Nəsimi özündən sonra da zəngin bir irs qoyub

14 Yanvar 2019 11:16 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman digər bütün sferalar kimi ədəbiyyat sahəsini da diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına önəm verir. Ölkə başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı müvafiq qərar və sərəncamlar klassik ədəbiyyat nümayəndələrinin daha da tanıdılmasına xidmət edir.

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi də bu qəbil tədbirlərdəndir. Ölkə başçısının bu məsələ ilə bağlı imzaladığı rəsmi sərəncamda deyilir: “Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.”

Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olmuşdur. Şair ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, canlı xalq danışıq dili, fikrin sadə və anlaşıqlı ifadə olunması, məna rəngarəngliyi Nəsiminin şeir yaradıcılığının ana xəttini təşkil edir.

Bu səbəbdən Azərbaycan Milli Elmlər Akademiyasının əhəmiyyətli elmi müəssisələrindən olan Dilçilik İnstitutunun məhz İmadəddin Nəsiminin adını daşıması heç də təsadüfi deyil. 1973-cü ildən Nəsiminin adını daşıyan Dilçilik İnstitutunda dahi mütəfəkkirin həyatı, bədii yaradıcılığı, eləcə də onun Azərbaycan dilinin inkişafındakı xidmətlərinə dair çoxsaylı tədqiqatlar aparılmış, monoqrafiyalar yazılmış, dissertasiya işləri müdafiə olunmuşdur.

Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının incilərindən sayıla bilər. Nəsimiyə görə eşq yalnız Allaha olmalıdır. “Eşq ilə vasil olurlar tanrıya” deyən şair insanın yaradılışının mənbəyini eşqdə görür.

Nəsimi özündən sonra da zəngin bir irs qoyub gеtmişdir. Dahi şair daim humanist idеyaları təbliğ etmiş, şeirlərində insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamından söz açmışdır. Nəsimi yaradıcılığının bu xüsusiyyətləri növbəti şair nəslinin formalaşmasında mühüm rol oynamışdır. O, əsas etibarilə ana dilində yazıb yaratmaqla özündən sonra gələn azərbaycandilli şairlərin yetişməsi üçün zəmin yaratmış, bununla da XIV əsrdən sonra Azərbaycan ədəbi dilinin inkişafına məqsədyönlü istiqamət vermişdir.

Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə də şairin irsinin dərindən araşdırılması və təbliği aktual olmuşdur. Böyük mütəfəkkirin 600 illiyinin YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunduğu dövrdən etibarən Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır.

1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəlinin ucaldılması, 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin qeyd edilməsi, 2018-ci ilin sentyabrında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təşkili bu dahi insanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlərdəndir.

Cari ilin “Nəsimi ili” elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması, onun hazırkı dövrdə də aktuallıq kəsb edən ideyalarının təbliği baxımından böyük məna kəsb edir.

Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dissertant