Əli bəy Hüseynzadənin 115 il qabaq Misirdə çap olunan şeiri

17 Yanvar 2019 15:55 (UTC+04:00)

"Hali-Vətən"in motivi yazıldığı dönəmdəki Vətənin halına adekvatdır - bədbin və pessimistdir... Əli bəy Hüseynzadə Vətənin fəlsəfi-ideoloji-ictimai durumunu "Hali-Vətən"lə işarələyir, tarixin yaddaşına köçürürdü.

...Hüseynzadə "Hali-Vətən"i iki versiyada - "Hali-Vətən" və "Yurd qayğusu" adı ilə yazıb.

"Hali-Vətən" ilk dəfə 1904-cü ildə A.Turani imzası ilə Misirdə çıxan "Türk" qəzetinin 24 noyabr tarixli 56-cı sayında, 1906-cı ildə Bakıda - "Dəbistan" jurnalının 16-cı sayında, 1909-cu ildə "Füyuzat" qiraət kitabında, "Yurd qayğısı" isə İstanbulda 1912-ci ilin 18 oktyabrında əvvəl H.Zadə imzası ilə "Türk Yurdu" dərgisində, sonra 21 oktyabrda "Tərcümani-həqiqət" qəzetində, oktyabrın 22-də "Tanin" qəzetində... dərc olunub. Bir də "Tərcüman" qəzeti yenə 1912-ci ilin dekabrında "Halımızın mükəmməl bir təsviri", - deyə dəyərləndirdiyi "Hali-Vətən"in müəllifini, sadəcə, "İstanbulda bulunan Qafqaz şairlərindən biri" kimi təqdim edərək şeiri çap etmişdi.

Manaf Süleymanov Hüseynzadənin "Səadət" məktəbində müdir olduğu dönəmdə bu əsərə nəğmə müəllimi Üzeyir bəy Hacıbəylinin musiqi bəstələdiyini qeyd edir.

"Hali-Vətən", hətta dərviş təkkələrinə, zaviyələrinə qədər sirayət edib yayılırdı... "Naxçıvan diyarının tarixi və etnoqrafiyası" əsərində "Son illərin dərviş repertuarından örnəyini verdiyimiz şeir nümunəsi onların xalqa hansı əhvalı aşıladığını ifadə edir", - deyən rus şərqşünası Konstantin Smirnov naxçıvanlı dərvişlərin dilindən Turani ləqəbi ilə məşhur olan Əli bəy Hüseynzadənin "Hali-Vətən" mənzuməsini Cavanşir bəy Qayıbovun yardımı ilə rus dilinə tərcümə edərək 1934-cü ildə yazdığı araşdırmasına daxil etmişdi.

На кончике моего языка великая истина,

Но мне и не дают ее высказать

и не отрезают моего языка.

Знаешь ли ты, что сделали невежды

с отечеством?

Они не дали ему спать,

но и не дают ему недвижимым?

Ни вперед не двигаться,

ни возвращаться назад?

Враг ломится в дверь,

а мы находимся в доме

и ничего не знаем!

Мы не чужаки друг для друга,

но мы не обьединены.

Перо мое не пробудило

этих тюрок и персов!

Не дают мне писать,

но и не ломают моего пера!

"Hali-Vətən"i zikr edən dərvişlərin təkkəsi XX yüzilin əvvəllərində Naxçıvanda Hüseyn Cavidin də doğulub böyüdüyü Əlixan məhəlləsində qurulubmuş. Azərbaycanda Vətən zikrinin ilk örnəyi olan "Hali-Vətən"in "milli və vətəni şövqləri təlqin edən təranə"si (Əlabbas Müznib) dərviş nəfəslərinə öz sakral gücü, aşiqanə sufi-ilahi mistikası ilə daxil olurdu.

