"Dəftərçəm" səhifəsini cibimdə qalan son 2 manatla yaratmışam, indi isə... - Gənc iş adamı

14 Yanvar 2019 14:30 (UTC+04:00)

“Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Dəftərçəm” markasının təsisçisi Mütəllim Əsgərovdur.

-Özünüzü təqdim edin, zəhmət olmasa.

-Mütəllim Əsgərov, 21 yaşım var. ADA Universiteti, Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıram, sonuncu kursam. Təhsilimi MBA ilə davam etdirməyi planlayıram.

-“Dəftərçəm” markasının yaratmaq hardan ağlınıza gəldi?

-"Dəftərçəm"dən əvvəl batırdığım və məni borc bataqlığına salan biznesimin verdiyi zərəri aradan qaldırmaq üçün günlərdir düşünürdüm. Dəri geyimləri çox sevirəm. Dəri gödəkçəmi geyindiyim günlərdən birində universitetin siqaret çəkmək üçün ayrılmış hissəsində dostumla görüşdüm. Mənə tapşırığını göstərdi. Müəllim ona güya Azərbaycan Xalq Cümhuriyyəti dövründə çapdan çıxan bir A4 formatında qəzet çıxartmağı tapşırmışdı. Dostum həmin qəzet parçasını çap etdikdən sonra çay suyunda isladaraq qurutmuş və ona köhnə görünüş vermişdi. Vərəqi əlimə aldım, bir anlıq gözüm gödəkçəmin dərisinə və onun fonunda köhnə vərəqə sataşdı. O an "dəftərçəm" ideyası beynimə gəldi. Və bunu dəyərləndirmək üçün heç gecikmədim, qısa zaman ərzində vərəqlərin gözəl qoxuması və əsl köhnə vərəqə bənzəməsi üçün onlarla yeni üsul yoxladım, ən yaxşılarını seçib işimi davam etdim, keyfiyyətli dəri ala biləcəyim satıcılar tapdım, dəri ilə işləməyi öyrəndim. Təbii ki, ilk başlarda çox çətin idi, amma bu işi sevmişdim.

-Neçə ildir fəaliyyət göstərirsiniz?

-Əslində tarixlərlə aram elə də yaxşı deyil, amma sağ olsun inkişaf etməkdə olan texnologiya, Facebook təxminən 4-5 ay əvvəl artıq "Memory"lər göndərməyə başladı, yəni təxmini 1 il 4-5 ay. Daha əvvəl də kiçik işlərim olmuşdu, amma ən uzun müddətlisi elə "Dəftərçəm"dir.

-Bildiyim qədər çatdırılma ilə özünüz məşğulsunuz, çətin olmurmu?

-Çatdırılma işin ən sıxıcı qismidir mənə görə. İşin başlanğıcında sifariş olmadığından bir neçə ay özüm işlədim. Zamanımın çoxunu xərclədiyim və düzgün marketing strategiyalarından istifadə etdiyim dövrlərdə isə kuryerlə işləmişəm. Mənə görə kuryerlik etməyim faydalı iş əmsalının məntiqinə ziddir, amma eyni zamanda dəftəri alanda müştərilərin ilk hisslərini görmək çox xoşdur. Bəzən müştərilər gözlənilməyən reaksiyalar verə bilir.

-Necə reaksiyalar?

-Məsələn açıb qoxlamaq, qucaqlamaq, sevələmək, "Ayy nə qəşəəngdir" tipli reaksiyalar.

-Problemli müştərilərlə üzləşmisiniz? Nə kimi problemlər yaradıblar?

-Ən böyük problemim hələ də öz əlifbamızdan ibarət klaviaturaya keçməyən müştərilərlə olur. Səhifəmdə əsasən iki növ dəftər satılır: Üzərində istənilən ad-şəkil çap olunan və dəri üzlüklü dəftərlər. Dəfələrlə müştərilərin ad yazılışında klaviatura yoxluğuna görə etdiyi səhvlərdən dolayı dəftəri yenidən hazırlamalı olmuşuq. Bunun aşağılayıcı kimi qəbul olunmasını istəmərəm, amma bu işə başladıqdan sonra həm də vətəndaşların intellektual səviyyəsi ilə tanış olmuşam. Müştərilərin çox vaxtımı alması, bəzən sıxıcı və bezdirici olmaları məni elə də əsəbiləşdirmir. Amma millətimin adi yazı qaydalarında səhvə yol verməsi, danışıqda bəzi etik qaydaları gözləməməsi bəzən məni məyus edir.

-Dəftərləri hardan alırsınız? Necə hazırlayırsınız?

-Dəftərləri almıram. Xüsusi olmalarının da səbəbi budur. Dəftər bir neçə prosesdən keçir və sıfırdan hazırlanır. Əsasən İran və Türkiyə istehsalı olan əsl dərilər alınır, dəftərlərin ölçülərinə görə kəsilir və deşilir. Amma işin ən çətin tərəfi vərəqlərin hazırlanmasıdır. Hər bir vərəq ayrılıqda fərqli kofe, rəng və ətirlərin qarışığı olan isti mayedə isladılır və qurudulması üçün sobaya qoyulur. Hazır olan vərəqlər düzləşməsi üçün məngənədə sıxılır. Bir gün sonra isə deşilir və dərilərə tikilir.

