“Bəzən məmur olduğumu deməyə utanıram” - Peskov

16 Yanvar 2019 13:17 (UTC+04:00)

Bəzən insan düşünülməmiş bir sözə görə təqiblərə məruz qalır.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib.

D.Peskov insanları vecinə almayan məmurları tənqid etməyin vacibliyini qeyd edib. “Bizdə elə insanlar var ki, ölkə üçün çox işlər görürlər, ancaq öz fikirlərini ifadə etməyi bacarmırlar. Cəmiyyətdə isə başqasının dediklərinə tolerant yanaşma yoxdur. Bəzən bir düşünülməmiş söz təqiblərə səbəb olur. Bu, mənim heç xoşuma gəlmir. Elə məmurlar var ki, insanları veclərinə almırlar. Onları tənqid etmək lazımdır. Lakin bizdə yaxşılar da, pislər də ictimai qınağa məruz qalır”, - deyə Kremlin sözçüsü bildirib.

Mətbuat katibi deyib: “Bizim ölkədə, ümumiyyətlə, məmurlara böhtan atmaq adəti var. Bəzən deyirlər ki, guya bütün məmurlar oğru, pozğun və sairdirlər. Məsələn, mən hələ Sovet İttifaqı illərindən məmur işləyirəm. 1990-cı illərdə birtəhər dolanmaq üçün Türkiyədən maşın gətirib satırdım. Yük maşınlarının sürücüləri ilə iki gün yollarda olurdum. O zaman yollarda banditlər dayanırdı, Bryansk meşələrində silahlı adamlar gizlənirdilər. Mən bütün bunlardan keçmişəm...”.

D.Peskov vurğulayıb ki, bütün məmurlara eyni yanaşmaq düzgün deyil. “Rusiyada böyük məmur ordusu var. Bəzən adama elə gəlir ki, onların sayı həddindən artıqdır. Təəssüf ki, bu, Rusiya dövlətinin əzəli problemidir. Cəmiyyət düzgün olaraq lovğalığa, cah-cəlala meyilliliyə tamamilə dözülməz münasibət bəsləyir. Lakin məmurların əksəriyyəti ölkənin rifahı naminə fədakarlıqla çalışır, heç bir korrupsiya halında əli yoxdur. Ancaq cəmiyyətin onlara münasibəti elədir ki, mən bəzən məmur olduğumu deməyə utanıram. Nifrət aşıb daşır”, - deyə o bildirib.

“Vladimir Putin sizi hər hansı səhvinizə görə danlayıbmı” sualına cavab verən D.Peskov belə halların da olduğunu təsdiqləyib: “Səhvlərdən sığortalanmaq üçün mətbuat katibinin bir yolu var: susmaq. Onda mətbuat katibi nə üçün lazımdır?”.(AZƏRTAC)

© AzNews.az