İlin ilk görüşü - FOTO

17 Yanvar 2019 14:52 (UTC+04:00)

Yanvarın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevlə görüş keçirilib.

AzNews.az-ın məlumatına görə, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanımbacı Abdinova çıxış edərək Ə.Quliyevin yaradıcılıq yolu, sənət uğurlarından söhbət açıblar.

Onların çıxışı dirijorun şəxsi arxivi və muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Dirijorun yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edilib ki, Əyyub Quliyev 1999-2005-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində, 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında, 2008-ci ildə isə Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. Bakı Musiqi Akademiyasının tələbəsi ikən o, dirijor kimi fəaliyyətə başlayıb.

Diqqətə çatdırılıb ki, Ə.Quliyev 2011-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışır. Hazırda teatrın repertuarında olan bir çox opera və balet tamaşalarını uğurla idarə edir.

Ə.Quliyev çox gənc yaşlarından bir sıra hökumət mükafatlarına layiq görülüb. Dirijor dünyanın bir çox çoxsaylı qastrol səfərlərində olub, Azərbaycan simfonik musiqi sənətini ləyaqətlə təmsil edib.

Gənc və istedadlı dirijor həm də pedaqoji fəaliyyətlə məşğul olur. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor dirijorluğu” kafedrasının dosentidir.

Sonra söz qonağa verilib. Keçdiyi ömür yolundan, yaradıcılıq planlarından danışan Ə.Quliyev musiqi sənətinə olan sevgisində atası, Xalq artisti, məşhur tarzən Ramiz Quliyevin mühüm rol oynadığını deyib.

Tədbirdə Əyyub Quliyevin dirijorluq etdiyi konsertlərdən videoyazılar nümayiş olunub, Opera və Balet Teatrının solisti Taleh Yahyayev, Nina Makarova və başqalarının ifalarında maraqlı kamera konserti təqdim edilib.

AzNews.az