"Biz hamımız birgə qazanmağa, birgə itirməyə məhkumuq"- İqbal Ağazadə "Yaxın plan"da

17 Yanvar 2019 15:13 (UTC+04:00)

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz "Ümid" partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadədir.

- İqbal bəy, layihəmizin adı “Yaxın Plan” olduğu üçün ordan başlayaq ki, sizin özünüzün yaxın planda hansı işləriniz var?

- Yaxın planda cari işlərimiz var. Ona görə də hər gün yeni bir cari iş çıxır. Bu işlərlə məşğuluq.

- Cari iş deyəndə partiyanın daxili işlərini nəzərdə tutursunuz?

- Partiyanın da, şəxsən özümüzün də cari işlərimiz olur. Hər şey strategiya ilə olur. Bəzən strategiyanı biz yazmırıq, onu Allah bizdən çox-çox əvvəl yazır. Biz dünyaya gəlmişik, bir missiyamız var. Həm Allahın üzərimizə qoyduğu missiyalar, həm də özümüzün zaman-zaman fəaliyyətimizdən dolayı missiyalarımız var. Bu missiyaları yerinə yetirəcəyik.

- O zaman plan söhbətini bir az uzadaq. Məsələn, vaxtı ilə iki dəfə prezidentliyə namizəd olmusunuz, bir zamanlar Milli Məclisə mandat qazanmısınız. Bu istiqamətdə nə kimi planlarınız var?

- Azərbaycanın demokratikləşməsi üçün çalışırıq. Biz Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması, prinsiplərin və dəyərlərin qorunması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması, yeni müstəvidə münasibətlər sisteminin yaradılması üçün çalışırıq. Və həm də vəzifəmiz seçkilərdə iştirak etməkdir. Sıralarımızda kifayət qədər iddialı insanlar cəmləşib. Onlar təbii ki, həm parlament, həm də bələdiyyə seçkilərində iştirak edəcəklər. Qismət olacaqsa, prezident seçkilərində də iştirak edəcəklər. Bilirsiniz ki, növbəti prezident seçkiləri hələ 2025-ci ildə aprel ayının 3-cü həftəsində nəzərdə tutulub. Amma qarşıdan bələdiyyə seçkiləri gəlir. Gələn il parlament seçkiləri olacaq. Çalışırıq ki, bu istiqamətdə iddialı namizədlərimiz həm cəmiyyətin demokratikləşməsi üçün, həm də özlərinin iddialarını təmin etmək üçün iştirak etsinlər. Partiya belə bir yerdir, onun uzağı, yaxını olmur. Partiya üçün hər gün işdir, hər gün plandır. Siyasət yaxın və uzaq planlardan ibarətdir. Siyasətin xammalı insandır. Hər gün insanlarla işləyirik. Hər gün yeni üzvlərin cəlb olunması üçün çalışırıq və s. Ona görə də hesab edirəm ki, partiyada yaxın, uzaq perspektiv bununla ölçülür. Bir də təbii ki, həyatda olduğu kimi siyasətdə də fors-majorlar olur. Çalışaq ki, Azərbaycan üçün fors major olmasın.

- Partiyaların öz problemləri var. Bəzən isə görürsən ki, müxalifət partiyaları birləşmək istəyir, amma birləşə bilmirlər. Niyə birləşə bilmirlər?

