaşma səviyyəsinin yüksək olması, yəni 2014-2016-cı illərdə yığımların əsasən dollarlaşması ilə bağlıdır. Digər tərəfdən isə, büdcə kanallarından kənar manat bazasının cüzi artması da dollara tələbi azaldır. Bütövlükdə, valyuta bazarında büdcə xərcləmələri, idxal və dollara tələb arasında kəskin korelasiya var və manatın kursu təhlil edilən zaman bu faktorlar nəzərə alınmalıdır. Təbii ki, bütün bu qiymətləndirmələr fonunda yenə də Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalır.

- Pensiyalar necə indeksasiya olunmalıdır?

- Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2.9 faiz artıb. Bu ayda pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Qeyd edim ki, 2018-ci ildən başlayaraq pensiya məbləği inflyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Əvvəllər də təklif etdiyim kimi, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. 2018-ci ildə orta aylıq əmək haqqının 3 faiz ətrafında artacağı gözlənilsə də, əhalinin gəlirləri 9.2 faiz artıb. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik. Əgər təklif etdiyim ki, pensiya əhalinin gəlirlərindəki artıma indeksasiya olunarsa, o zaman indeksasiya nəticəsində pensiyalarda artım 3 faiz deyil, 9 faizdən çox ola bilər.

- Avtomobillərin qiymətindəki artım davam edəcəkmi?

Öncədən bildirdiyimiz kimi, bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir. Avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazarda öz təsirini göstərməkdədir. Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9 faiz artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalmaqdadır. Qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır. Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir. Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq. Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər. Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyildi.

- Neftin dünya bazar qiyməti necə dəyişəcək?

- Brent markalı neftin bir barelinin yanvarın ilk 10 günündə dünya bazarında 60 dollardan baha satılması biznes dairələrində enerjinin qiymətlərinin daha da artacağına inam yaratsa da Kanadada neft quyularının sayının artması ilə bağlı açıqlama yenidən qiymətin azalmasına səbəb oldu. Neft bazarındakı tendensiya göstərir ki, OPEK-in cəhdlərinə baxmayaraq hələlik yüksək qiymətlər real deyil. Neftin qiyməti azalanda Şimali Amerikada şist neft hasil edən quyuların sayı azalsa da qiymətin 60 dolları keçməsi yenidən sözügedən istehsalı rentabelli edir və bu da yenidən təklifi artıraraq qiyməti azaldır. Digər tərəfdən də, 2019-ci il üçün qlobal iqtisadiyyat üçün proqnozlar nikbin deyil. Bu isə o deməkdir ki, xüsusi fors-major halları baş verməzsə, bu il neftin qiyməti yüksək olmayacaq.

- Avronun məzənnəsi necə dəyişəcək?

- Ötən ilin sonunda Avropa Birliyi büdcəsi ilə bağlı əldə edilən razilaşma avroya nəfəs versə də hələlik avrozonadakı təzyiq tam aradan qalxmayıb. Belə ki, Avropanın bir sıra aparıcı ölkələrindəki siyasi etirazlar avroya təzyiq yaratmaqda davam edir. Bununla belə, Avropa Mərkəzi Bankı 2019-cu ildə uçot stavkasına korrektələr etmək niyyətindədir. Bu isə o deməkdir ki, siyasi etirazlar sona yetdiyi halda yenidən avronun məzənnəsində möhkəmlənmə müşahidə edilə bilər. Digər tərəfdən, bu il qlobal valyuta bazarında volatilliyin yüksək olacağı da proqnozlaşdırılır.

AzNews.az