Sabiq nazirin qardaşının məhkəməsi - Şahidlər dindirildi

16 Yanvar 2019 16:00 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vasif İsmayılov ifadə verib.

Bu şahidin adı cinayət işində "Hacı Vasif" kimi keçir.

V.İsmayılov təqsirləndirilən şəxsi çoxdan tanıdığını, onunla aralarında yaxın münasibətlərin olduğunu bildirib.

O, Ə.Əhmədovla Həcc ziyarətində olduğunu da söyləyib.

V.İsmayılov qeyd edib ki, bu işlə bağlı ona zərərçəkmiş R.Tahirovun tanışı Habil adlı şəxs zəng edib: "O, Rəşadın Əvəz Əhmədova pul borclu olduğunu dedi. Məndən xahiş elədi ki, Əvəz müəllimlə görüşək və ondan vaxt verməsini istəyək. Razılaşdım və Əvəz müəllimə zəng elədim. O da bizi görüşə çağırdı. Mən, Habil, Rəşad görüşə getdik. Normal söhbət oldu, çay içib danışdıq. Habil pulu ödəmək üçün vaxt verilməsini istədi. Əvəz müəllim "yerli kimi sənə hörmət edirəm, amma pul ödənilməsə, necə olacaq?" bildirdi. Habil də "əgər ödəməsə, özüm ödəyəcəm" dedi və söhbət bitdi, çıxıb oradan getdik".

V.İsmayılov həmin söhbətdə heç bir mübahisə və hədə-qorxunun olmadığını vurğulayıb.

Məhkəmə şahidlər dindirildikdən sonra başa çatıb və daha sonra isə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov bir neçə dövlət orqanında çalışıb.

Azər
AzNews.az