Gürcüstan yeni infeksion xəstəliklə üz-üzə qalıb

17 Yanvar 2019 12:59 (UTC+04:00)

Yeni ilin əvvəlindən yanvarın 15-dək ölkədə 312 nəfərdə qızılca xəstəliyi qeydə alınıb. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Qızılcaya yoluxanların 56 faizini 20-40 yaş arasında olan insanlar təşkil edir. Bununla belə, körpə uşaqlar və yeniyetmələr arasında da qızılcaya yoluxanlar var.

Bu barədə jurnalistlərə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamkerlidze məlumat verib.

Mərkəz rəhbəri bildirib ki, qızılca təkcə paytaxt Tbilisidə deyil, Kvemo Kartli, Şidi Kartli və digər bölgələrdə də yayılmağa başlayıb.

O, əhalini qızılcaya qarşı təcili peyvənd olmağa səsləyib. Bildirib ki, peyvənd preparatları tam təhlükəsizdir və heç bir əks təsir göstərmir.

Onun sözlərinə görə, hökumət qızılcaya qarşı mübarizə ilə bağlı qərar qəbul edib. Qərara əsasən Gürcüstanda yanvarın 1-dən qızılca, vərəm, hepatit B, burun-boğaz xəstəlikləri, hemofiliya və daha bir neçə infeksion xəstəliyə qarşı peyvəndləmə məcburidir.

Məktəblərə və uşaq bağçalarına qəbul zamanı uşaqlardan bu xəstəliklərə qarşı peyvəndə dair arayış tələb olunur.

Məlumat üçün onu da qeyd edək ki, 2018-ci ildə Gürcüstan qızılca xəstəliyinin yayılmasına görə, Avropanın 7 ölkəsi arasında Serbiya və Ukraynadan sonra 3-cü yerdə olub.

Bu barədə Dünya Səhiyyə Təşkilatının illik hesabatında məlumat verilib.(AZƏRTAC)

© AzNews.az