Avtomobillə vurulub yol kənarına atılan yeniyetmənin qohumları danışdı - VİDEO

15 Yanvar 2019 14:37 (UTC+04:00)

Üzü şəhər istiqamətində hərəkətdə olan minik avtomobili yolun bir tərəfindən digərinə keçməyə çalışan Sabunçu qəsəbə sakini, 18 yaşlı İntiqam Məmmədov vurub.

Qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib.

Amma sürücü hadisə yerindən təqribən 5 km kənarlaşandan sonra piyadanı maşından düşürüb. Huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Amaliya Məmmədova – yaralının anası: “Gecə-gündüz bütün Kürdəxanı əhalisi, qohumlarım qəristanlığı, zibillikləri axtardıq”.

Səfiyar Şəmilov – qohumu: “Fikirləşdik ki, aparıb evinə qıraqdan həkim gətirib orada ona baxdırır. Xəstənin vəziyyəti stabilləşəndə harasa məlumat verəcək. Gecə saat 03:00-dək hadisə olan yerə təqribən 5 dəfə gedib gəlmişik”.

Gəncin yaxınları ümidini üzsə də polis axtarışlarını dayandırmayıb, təqribən 24 saat sonra İntiqam Məmmədov tapılaraq Sabunçu Rayon Xəstəxanasına çatdırılıb. Ağır yaralı halda olan yeniyetmə dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, gənc köməksiz vəziyyətdə qaldığına görə xeyli qan itirib. Bu səbəbdən də hazırda vəziyyəti ağır qiymətlədirilir.

Ərazidəki müşahidə kameralarının da köməkliyi ilə hadisədə şüphəli bilinən sürücünün tapılması prossesi çox çəkməyib. Yerli polis bölməsi ilə, Bakı Şəhər Baş Polis İdarəsinin birgə əməliyyatı nəticəsində piyadanı vuran şəxs, Sabunçu rayon sakini Eldar Əliyev saxlanılıb.

Hazırda cinayət işi davam etdirilir. (ARB TV)

AzNews.az