“Gəl qohum olaq” komediyası yeni versiyada

18 Yanvar 2019 11:48 (UTC+04:00)

Sumqayıt Dövlət Dram Teatrında A.Şaiqin “Danışan gəlincik” əsəri ilə bərabər tanınmış dramaturq İsi Məlikzadənin "Gəl qohum olaq" komediyasının yeni versiyası üzrərində məşqlərə start verilib.

AzNews.az-ın məlumatına görə, tamaşanın quruluşçu rejissoru respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovdur.

Vəziyyət komediyasında maraqlı hadisələr bir-birini əvəz edir. Quruluşçu rejissor aktyorların improvizə etmələrinə də şərait yaradan mizanlar üzərində işləyir. Şən musiqilər və koloritli dekorasiya tamaşaya xüsusi effekt verəcək.

Rollarda teatrın gənc və orta nəsil aktyorları Aynur Hümmətova, Firuzə Şərifova, Şəmistan Süleymanlı, Elay Xasiyev, İlqar İbrahimov, Əməkdar artist Fəranə Musayeva və Xalq artisi Valeh Kərimov çıxış edəcəklər. Rejissor assistenti Fazilə Rzayevadır.

Qeyd edək ki, yeni tamaşa cari ilin fevral ayında təhvil veriləcək.

AzNews.az