1934-cü ilin avqustunda Sovet Yazıçılarının Moskvada keçirilən I qurultayında Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərlinin "Azərbaycan ədəbiyyatı barədə" məruzəsində "Hali-Vətən" Azərbaycan ədəbiyyatına "burjua azadlıq anlayışını" gətirən əsər kimi şərh olunurdu. Həm də təkcə bu deyil, məruzəçiyə görə, "burjuaziyanın əsl ideoloqu kimi çıxış edən Hüseynzadə Azərbaycan ədəbiyyatına burjua modernizmini, ən əsası, pantürkizmi, panislamizmi gətirmiş, Avropa romantizmini tətbiq etmiş, Hötenin "Faust"undan parçaları çevirərək, oxucularını Qərb ədəbiyyatı ilə tanış etmək istəmişdi". Ələkbərliyə görə. "Füyuzat" ədəbiyyatı "türkizm, islamizm, modernizm" şüarı altında inkişaf edirdi. 1937-ci il ərəfəsində Fəxri Rəyasət Heyətində Stalinin də təmsil olunduğu, SSRİ-nin baş ideoloqu Jdanovun məruzə etdiyi qurultayda dostcasına deyilməsə də, sırf siyasi xarakter daşısa da, hər halda, deyilən fikirlər "burjua azadlıq anlayışının" ifadəsi olan "Hali-Vətən"in dəyərini və Əli bəy Hüseynzadənin kimliyini daha dərindən bilmək üçün çox əhəmiyyətlidir.

Beləcə, Azərbaycanın XX yüzilin ilk illərindəki halı, ovqatı 1904-cü ildə Hüseynzadə tərəfindən yazıya köçürülmüş, Misirdə çap olunmuş, Naxçıvanda zaviyələrdə zikr edilmiş, Bakıda məktəblərdə oxunmuş, İstanbulda, Krımda əzbərlənmiş, 30 ildən sonra isə Moskvada əks-səda vermişdi...

"Hali-Vətən"dən 4 il sonra yazdığı "Siyasəti-fürusət" əsərində rus "qarayüzləri və qaraüzlülərinin" lideri Purişkeviçin kölgəsi deyir ki, "Bizim Rusiyada sehr, əfsun, tilsim-filan yoxsa da, onun yerinə "hipnotizm" deyilən uyutmaq yolu ilə təlqin fənni vardır".

"Hali-Vətən"də uyuşmuş və hərəkətsiz qalan vətən elə həmin hipnotizmə düçar edilən, oyana, ittihad edə, birləşə bilməyən Vətən idi və şeir daha geniş mənada iki qütbün - hipnotizmlə hipnozdan ayılmaq istəyən düşüncənin arasında başlanan polemika, nə danışmağa, nə lal olmağa, nə uyumağa, nə oyanmağa, nə irəli getməyə, nə geri dönməyə, nə yad, nə doğma olmağa... imkan vermədikləri, diri olsa da uyuşuq qalmış, uyuşdurulmuş Vətənin düçar olduğu dərdi - hipnozun doğurduğu fəsadı nişan verən ilk poetik örnək idi.

"Hali-Vətən"dən əvvəl və sonra poeziyamızda Vətən şeirləri yaransa da, əfsus ki, onlar çox olmadı. 1901-ci ildə Rəşid bəy Əfəndiyevin "Məhəbbət eyləmək hər yurd üçün bir sirri-hikmətdir / Vətən viranə olsa da, məsəldir, məhz cənnətdir" misraları ilə başlayan şeiri, yaxud "1905-ci il inqilabının doğurduğu azadlıq günəşinin soyuq zərrələri qəlbini isitməyən" Abdulla Şaiqin 1905-ci ilin sonunda Səhhətə və Sabirə göndərdiyi "Ey çeşmimin önündə mücəssəm, vətən, vətən! / Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!" misraları ilə başlayan şeiri, sonra Məhəmməd Hadinin 1907-cı ildə "Füyuzat"da dərc olunmuş:

Ey vətən! Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?

- misralarının da keçdiyi "Bir əməlim" şeiri ilə Azərbaycan poeziyasında Vətən estetikası gəlişməyə başladı. Hadinin poeziyaya gəlişi ilə Vətən sevdasının estetik ahəngi və rəngi müəyyənləşdi.

Hüseyn Cavidin 1907-ci ildə Salik imzası ilə İstanbulda fars dilində yazdığı qəzəli də sonralar Şəhriyarın fars dilində yazdığı "Azərbaycan" şeirində olduğu kimi, ittihada-birliyə çağıran hali-vətən şeirlərimizdən biriydi:

Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən...

Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə, hali-vətən?

...Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən...

Şübhəsiz ki, Abbas Səhhətin 1909-cu ildə yazdığı "Vətən"i yurd sevgisini tərənnüm edən şeirlərin ən gözəli oldu.

