Prokuror qızı barədə məhkəmə hökmü qüvvədə qaldı - Təfərrüat

17 Yanvar 2019 10:55 (UTC+04:00)

Prokuror qızı barədə şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan Şıxıyeva Günel Oqtay qızının məhkəmə prosesinə hakim Mirzəli Abbasov sədrlik edib. G.Şıxıyeva barəsində 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində səyahətə gedənlərə qarşı dələduzluq etməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Günel Şıxıyevaya məhkəmə kollegiyasının hökmü ilə G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, bir müddət evli olduqdan sonra boşanan G.Şıxıyevanın 1 yaşında övladı var, bu iş üzrə 8 nəfər zərərçəkmiş tanınıb. Digər şikayətçilərlə bağlı iş istintaqda araşdırılır. Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb. Tur paket alan şəxslər təyyarə biletinin saxta olduğunu, otelə çata bilənlər isə onların adına rezervasiya edilmədiyini görüblər.

Zərərçəkmişlər iddia edirlər ki, Günel Şıxıyeva barəsində edilən çoxsaylı şikayətlərdən sonra uşaq dünyaya gətirməyi planlaşdırıb: “Özü bizə deyirdi ki, gedin, hara istəyirsiniz, şikayət edin. Onsuz da həbs edilməyəcəyini söyləyirdi. Bu hadisələr 2016-cı ildən başlayıb. Günel dedi ki, bir uşaq dünyaya gətirəcəm, uşağım olsa, məni tutmayacaqlar. Elə də oldu. İndi onun 1 yaşında uşağı var və azadlıqdadır. Atası Oqtay müəllim yaxşı adamdır. Prokurorluqda işləyir, yaxşı adamdır”.

Məhkəmədə zərərçəkmiş qismində "Start travel" turizm şirkətinin təsisçisi və direktoru da ifadə verib. Onun sözlərinə görə, G.Şıxıyeva rəhbərlik etdiyi şirkətə gələrək onlarla əməkdaşlıq etmək istədiyini bildirib: "Onun müştəri bazası da var idi. Əvvəlcə işləyərkən heç bir problem yox idi. Şirkətə müştərilər də cəlb edirdi. Əvvəlcə nağd işləyirdik. Sonra biletləri sifariş verdikdən sonra ödənişləri etməyə başladı. Bu problemlər isə həmin ərəfədə yay aylarında, müştərilərin çox olduğu ərəfədə baş verdi. Ödənişləri etmədi, mən dəfələrlə ona zəng edib səbəbini soruşdum. Müxtəlif bəhanələr gətirdi. Mən onu axtarmağa başladım. Evlərinə getdim. Atası Oqtay müəllimlə görüşdüm. Keçmiş prokurorluq əməkdaşıdır. O, mənim və zərərçəkmiş Kəmalə xanımın pulunu verəcəyini dedi. Əvvəlcə 5 min dollar ödədi. Dedi ki, obyekti var, oradan aldığı pulla borcları ödəyəcək. Amma sonradan ödəmədi. Bu məqsədli şəkildə qurulmuş işlərdir. Bu xanım indi də dayanmır. İstintaq zamanı onun xeyli əməli üzə çıxdı. Günel indi də eyni əməllərə davam edir. Burdan çıxıb yenə də həmin işləri görəcək".

Onun sözlərinə görə, G.Şıxıyeva onu aldadarkən müştəriləri şirkətə yönləndirib: "Bizə ən çox zərər həmin ərəfədə dəydi. O, bizə 53690 manat zərər vurub. 2-3 ay çox əziyyət çəkdik. Biz müştəriləri inandıra bilmirdik ki, dələduzluq etməmişik. Günel aldatdığı şəxslərə deyib ki, biletləri, sənədləri şirkətdədir. İnsnlar sa bizim şirkətə gəlirdi".

Azər
AzNews.az