- Vaqif Səmədoğlunun bir sözü var. Deyir: “Səninlə bir qatarda getmək olar, ömür yolu getmək olmaz”. Görünür, qatarda getməyə uyğun hesab edirlər, ömür yolu gedə bilmirlər. Təbii ki, birləşməyimiz çətin məsələdir. İddialardan əl çəkmək, iddialarından çəkinmək və güzəştə getmək. Bunlar hər insana nəsib olan, hər insanın bacardığı keyfiyyətlər deyil. Bir az geri durmağı bacaran, bu proseslərdə təbii ki, çox az adam var. Partiyalar birləşmək istəmir. Birgə mübarizə aparmaq istəyir. Birləşmək istəsə, partiya yaratmazlar. Onun da çətinlikləri var. Ona görə də bir az çətin alınır. Bəzən siyasi münasibətlər sistemini düzgün dərk etmirlər, şəxsi münasibətləri siyasi sistemə gətirirlər. Hesab edirlər ki, daha çox şəxsi müstəvidən boylanmaq problemi yaranır. İnsanlar bir-birini sevməyə bilər, bir-birindən xoşu gəlməyə, bir-birini bəyənməyə bilər. Ancaq bir yerdə işləməyə, bir yerdə yaşamağa, hətta bir yerdə yol getməyə məhkum olursan. Biz bu gün bir otaqda oturmağa məhkumuq. Sizin vəzifəniz məndən bir siyasətçi kimi müsahibə almaqdı, mənim də işim sizin suallarınıza cavab verməkdi. Ey vallah, siz məni sevməyə bilərsiniz, amma bu, sizin vəzifənizdir. Cəmiyyət də belədir, siyasət strukturları da belədir. Vəzifələrini düzgün anlamalıdırlar. Bizim cəmiyyətdə bu problemlər var. İqtidarda da var bu problem, müxalifətdə də var. Hər şeyə şəxsi pəncərələrindən boylanırlar. Hər şeyə şəxsi xarakter və düşüncələrindən yanaşırlar. Bəzən bunlar ictimai, siyasi fonda milli fəsadlar törədir. Bunların qarşısını almaq üçün insanlar geri çəkilməyi və məqsədlərini doğru-dürüst dərk etməyi bacarmalıdırlar. Təəssüf ki, bizim ritorikalarımız korlanıb. Kim hansı cəbhədədirsə, o cəbhənin ən yaxşısı olmaq üçün ən pis ritorikanı seçir. Nə iqtidar siyasətini müdafiə etməyin yolu söyüş söyməkdi, nə də müxalifətçiliyin göstəricisi hakimiyyəti söyməkdir. Çox təəssüf ki, bu, bəzən ictimai-siyasi münasibətlər sistemini zədələmə mərhələsindən çıxaraq vərdiş halını alır. Bu da ciddi qarşıdurmalara gətirib çıxarır. Cəmiyyətdə ritorika harmoniyası pozulur. Bu yerdə hökmən qarşıdurmalar, nifaq, düşmənçiliklər işə düşür. Siyasətdə ritorika korlananda hökmən vətəndaş sülhünün, cəmiyyətin nizamının pozulması gəlir onun ardınca. Çox təəssüf ki, buna doğru gedirik. Azərbaycan sevgisi söyüşdən, qarşıdurmadan keçmir. Bunu hər kəs anlamalıdır. Biz də həbsxana görmüşük, işgəncələr görmüşük, doğmalarımız da həbs olunub, amma heç vaxt qırmızı xətti keçən münasibətlər sistemini zədələyən və onunla da gələcəkdə hər hansı mesaj verib cəmiyyəti onun üzərində kökləyən ifadə və ibarələrdən istifadə etməmişik.

- Bəlkə isimləri konkretləşdirək?

- Mən ad çəkmək istəmirəm. Hər tərəfdə bu cür adamlar var. Heç birinin Azərbaycan sevgisinə aidiyyatı yoxdur. Amma, məsələn, o deputatın dediyi biabırçılıqdır. Qadını, ölmüş ananı təhqir edərlərmi? Sadəcə iqtidardan, müxalifət düşərgəsindən, ictimai-siyasi fəallardan kim bu siyasəti aparırsa, onun sevgisi Azərbaycana deyil, bunu bilsin. Çünki Azərbaycan sevgisi olan yerdə barış olmalıdır, Azərbaycan sevgisi olan yerdə qucaq açmaq olmalıdır, Azərbaycan sevgisi olan yerdə güzəştə getmək olmalıdır, hətta bəzən maraqlarından keçmək olmalıdır. Azadlıq təkcə istədiyini etmək deyil, azadlıq başqasının azadlığı başlanılan yerdə öz azadlığından keçmək qabiliyyətidir. Azadlıq, demokratiya budur. Demokratiya "mən nə istəyirəm o olsun" demək deyil. Mən "hansı ifadəni istəyirəmsə, səsləndirə bilərəm" demək deyil. Mənə gücləri çatmırsa, mən uzaqdayamsa, kimsə pis oldu deyə, sən də dur mədəniyyətdə, etik normalarda nə pis varsa, hamısını səsləndir. Nə dəyişir bununla? Hər kəs bunun fərqində olmalıdır. Fərqində olmalıdır ki, bu tip yanaşmalarla dövlətimizin gələcəyinə ciddi şəkildə ziyan dəyir. Yeni nəsil siyasətə gələndə, baxıb bizdən nə öyrənəcək?

- Bu cür hadisələr antimilli qüvvələr tərəfindən törədilir. Xaricdə də, bizdə də təəssüf ki, küçələrdə söyüş dili ilə danışanlar var. Təəssüf ki, radikal müxalifət bəzi hallarda onların tərəfində olur.