Yuxarıda xatırlatdığımız digər şeirlərlə müqayisədə diqqəti cəlb edən budur ki, Əli bəy Hüseynzadənin "Hali-Vətən"i o dönəmdə Vətənin fəlsəfi-kultroloji kateqoriya, şüur hadisəsi kimi təzahür etməsini təmin edir, Vətənin halını poeziyanın yüksək dilində ifadə edən ilk şeirimiz kimi meydana çıxır. "Hali-Vətən"in sonrakı taleyi, zaman-zaman toplumun yaddaşında oyatdığı intiba onun millət quruculuğunda hansı miqyasda iştirak etdiyini, bu prosesdə məhək daşı olduğunu düşünməyə əsas verir.

Əli bəy Hüseynzadə "Hali-Vətən"i "Məktubi-məxsus"a əlavə edib çap olunmaq üçün Misirə göndərərkən redaksiyaya yazdığı məktubunda "Turan", "Təraneyi-səhər" və "Hali-Vətən"i "vaxtilə türklüyə dair yazmış olduğum şeirlər" adlandırır. Misirdə çıxan "Türk" qəzeti isə "Turan" şeiri istisna olmaqla digər şeirlərini və Əli bəyin məşhur məktubunu 24 noyabr (təşrini-sani) 1904-cü il tarixli sayında dərc edir. Hər halda, önəmli olan budur ki:

1) Hüseynzadə "Hali-Vətən"i türklüyə dair yazılmış şeir adlandırır;

2) 1904-cü ildə "Hali-Vətən"i daha əvvəllər yazmış olduğunu xatırladır;

3) Yusif Akçura şeirin Misirə "Bakıdan göndərildiyini" yazır və şeirin Əli bəy Hüseynzadə hələ "Məktəbi-Tibbiyyədə ikən ibda olun"duğunu xatırladır. Əli bəyin isə Məktəbi-Tibbiyyədə, yəni İstanbul Universitetində təhsil dövrü 1889-1895-ci illərə təsadüf edir.

İndi örnəklərini verdiyimiz şeirlərin də ilk dəfə nə zaman - yazıldığı dövrdəmi, yoxsa daha sonralar çap olunduğunu bu yazının predmeti etmək istəmirəm. Tutaq ki, "Hali-Vətən" 1904-cü ildə çap olunsa da, şeirin yazılma tarixinin daha əvvəllərə - 1890-95-ci illərə aid olması müzakirə mövzusu olmadığı kimi, Abdulla Şaiqin 1905-ci ildə yazıldığı təxmin edilən şeirinin də ilk dəfə 1959-cu ildə çap olunduğu faktdır və müzakirə predmeti deyildir.

Hələ çağdaş Azərbaycan poeziya dilinin gəlişmədiyi 1904-cü ildə Bakıda, özü də milli şeirimizin ən qədim ölçüsündə - Alp Ər Tonqa sağusunun ritmində və heca vəznində belə bir şeirin yaranması birmənalı şəkildə ədəbiyyatımızın möcüzəsiydi.

Türk şeirində öncə Cem Sultanın:

Can dimağına irup buyi-vətən,
Dil dilər kim görinə ruyi-vətən...

Sonra Füzulinin:

Edəməm tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

Sonra Namik Kamalın:

Amalımız, əfkarımız iqbali-vətəndir,
Sərhədimizə qalə bizim xaki-bədəndir

- deyə qürbət acısı, yar nisgili, hürriyyət sevdası ilə daxil olan Vətən XX yüzil Azərbaycan şeirinə daha çox Əli bəy Hüseynzadənin "Hali-Vətən"i ilə yansıdı. Və Əli bəy Azərbaycan poeziyasında Vətən anlayışını milli şüurun dominantına çevirdi.

İnkar modelində və hədsiz pessimist ruhda yazılsa da qəribədir ki, bütün bunlar "Hali-Vətən"in işıqlı enerjisini azaltmırdı və aradan keçən 115 ildə də azaltmadı. Hədsiz pessimist ruhda yazılsa da... Vətənin əbədi bir kədər səhnəsinə çevrildiyi çağda fikirlərinə biganə yanaşmadığı pessimist Hartmana, Şopenhauerə və digər ziştbin filosoflara rəğmən, Azərbaycan romantizminin qurucusu Əli bəy Hüseynzadə inanırdı və inandırmağa çalışırdı ki, həyat əbədi bir kədər səhnəsi deyil. İztirab əbədi deyil. Zövq və ləzzət quru bir xəyal deyil. Həqiqi və müsbət olan ələm deyil. İztirabın pəncəsindən xilas olmaq üçün nicat yolu yoxluq deyil. Hərəkət lazımdır. "Durur bilahərəkət, / Rəvamı bir diriyə. / Nə getmədə iləri, / Nə dönmədə geriyə...".

