Kitab oxuyanların 10 xüsusiyyəti

19 Yanvar 2019 11:55 (UTC+04:00)

Mütləq tanıdığınız bir neçə kitabqurdu vardır. Əgər bu yazını oxuyursuzsa, deməli, sizin də kitabqurdu olmaq ehtimalınız yüksəkdi. Bu insanları kitab heyranı, kitab dəlisi, kitab sevdalısı da adlandıra bilərsiz. Hamısı doğru olar, ancaq bugünki mövzumuz kitabqurdlarının davranışları barədədir. Kitab qurdları bir çox baxımdan qəribə tipdilər və söhbət mütaliədən, ədəbiyyatdan düşəndə, görürük ki, onların zehnində kitab yığınları, ehtiraslı müzakirələr və buna bənzər bir çox fəaliyyətlər üçün yer açılır. Bütün bu parçalar qəribə davranışlara gətirib çıxarir. İnanın, bunu bilirəm. İştə, həqiqi kitab qurdlarının ən çox yol verdiyi 10 davranış.

1.Sürəkli kitab alırlar

Kitab alırıq. Sürəkli kitab alırıq. Digər əşyalar üçün pulumuz yoxkən də kitab alırıq, digər əşyalar üçün pulumuz çoxkən isə lap çox kitab alırıq. Kitab almağı yeməkdən, kirayə pulundan və elektrik haqqından daha çox düşünürük. Evdən çıxarkən, qalaq-qalaq olmuş oxunmamış kitablar arasında dolaşmaq zorunda qalsaq da, yenə də gedib kitab alırıq. Oxumalı olduğumuz kitablar bitmədiyi təqdirdə, sabah qiyamət qopsa da bizimçün fərq etməz. Əsas odur ki, oxuya biləcəyimiz kitablarımız var. Kitab alırıq, çünki kitablar ecazkardı, gözəl qoxurlar, bizi xoş hiss etdirir, boşluqlarımızı doldururlar və bizim dostlarımızdılar.

2. Eyni kitabı bir neçə dəfə alırlar

“Aaa, məndə bu nəşr yoxdu”, “Bu cild axı çox gözəldi, görəsən niyə indiyə qədər bunu görməmişəm?”, “Yox, bu imzalısıdı”, “Bu başqadı, balacalıqda məndə olan kitabın eynisidi bu”, “Ucuzdu da zatən, alım”, “Qalsın evdə, bir gün başqasına bağışlayaram”. Hətta, üçüncü nəşrini aldığım “The Dream Keeper and Other Poems”i alarkən bu yalanı işlətdim: “Hə, düzdü, məndə bu kitabdan iki dənə var, ancaq bu rəsimlidi axı! Onlarda isə illüstrasiyalar yoxdu”. Bəli, kitabqurdları zatən onlarda olan bir kitabı təkrar almaqdan ötrü nə yalanlar uydurmazlar! Bir kitabı təkrarən almağın “gərəkli” olduğuna dair ağlagəlməz səbəblər göstərərlər. Digər tərəfdən, bir kitabı ikinci dəfə yanlışlıqla da ala bilərik. Gözümün qabağındadı və ucuzdu, kimdi gedib bir də evdəki kitab yığınına baxan, fürsət düşmüşkən alım da..

3. Digər insanları kitablarına, kitabxanalarına görə mühakimə edirlər

Bilirəm ki, bunu qəbullanmaq çətindi. Bilirəm ki, bəziləriniz məndən yaxşı olduğunuzu və başqalarını mühakimə etmədiyinizi söyləyəcəksiz. Yaxşı, yaxşı, güya bilmirəm də. Burda təhlükəli dərəcədə dürüst olacağam, mühakiməçi olmaq məni indiyə qədər həyatta saxladı və bundan belə də eyni cür qalacağam. Əgər məni evinizə dəvət etsəniz və gəlib görsəm ki, evinizdə bircə dənə də olsun kitab yoxdu, üzümü çevirib çıxıb gedərəm. Adam necə kitab saxlamaz evində? Kitabsız ev, ruhsuz bədənə bənzəyir. Əgər bir neçə dənə kitabınız varsa, kitabqurdu kimi onları qoxlayıb vərəqləməyin bir yolunu taparıq. Ardınca, səssizcə və hiyləgər təbəssümlə sizi gizli-gizli mühakimə edərik. Con Vatersin dediyi kimi, “birlikdə evinə getdiyiniz adamın kitabları yoxdusa, onu boşlayın getsin”. Əminəm ki, kitabqurdlarının çoxu bu fikrə qatılacaqdır. Buna bənzər olaraq, sahib olduğunuz kitabların keyfiyyəti də sizinlə bağlı düşüncələrimizə təsir göstərəcək. Mənə görə, oxuduğunuz\sahib olduğunuz kitablar və heyvanlara qarşı sərgilədiyiniz davranışlar çox önəmli iki faktordur. Yaxşı kitablar oxuyan və heyvanlarla yaxşı davranan insanların həmişə yanındayam. Bu qorxunc bir şeydimi? Bəli. “Yaxşı kitab” anlayışının subyektiv olması ədalətsiz deyilmi? O da bəli..

4. Yeni kitablar qarşısında gülməli bir həyəcan hiss edirlər

Ağır və pis keçən bir günün sonunda evə gəlib görürəm ki, bir əşya gətiriblər. Qutunu açıram, uzun müddətdir yolunu gözlədiyim yeni kitab ortaya çıxır. Günüm bir anda gözəlləşir. Günəş çıxanda dumanı dağıtdığı kimi, günümün bütün sıxıntısı da qutunu açmaqla yox olur. Sevdiyimiz bir yazıçı yeni kitab yazdığı barədə adicə işarə vuranda belə həyəcanlanırıq. Bəli, bu kitab aylar sonra, bəlkə də illər sonra çıxacaq, ancaq indidən bilirik və indidən həyəcanlanırıq, çünki kitablar möhtəşəmdi!

5. Səyahətə çıxarkən götürəcəkləri kitablar barədə gərginlik keçirirlər

Bəzən ehtiyac duyduğumdan daha az köynək götürürəm özümlə və corablarımı otellərdə yuyub quruduram, ancaq həmişə rahatlıqla oxuya biləcəyim keyfiyyətli kitabları özümlə aparmaq zəhmətinə qatlaşıram. Hətta oxuyacağımdan daha artığını özümlə götürürəm... Belədi, neynəmək olar. Normal insanlar elektron kitabsaxlayıcıyla, ya da bircə romanla tətilə gedirlər. Ancaq həqiqi kitabqurdlar belə etməz. Xeyr, biz beş-altı kitab götürərik. Həmin dönəmdə oxuduğumuz kitabı da götürərik, üzərinə yolda oxumağa başlayacağımız üç-dördünü də əlavə edərik. Havalimanında həyatda qalmaq barədə mütəxəssisik. Təyyarədəki cəfəng filmlərə də baxmarıq. Təyyarədə yalqız uçmaq da problem deyil. Kitablarımız varsa, yalqız deyilik, heç bir problem yox.

6. Hər yer kitabla doludur

Zarafat etmirəm, həqiqətən hər yer kitabdı... Maşın, çanta, masa, salon, döşəmə...Tualetə belə rəf qoydurmuşam... Haçan, harda neçə müddət qalmağa məcbur olduğumuzu bilə bilmərik... Bir məkandan başqa yerə köçürüksə, birinci gərək kitablar daşınsın... Təmizlik aparırıqsa, gərək öncə kitabların tozu alınsın... Su sızıntısı yaranıbsa, birinci kitabları götürüb xilas etmək lazımdı, başqa əşyalar nəyimizə gərək ki?

7. Həmişə, hər yerdə oxuyurlar

Buna görə zatən hər yer kitabla dolub-daşır. Evdə, maşında, hamamda, avtobusda, mətbəxdə suyun qaynamağını gözləyərkən oxuyuruq... Tanrım, bəziləri hətta vannanı hazırlayıb, isti suyun içinə gömülüb kitab oxuyurlar. Üstəlik, həmişə oxuya bilərik. Oxumaq əsla erkən, ya da gec deyil. Havanın çox soyuq ya da çox isti olması da fərq etməz. Biz oxuyarıq.

8. Eyni dönəmdə birdən artıq kitab oxuyurlar

Bəziləri eyni dönəmdə iki kitabı birdən oxuyur. Bəziləri beşini. Bəziləri hətta onunu, çünki sürəkli dəyişimi, müxtəlifliyi və eyni kitabdan sıxılmamağı sevirlər. Tənqidçi mövqeyinə keçəndə, bəzən olur ki, eyni anda qırx kitab oxuyuram. Bu çox gözəldi. Xeyli kitabın yaratdığı o mütaliə xaosunun necə yarandığını bilirəm. Fikrinə sayğı duyduğun bir yoldaş səndən filan kitabı oxumağını istəyir. Kitab zatən səndə var və anında oxumağa başlayırsan. Ertəsi gün, qapına yeni bir roman gətirirlər, bunu də tez zamanda oxuduqların arasına alırsan. Həqiqi bir kitabqurdusansa, deməli bu halı yaşamısan və bu vəziyyət bir çox insanın sandığı kimi heç də qəliz və xüsusi durum deyil. Bir gün ərzində çeşidli seriallar izləyib, müxtəlif insanlarla söhbət etdiyimiz kimi, bir kitabdan ötəkinə də rahatlıqla keçə bilərik.

9. Zaman anlayışları fərqlidir

Bəzən zamanı kitabın səhifələri, ya da bölümləriylə ölçürük. Bəzənsə, zaman qavramını tamamilə itiririk. Duşa girib, sonra getməyə hazırlaşmalıydın, ancaq könlün istəyir ki, bir bölümü də oxuyasan. Təbriklər, bir saat keçdi və sən yenə gecikdin. Hamımız bunu yaşamışıq. Oxuduğumuz hekayətin hər şeyi öz gücüylə əzdiyi və bizi uzun müddət girov saxladığı zamanlar olur. Bütün gecəni oxuduqdan sonra yatmaq mı? Əlbəttə. Kitablar ucbatından harasa gecikmək mi? Bəs nədi, dəfələrlə. Kitab çox gözəl olduğu üçün harasa əylənməyə getməkdən imtina etmək və oturub mütaliəyə qapılmaq mı? Bəli, bəli, təbii ki.

10. Kitab mövzusunda ehtiraslıdılar

Kitabqurdları əksərən emosional, ehtiraslı insanlardı. Hay-küyçü demədim, ehtiraslı, duyğulu dedim. Birimizdən oxumaq prosesi, sevimli yazıçılarımız ya da mütaliəylə bağlı nəsə soruşun, şahidi olacaqsız bunun. Bu mütaliə ehtirasını eyni zamanda, bəlli bir hekayəti müzakirəyə çıxarmaqdan ötrü yenidən qurğulandırmağı sevmək kimi də anlaya bilərik. Yaxud əlfəcindən istifadə etmək yerinə kitabın səhifələrini qatlayan insanların monstr olduğu barədə fikir birliyi kimi də təsəvvür etmək olar. Kitabları sevirik və onları, başqalarının da bizim kimi sevmələrini istəyirik, çünki bu yaxşı şeydi, çünki oxumaq dünyanı daha yaxşı və daha ağıllı yerə çevirir.

Gabino İglesias (yazıçı, jurnalist və kitab rəyçisi) / mənbə: bilge.az/

AzNews.az