- Mən radikal, konstruktiv müxalifət kimi anlayışları qəbul etmirəm. Radikallığın dünyada elementləri var. Kim əlinə silah alıb döyüşür ki? Hə, kim radikallığı söyüşdə hesab edirsə, kim söyüş söyürsə, o, radikaldır. Bu, tərbiyəsizlikdir, radikallığın buna heç bir aidiyyatı yoxdur. Mən hakimiyyətin siyasətini kəskin sürətdə tənqid edirəm. Lakin ədəb çərçivəsində, dilimizə, mədəniyyətimizə, həmçinin özümün tərbiyəmə uyğun şəkildə tənqid edirəm. Bunun üçün söyməyə ehtiyac yoxdur. Hə, söymək radikallıq hesab olunursa, ey vallah. Bağışlayın, onun adını düzgün yazın, bu, ədəbsizlikdir.

- Keçən ilin axırlarına yaxın “Səni deyirlər” trendi yaşandı. Siz də partiyanızın qarşısında qoşuldunuz həmin trendə, dəstəklədiniz. Bu cür trendlər nə vəd edir yaxın planda?

- Mən orda bəzi şərhlərə rast gəldim. Bəziləri, hətta ironik fikirlər də yazmışdı, amma bir şeydə ki, pozitivlik var, insan gülürsə, oynayırsa, ona qarşı niyə irad bildirəsən? Bu, Güneyin trendi idi. Mən Güney sevdalısıyam, bunu da heç vaxt gizlətməmişəm. Azərbaycan torpaqlarının bölündüyünün fərqindəyəm. Gülüstan sülh müqaviləsi 1813-cü, Türkmənçay müqaviləsi 1828-ci ildə bizi böldü. Nə vaxt birləşəcəyimizi demək çətindir. Amma ən azı güney də, quzey də bilir ki, bu vətən bütöv Azərbaycandır, sadəcə parçalanıb. Tarixin gedişatı, regionda baş verənlər yəqin ki, güneydə yaşayanların da ən azı insan kimi milli haqlarını özlərinə tanıtdıracaq. Güneylilər nəyi seçəcəksə, quzeylilər onların yanında olacaq.

- Bir az da beynəlxalq mövzulara müraciət edək. Bildiyiniz kimi, Ermənistanda Nikol Paşinyan baş nazir seçildi. O, seçiləndən sonra siyasi dairələrdə belə bir fikir yarandı ki, 2019-cu il həm də Qarabağın Azərbaycana qaytarılması kimi yadda qala bilər. Bəs siz necə fikirləşirsiniz, Paşinyan hakimiyyəti bunu edəcəkmi?

- Paşinyan ona görə hakimiyyətə gəlib ki, erməni xalqının mənafeyini müdafiə etsin. Onun bizim qarşımızda heç bir öhdəliyi yoxdur. Çox təəssüf ki, bəziləri düşünür ki, Paşinyan bu mövzu ilə bağlı addım atacaq. Paşinyan bütün gücü ilə çalışacaq ki, erməni xalqı içərisində bir siyasətçi olaraq reytinqi güclü olsun. Bunun üçün də indiyə kimi əldə etdiklərini qanuni, qeyri-qanuni, silahlı yollarla əlində saxlasın. Ona görə də hesab etmirəm ki, Paşinyanın sayəsində Ermənistan-Azərbaycan cəbhəsində bu və ya digər şəkildə ciddi bir irəliləyiş olacaq. Heç bir irəliləyişdən söhbət gedə bilməz.

- Bəs Rusiya faktoru?

- Rusiya faktoru Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması istiqamətində müsbət mesajlar verməyəcək, müsbət dinamikanın yaranmasına çalışmayacaq. Torpaqlarımızın 20%-i işğal olunub, torpaqlarımızda at oynadırlar. Torpaqlarımızı ya zəlzələdən, ya vəlvələdən geri ala bilmirik. Ucuz təbliğat üsullarından imtina etməliyik. Biz millət kimi, dövlət kimi papağımızı qarşımıza qoyub itirdiklərimizi necə qaytaracağımızı düşünməliyik. Bu torpaq iqtidarın deyil, bu torpaq müxalifətin də deyil, bu torpaq Azərbaycan xalqınındır. O cəmiyyətin palitrasında müxalifət də var, iqtidar da. Heç kəs düşünməsin ki, sel gələndə filankəsi aparacaq, mənə dəyməyəcək. Elə şey yoxdur. Vətəndaş qarşıdurmasında da, cəmiyyətin nizamının pozulmasında da, xaosda da, Ermənistan-Azərbaycan cəbhəsində də biz hamımız birgə qazanmağa, birgə itirməyə məhkumuq. Çünki biz bir cəmiyyətin nümayəndələriyik. Bunun fərqində olmasaq, çox pis dövrə gəlib çıxacağıq. Biz bunu düşünməliyik ki, bu dərddən, bu bəladan necə qurtaraq ki, birlikdə demokratik islahatları necə keçirək ki, sabah danışıqlar zamanı Ermənistana yox, bizə üstünlük versinlər? Danışıqlar, islahatlar deyən kimi hamı elə düşünür ki, sən yerindən düş, mən oturacam, elə deyil. Cəmiyyət yumşaldıqca, daha çox qazanan iqtidar olacaq. Daha çox faydanı hakimiyyət götürəcək. Çünki siyasəti reallaşdıran onlardır.