-“Dəftərçəm”dən qazandığınız məbləğlə öz maddi tələbatınızı ödəyə bilirsinizmi?

-"Dəftərçəm" aktiv olduğu gündən bu yana köhnə biznesimdə yaranan borcları, gündəlik xərclərimi, bir də yay məktəbimin ödənişini qarşılamışam. Düzdür, bu işlə milyoner olmayacağını bilirəm, amma hazırkı vəziyyət üçün ən yaxşı seçimdir.

-Həm oxuyub, həm öz markanı yaratmaq çətin deyilmi?

-Düşünürəm ki, 17 yaş universitet seçimi etmək üçün heç də uyğun yaş deyil və orta təhsil 12 ilə qaldırılmalıdır. Beynəlxalq münasibətləri seçdiyim üçün uzun müddət özümü qınamışam. Çünki biznesə olan marağım dərslərə olan həvəsimi öldürürdü. Sonra dərsləri öz lehimə necə istifadə edəcəyimi öyrəndim. Keçdiyim sosiologiya, fəlsəfə, iqtisadiyyat, data analiz dərslərinə daha çox zaman ayırıb özümü inkişaf etdirdim. Amma aydındır ki, fakültəm bizness idarəsindən çox fərqlidir, buna görə də təhsilimdə olan boşluqları MBA ilə doldurmağı düşünürəm. İşimin və dərslərin eyni vaxtda olduğu zaman aralığında işləri spesifik günlərə salmağa çalışırdım, məsələn ancaq həftədə iki gün işləyirdim və həftə sonu çatdırılma edirdim. Təbii ki, çətinliklər olurdu, amma çətinliklər və səhvlər mənə görə ən yaxşı müəllimlərimizdir. Şəxsiyyətimiz də əzələlərimiz kimidir, onu ağırlıqla sınamasanız, güclənməyəcək. Bütün gün kitab oxuyan və ortalaması 95-dən aşağı düşməyən gəncləri görürəm. Məsləhətim odur ki, oturduğunuz otağın qapısını açıb ordan çıxın və nəsə edin, çətinə düşün, səhv edin, cəzasını çəkin, amma nəsə edin. Çünki özünüzü əlinizdəki kitablarda kifayət qədər oxumusunuz, indi görmək vaxtıdır.

-Yeni planlarınız varmı? Varsa, nələrdir?

-Yeni planlarım "Dəftərçəm" markasının adının dəyişdirilməsi ilə başlayır. Yeni ad "Co-Libro" olacaq. Latıncadan "dəri" və "dəftərçə" sözlərinin birləşməsidir. Qurduğum yeni SMM komandası ilə daha professional işlər görəcəyik. Artıq dəftərlərin forması və rənglərinə görə daha çox çeşidlənməsi olacaq. Yəni həm məhsulun keyfiyyətini, həm də onun təqdimatını yaxşılaşdırmağı planlayıram və qısa müddətdə müştərilər səhifədəki dəyişikliyi görə bilərlər.

-Gənclərə nələr demək istərdiniz?

-Gənclərə bir neçə qayda və motivasiyaedici fakt deyə bilərəm. İlk öncə bazarı araşdırmağa çox zaman ayırın, potensial rəqiblər və müştəri kütləsi, rəqiblərdəki qiymət aralığı, təxmini sifarişlərinin sayı, bacardıqca çox məlumat toplayıb və analitik düşünün. Rəqabətdən çəkinməyin, bu bazar iqtisadiyyatında ən normal şeydir. Əgər başlamaq işlədiyiniz iş bütün araşdırmalardan sonra hələ də məntiqlidirsə, borc götürərək başlamaqdan çəkinməyin. Mən "Dəftərçəm" səhifəsini cibimdə qalan son 2 manatla yaratmışam. Bir həftə işin normal olduğunu gördükdə isə maya dəyərini azaltmaq üçün 300 azn borc götürərək işimi davam etdirmişəm. Pulunuzu düzgün xərcləyin, aylıq qeydlər tutmağı unutmayın. Reklam büdcəsi ayırın. Hər şeydən əvvəl əgər işiniz internet üzərindədirsə, özünüzü kiçik bir SMM komandası kimi formalaşdırın, çünki başlarda belə komandalara pul xərcləyə bilməyəcəksiniz. Araşdırmaq ilk nömrəli işiniz olsun. SMM barədə Azərbaycanca məlumat çox azdır, türk, rus və ingilis dillərini yoxlayın. Ən önəmli şey isə bunları edərkən bezməməkdir, səbrli olun. İlk bir neçə ay sifarişlərin az olması, işinizin kasad olması normaldır, düzgün reklam strategiyaları ilə zamanla bazarda tanınacaqsınız.

Nigar CƏFƏR

AzNews.az