20 Yanvar qırğınına 1 saat qalıb - Onlar sadəcə ölmək üçün öldülər

19 Yanvar 2019 22:55 (UTC+04:00)

Sözə körpü: 4 il öncə yenə AzNews.az-da işləyirdim. Yenə indiki kimi yanvar ayı idi.

Dəyişən yalnız rəqəmdir. “5”in yerində “9” dayanıb.

O vaxt, daha dəqiq desək, 2015-ci il yanvarın 13-də “20 Yanvar qırğınına 7 gün qalıb...” adlı yazı yazmışdım. Niyə məhz yanvarın 13-də. Çünki Qanlı Yanvara gedən yolun başlanğıcında ilk çalaya məhz həmin gün düşdük.

Böyük kanyona isə hələ 7 gün qalıb.

Bu gün 19 yanvar 2019-cu ildir. Düz 29 il öncə də 19 Yanvar olub. Kanyona düşdüyümüz gün.

Onda da hava belə idi - qarsız və buludsuz. Onda səhər tezdən hamı Azadlıq Meydanına mitinqə yollanırdı.

Bu gün isə şənbə günüdür.

AzNews.az iş başındaydı. Azadlıq Meydanında maşınlar şütüyür. Eynən dünən Bakı səmasında şütüyən külək kimi...

Onda hamı 1988-ci il noyabr ayının 17-dən bəri Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirovun istefaya getməməsindən məyus idilər...

Çünki hamı onun istefasını tələb edirdi...

O isə getmirdi.

Bu gün isə tələbimiz başqadır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən torpaqlarımızı geri istəyirik...

Bu gün azərbaycanlıların ən Böyük istəyi budur...

Bunu hamı bilir, torpaq uğrunda şəhid olanlar da, yaralı olaraq o dərdi ürəklərində gəzdirənlər də, hətta 20 Yanvarda şəhid olanlar da...

...20 Yanvar qırğınından qaça bilərdikmi?

Hadisələrin şahidi kimi deyə bilərəm - bilərdik. Ancaq qaçsaq da, yenə də rus ordusu şəhərə girib boş küçələrdə heç kəsi tapmadığından evlərin eyvan və pəncərələrinə atəş açacaqdı. Necə ki, faktlar göstərir ki, onlar bunu etdilər. Yəqin Moskvada cızılan planın B variantında bu, var imiş.

20 Yanvar qırğınında Qorbaçovla Vəzirovu daha çox qınayırlar. Vəzirov Bakıda Qorbaçovun tulası və həm də Moskvaya teleqram vuranı idi. Onsuz da Vəzirov teleqram vurmasaydı, DTK-nın Bakı emissarları bu işi öz öhdəsinə götürəcəkdilər. Elə Mərkəzi Komitədə çalışan ruspərəst qüvvələr də bu işin həyata keçirilməsində az rol oynamadılar.

Qorbaçov da öz hakimiyyətini qorumaq üçün təkcə Bakını deyil, Stavropolda 1976-cı ildə ölən atası Sergeyin, 1993-cı ildə ölən anası Mariyanın da qohumlarını qırmağa hazır idi…

Həmin dövrdə Xalq Cəbhəsinin ən böyük uğuru milyonları Azadlıq meydanına toplaması idi. Ən böyük məğlubiyyəti isə Əbülfəz Elçibəyi prezident kimi önə itələməsi idi. Bu, təkcə Cəbhənin günahı deyildi, elə bütövlükdə azadlıq eşqiylə alışıb yanan xalqın günahı sayılırdı. Bəlkə də buna günah demək olmazdı, çünki xalqın yaxın tarixdə meydanlara toplaşıb hakimiyyətə və dövlətə qarşı üsyan etmək səriştəsi yox idi. Bu baxımdan onlar elə sanırdılar ki, Lenin heykəli önündə alovlu danışmaq elə dövləti idarə etməyə bərabərdi.

19 Yanvar gününün axşamı Xalq Cəbhəsinin funksionerləri özlərini necə apardılar?

Həmin gün şəhərin müxtəlif yerlərində xalqın qarşısında daha çox canfəşanlıq edən Nemət Pənahlı oldu. O, xalqı geri çəkilməməyə çağırırdı. Hətta, deyirdi ki, Türkiyə və İrandan bizə kömək gələcək.

Xalq həmin gün başsız qalmışdı. Başsız atlı kimi. Bu sözləri elə-belə, nifrət xətrinə yazmıram, həmin gün bütün olayların içində olan şəxs kimi yazıram. O vaxt belə məlumat verildi ki, hücumlar əsasən dənizdən, bir də Biləcəri tərəfdən olacaq.

Mən də qardaşımla birgə Prezident Aparatının qarşısındakı mitinqdən sonra metro ilə 11-ci Qızıl Ordu heykəlinin yanına getdik. Heykəlin Biləcəriyə tərəf olan hissəsində, daha doğrusu, indiki "Azərsu"nun binasının qarşısında xeyli sayda adam toplaşmışdı. Heç kəs nə edəcəyini bilmirdi. Söhbət zamanı deyirdilər ki, sovet ordusu hücum edib xalqı qırmaz. Çör-çöp, taxta parçaları yığıb tonqal qaladıq. Gecə saat 12-yə 20 dəqiqə qalmış qardaşım dedi ki, gəl gedək, boş yerə niyə ölməliyik ki? Mən cavab verdim ki, görürsən, heç kəs metroya düşmür, yalnız çıxanlar olur, necə gedə bilərik axı?!.

Bu zaman bir milis əməkdaşının pilləkənlərlə metroya düşdüyünü gördük və biz də onun arxasınca metroya mindik. Vaqonda isə bizdən savayı daha 5-6 nəfər var idi. Metronun "Neftçilər" stansiyasından çıxıb avtobusla evə getdik. Gecə saat 2-nin yarısında çöldən gələn səs bizi oyatdı: "Millət, oyanın, niyə yatırsınız, gəlin Universamın yanına (Mehmandarov küçəsi ilə Nəsrəddin Tusi küçəsinin kəsişməsi), tanklar aşağıdan, Naxçıvanski məktəbi tərəfdən bura gələcək".

Qardaşımla durub həyətə düşdük. