Civəni 32 min manata satmaq istədi - Polis tutdu

18 Yanvar 2019 11:41 (UTC+04:00)

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu haqda məlumat DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilib.

Araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.

Saxlanılan zaman E.Bayramovun üzərinə baxış zamanı, ondan qanunla dövriyyəsi qadağan edilərək zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az