Bu iki dövlət var olduqca... - Fazil Mustafa

14 Yanvar 2019 12:01 (UTC+04:00)

1991-ci il 18 oktyabr tarixində müstəqillik aktı qəbul edən Azərbaycan Respublikasını bir ay keçmədən, noyabrın 9-da tanıyan ilk dövlət Türkiyə oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı. Belə ki, bu tarixdə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərlə bağlı müqavilə imzalandı.

“Bu münasibətlərin qurulması təkcə Azərbaycanın seçimi deyil, bir reallıq mənasına gəlirdi. Çünki Azərbaycana ən yaxın, qardaş ölkə Türkiyə olduğuna görə, onunla əlaqələr bizim üçün çox önəmli idi. İllərin gedişatı da onu göstərdi ki, bu, özünü təsdiq edən bir reallıqdır. Türkiyə həqiqətən də bu 27 il ərzində qarşılıqlı olaraq hər hansı bir şəkildə Azərbaycanın maraqlarına zidd hansısa addımın atılmasında yer almadı, əksinə, Azərbaycanın problemlərinin gündəmə gətirilməsində ən başlıca ölkə oldu”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Fazil Mustafa dedi.

Onun sözlərinə görə, Azərbaycan da bütün platformalarda Türkiyəni müdafiə edən addımlar atmağa davam edib. Bu o deməkdir ki, o dövrdə qurulan əlaqələr təsadüfi xarakter daşımır, bunun tarixi kökləri var:

“Necə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Türk İslam Ordusunun xüsusi rolu vardı, Ordunun gəlişi ilə Bakı işğaldan azad olundu. Bu ənənə daha öncəki tarixlərdə də var idi. Xatırlayırsınızsa, Məmməd Əmin Rəsulzadə Nuru Paşanın gəlişi münasibətilə verdiyi ziyafətdə bildirib ki, 350 il öncə də Türk Ordusu Bakını işğaldan azad eləmişdi. Yəni bunlar artıq tarixdə təkrar olunan missiyadır".

F.Mustafa vurğuladı ki, diplomatik əlaqələrin qurulması hər iki dövlətin maraqlarına xidmət edən addım olub. Biz bir-birimizdən həm faydalanmışıq, həm də bir-birimizin çiləsinə şərik olmuşuq, sevincinə sevinmişik:

“Türkiyədə zəlzələ olanda ilk olaraq Azərbaycan təyarəsi heç icazə almadan kömək məqsədi ilə Türkiyə sərhədlərini keçib. Eləcə də Azərbaycanla bağlı hansısa problem olanda dərhal Türkiyəni yanımızda görmüşük. Hesab edirəm ki, bu iki dövlət var olduqca isti münasibətlər daim davam edəcəkdir. Əminəm ki, biz birlikdə bölgədə sülhün və əməkdaşlığın simvolu olan ölkələr kimi qalmaqda davam edəcəyik”.

Elgün Mənsimov
AzNews.az