- ABŞ-Türkiyə məsələsinə gələk. Suriyada vəziyyətdən xəbərdarsınız. Sizcə Türkiyənin maraqları təmin olunacaqmı? Terroristləri təmizləyə biləcəkmi?

- Əslində ABŞ regionda Türkiyəni proseslərlə baş-başa buraxmaqla bir məqsədi gerçəkləşdirməyə çalışır. Suriyada ABŞ-la Rusiyanın maraqları toqquşur. Həmin proseslərdə Türkiyə və Rusiya yaxınlığı kifayət qədər ciddi idi. ABŞ regiondan çəkilir, Türkiyənin maraqları daxil olur. Həm YPG istiqamətində, həm PKK istiqamətində Türkiyənin maraqları var. Onların həm regionda terror aktları həyata keçirməsi, həm də dövlət qurmaq iddiasına qarşı Türkiyə açıq mübarizə aparır.

- Bəs, bu vəziyyətdə Rusiyanı nə gözləyir?

- Rusiya ilə Türkiyənin maraqları toqquşacaq. Yaxınlaşan Rusiya-Türkiyə münasibətləri yenidən uzaqlaşacaq. Bu da bir siyasətdir.

- Hazırkı durumda Türkiyə nə etməlidir?

- Türkiyə strategiyasını doğru seçməlidir. Mən ABŞ-ın Suriyadan çıxması ilə bağlı qərarını Türkiyə üçün effektiv hesab etmirəm. Əksinə Türkiyə-Rusiya münasibətləri bu və ya digər şəkildə gərginləşəcək. Nəzərə alaq ki, İran da bu və ya digər şəkildə həmin regiona iddia edir. Bəlli bir təzyiq qrupları var orda. İranın da Türkiyə ilə maraqları Suriya məsələsində toqquşur və İran Rusiya ilə paralel xətt aparır. Demək Türkiyənin həm də İranla münasibətləri gərginləşə bilər. Bu gün YPG-ni dəstəkləyən başqa Qərb dövlətləri də var. Həmin dövlətlərin də maraqları Türkiyə ilə üst-üstə düşməyəcək və Türkiyə öz münasibətlərini onlarla yenidən zədələyəcək. Ona görə Türkiyə ABŞ-ın ordan çıxması ilə böyük bir labirintə düşüb. O labirint, Allah eləsin ki, Türkiyə üçün uğurlu alınsın.

- İrandan söz düşmüşkən, ABŞ onlara sanksiya tətbiq edir. Həmin sanksiyaların təsiri necə olacaq?

- İrana sanksiyalar yumşaq sanksiyalardır, sərt sanksiyalar deyil. Bəlli ölkələr var ki, İran neftini ala bilir. İran neftini satıb əvəzinə ərzaq məhsulları ala bilir. Açığını deyim ki, ABŞ İranla fərqli dildə danışır, cəmiyyətə verdiyi mesaj isə fərqlidir. Ona də görə də, orada münasibətlərin kəskinləşəcəyini hələ güman etmirəm.

- ABŞ prezidenti Donald Trampın ölkədəki nüfuzu ilə bağlı nə deyə bilərsiniz? İmpiçment ola bilərmi?

- ABŞ-da məsələ belədir ki, prezidentin təsir gücü bir yerə qədərdir. Bəlli nöqtəni keçərsə, dövlət maraqları zədələnərsə, impiçment mexanizmi də işə düşə bilər, prezidentin vəzifədən kənarlaşdırılması da baş verə bilər. Hələlik Trampın siyasəti ABŞ-ın maraqlarına zərər vurmur. Zərər vurarsa, bu sistem işə düşəcək. Hələlik aşağı-yuxarı ABŞ-ın maraqlarını Tramp təmsil edə bilir.

Pərvanə Ağazadə

AzNews.az