Çökən yol niyə açılmır?

14 Yanvar 2019 14:10 (UTC+04:00)

“Nobel prospektində yolun çökməsi ilə bağlı aparılan araşdırma işlərinin artıq böyük əksəriyyəti başa çatıb. Hazırda georadarın nəticələrini gözləyirik. Hər şey onların təhlillərindən asılıdır”.

Bu sözləri “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, georadarın nəticələri bu həftə bəlli olacaq:

“Yalnız ondan sonra biz yolun çökməsinə səbəbi tam müəyyən edə biləcəyik. Artıq işlərin böyük əksəriyyəti yekunlaşıb. Hələ ki, yolun bir zolağı avtomobillərin hərəkəti üçün bağlı qalacaq. Çünki orada çox böyük həcmli işlər görülür”.

Qeyd edək ki, çökmənin səbəblərini müəyyən etmək üçün hazırda mütəxəssislər yerin 28-30 metr dərinliyində tədqiqat aparırlar.

Xatırladaq ki, yol yanvarın ilk günlərindən çöküb və həmin ərazi sözügedən tarixdən bağlıdır. Bu isə səhər saatlarında Nobel prospektində tıxaca səbəb olur.(qafqazinfo.az)

© AzNews.az