“Gürcüstanın Azərbaycanla sıx əlaqələri var” - Parlament sədri

16 Yanvar 2019 18:41 (UTC+04:00)

“Gürcüstan bölgədə ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyir”.

Bunu Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze Fransa Milli Assambleyasının Xarici əlaqələr komitəsinin iclasında çıxışı zamanı deyib.

O, Gürüstanın Azərbaycan, Türkiyə və Ermənistanla sıx əlaqələrinin olduğunu bildirib: “Bizim həmçinin Ukrayna, Moldova, Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstanla da yaxın münasibətlərimiz var. Gürcüstan unikal coğrafi mövqeyi və xarici siyasəti ilə bütün bölgədə sabitlik və inkişafa dəstək verir. Gürcüstan həmçinin regionda geniş miqyaslı energetika və nəqliyyat layihələrinin həyata keçirilməsində iştirak edir”.

İ.Kobaxidze Gürcüstanın kiçik, lakin iddialı ölkə olduğunu qeyd edib: “Biz qlobal təhlükəsizliyin təmin olunması üçün maksimum töhfə verməyə çalışırıq. Qara dəniz bölgəsi coğrafi, siyasi, iqtisadi və təhlükəsizlik baxımından strateji mövqeyə malikdir. Bu bölgənin sülh şəraitində davamlı inkişafı Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edir. Biz Gürcüstanın bu regiondakı rolunu tam anlayırıq”. (report)

AzNews.az