"Hali-Vətən" XX yüzilin ilk illərində istər estetik, istər fəlsəfi, istər politik mahiyyəti etibarilə yeni dövr poeziyamızın, eləcə də Azərbaycan romantizminin manifesti səviyyəsində meydana çıxdı. Elnarə Akimovanın "Çağdaş poeziya və ədəbi təmayüllər" monoqrafiyasında gəldiyi qənaət doğrudur ki, "Hali-Vətən" şairinin dilinin ucundakı həqiqət, sonralar Əhməd Cavadın "Mən kiməm" şeirində "çeynənən bir ölkənin haqq bağıran səsi"nə çevrildi".

"Hali-Vətən"in çalxalandırıb qabartdığı dalğa bütünlükdə XX əsr poeziyamızı bu və ya başqa şəkildə qapsadı. Cəfər Cabbarlının 1919-cu ildə (və iyirmi yaşında) yazdığı "Ölkəm" şeirini də (eləcə də bu şeirin əsasında 19 yaşlı Asəf Zeynallının 1929-ci ildə bəstələdiyi eyniadlı Avropa tipli ilk Azərbaycan romansını da), ideoloji kontekst dəyişsə də, vətən sevgisini meyara çevirmək baxımından Səməd Vurğunun 1936-cı ildə yazdığı "Azərbaycan" şeirini də bu dalğadan təcrid etmək məncə mümkün deyil. Almas Yıldırımın "Könlümə tək Kəbə yapdım səni mən... / Sənsiz nedəm Allahı mən, dini mən...", - deyə müqəddəsliyin ən üst qatında əzizlədiyi Azərbaycan Səməd Vurğunun "Azərbaycan" şeirinin timsalında qutsal dəyər, "sakral səciyyə" (Qorxmaz Quliyev) qazandı.

Bəllidir ki, ədəbiyyatımızda Vətənin coğrafi sınırları 1917-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən cızılır: "Haradır Azərbaycan?.. Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun".

Mirzə Cəlil Azərbaycançıdır. Təbii ki, Turançı Əli bəy Hüseynzadə də geniş bir vüsətlə azərbaycançılıq cizgizinə girə bilər. Ədəbiyyatımızda Azərbaycanın iki minillik tarixi taleyini "Siyasəti-fürusət" qədər əyaniləşdirən ikinci bir əsərə çətin rast gəlinər. Hüseynzadənin Turanı üç böyük şöbədə bərqərar idi və həmin şöbələrdən birini 1905-ci ildə yazdığı əsərində belə ünvanlamışdı: "Qafqaz silsilə dağlarının cənubunda yaşayan Azərbaycan türkləri ki, şirvanlı, bakılı, qarabağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir. İranın şimal-qərbinin sakinləri də bunlardandır". Öz növbəsində, Əli bəy də "Türklər kimdir və kimlərdən ibarətdir" məqaləsində "Haradır Azərbaycan?" və "Azərbaycanlılar kimdir?" sualının cavabını vermiş, Azərbaycanın sınırlarını ədəbiyyatın qələmi ilə Mirzə Cəlildən 12 il əvvəl cızmışdı. Və 1904-cü ildə yazdığı "Hali-Vətən"dəki vətən də Qafqaz silsilə dağlarının cənubunda yerləşən Azərbaycandan ibarət idi.

