Tanınmış saatsaza qarşı dələduzluq edən şəxs kimdir? - Məhkəmə işi

15 Yanvar 2019 10:03 (UTC+04:00)

Bakıda dələduzluqda təqsirləndirilən Rzamin Həşimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzNews.az xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüsal Qurbanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən aparılan araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşı Həşimov Rzamin Rza oğlunun özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək əlaqəsində olan şəxslərlə birlikdə Fətəliyev Hacı Fətəli oğlu, Əmənov Faiq Mətləb oğlu və digər vətəndaşların maddi vəsaitlərinin ələ keçirilməsi istiqamətində cinayət əməlləri törətməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə R.Həşimovun qeyd olunan əməlləri müfəssəl qeydə alınıb.

O, həmin cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. R.Həşimov saxlanılarkən üzərində xüsusi vasitə olan əl qandalı daşıdığı müəyyən olunub.

Məlum olub ki, R.Həşimov əvvəllər də özünü vəzifəli şəxs kimi təqdim edərək törətdiyi cinayət əməllərinə görə 29 yanvar 2008-ci il və 13 fevral 2013-cü il tarixli məhkəmə hökmləri ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub.

Faktla bağlı aparılan cinayət işi üzrə məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə R.Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, tutulan şəxsin əməllərindən zərərçəkənlərdən biri tanınmış saatsaz Hacı Fətəliyevdir.

Bu barədə açıqlama verən H. Fətəliyev qeyd edib ki, DTX tərəfindən tutulan Rzamin Həşimov bir neçə ay əvvəl ondan dələduzluq yolu ilə 7500 manat pul alıb: “Rzamin mənə dedi ki, təhlükəsizlik orqanlarında çalışır və mayor rütbəsi daşıyır. Mənim balaca övladımı işə düzəltmək üçün 15 min pul istədi. Ona başlanğıc üçün 7500 verdim. Pulun qalan hissəsini isə işi düzəldəndən sonra verəcəkdim. Sonradan öyrəndim ki, bu adam dələduzdur. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdim. Sağ olsunlar, hadisəyə hüquqi qiymət verdilər. Mənə dəymiş ziyanı da ödəyiblər”.

Azər
AzNews.az