1912-ci ildə "Yurd qayğısı"na çevrilən "Hali-Vətən" ağrısı, artıq Türkiyəyə metastaz etmişdi. Şeir 1912-ci ildə İstanbulda "Türk Yurdu" dərgisində yeni versiyada çap olundu. Hüseynzadə iki il idi ki, Azərbaycandan getmiş, vaxtilə qurucularından olduğu "İttihad və təəqqi"nin idarə heyətinin üzvü seçilmişdi. "Hüseynzadə ikinci dəfə olaraq İstanbula gəldiyi zaman bir az kəndi övladı olan məfkurə yavaş-yavaş iməkləməyə başlamışdı. Bu gürbüz (sağlam) yavrunun bir an əvvəl inkişafını təmin etmək lazımdı" (Mehmet Ali Tevfik). "Yurd qayğısı"na çevrilmiş "Hali-Vətən"in "Türk Yurdu" dərgisində dərc olunmasının bir səbəbi də elə bu idi. 1969-cu ilin dekabrında "Yeni İnsan" dərgisində dərc etdirdiyi "Türkçülügün və türk sosializminin babası Ali Turan" məqaləsində "Hali-Vətən"i təqdim edən Hilmi Ziya Ülken qeyd edir ki, Birinci Dünya müharibəsinin şiddətlə hökm sürdüyü o illərdə "türklük və islamçılığın uzlaşması üçün bu qədər iyi niyyətli həmləyə rəğmən bir yandan ərəblərin üsyana qalxması, bir yandan da idraksız insanların kötümsərlik (pessimizm) havasını yaymaları o zaman "Mərkəzi Ümumi"də (onu bəzən türk politbürosu da adlandırırlar - A.T.) hakim olan idealizm təmayülünü də kökündən sarsıdırdı. Türkçülüyün iki böyük öndəri Gökalp və Hüseynzadə Mərkəzi Ümumidə idilər. Fəqət rolları hər zaman eyni qüvvətdə ola bilmirdi. Əli Turan şu sıralardakı böhranı bu kiçik mənzuməsilə ("Hali-Vətən"lə) çox gözəl göstərir".

Hüseynzadəsiz qaldığımız uzun onilliklərdə, hətta 1980-ci illərə qədər siyasiləşmiş filoloji düşüncə "Hali-Vətən"i qaralamaqda davam edib. 1904-cü ildə, yəni hələ Böyük rus inqilabı baş verməmiş, xalqın inqilab nə olduğunu bilmədiyi, hərəkətsiz və uyuşuq halda yaşadığı bir dövrdə yazılmış bu şeiri 1984-cü ildə ədəbiyyat akademiklərimizdən biri belə şərh edirdi: "Əli bəy Hüseynzadə... xalqın inqilabçı, tərəqqipərvər qəzəbindən çəkinib fikirlərini deməkdən qorxduqda "Ucundadır dilimin həqiqətin böyüyü, nə qoydular deyəyim, nə kəsdilər dilimi!" - sözləri ilə şikayətə belə əl atırdı". "Hali-Vətən"dəki ağrını yaradan səbəbin bu şəkildə, ideoloji müstəvidə tamam əks istiqamətə proyeksiyası düşüncə tariximizi zədələyirdi. Zədələsə də... "Hali-Vətən" unudulmadı. Yaddaşlardan yaddaşlara ötürülən milli-mənəvi mirasa çevrildi. İndi mən bu yazını yazdıqca Məsud Əlioğlunun səsində, özü də 1969-cu ildə maqnitofon lentinə yazılmış "Hali-Vətən"i dinləyirəm. Əlimin altında isə 1971-ci ildə Mirzağa Quluzadənin xətti ilə yazılmış "Hali-Vətən" var... Kitablarda olmadı, qəzetlərdə görünmədi, yazarının adı vətənində yasaq olundu. Amma "Hali-Vətən" yaşadı.

Hali-Vətən

Ucundadır dilimin

həqiqətin böyüyü;

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi!

Bilirmisən cühəla

Nə etdilər vətənə?

Nə qoydular uyuya,

Nə qoydular oyana!..

Durur bilahərəkət,

Rəvamı bir diriyə?

Nə getmədə irəli,

Nə dönmədə geriyə!..

Ədu qırar qapıyı,

Biz evdə bixəbəriz,

Nə başqa başqalarız,

Nə ittihad edəriz!..

Ayıltmadı qələmim

Şu türk ilə əcəmi,

Nə qoydular yazayım,

Nə qırdılar qələmi!..

1904

Bakı

Yurd qayğusu

Ucundadır dilimin,

Həqiqətin əzəmi.

Nə qoydular söyləyim,

Nə kəsdilər dilimi!..

Bilirmisin cahillər

Nə etdilər vatana?

Nə qoydular uyusun,

Nə qoydular oyana!..

Böylə dumaq uyuşuq,

Rəvamı bir diriyə?!

Nə getmədə iləri,

Nə dönmədə geriyə.

Düşmən qırar qapuyu,

Biz içərdə qayğusuz.

Nə evləri ayırır,

Nə bir evli oluruz!..

Ayıltmadı qələmim

Şu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi!..

1912
İstanbul

(mənbə: Ədəbiyyat qəzeti)

Azər TURAN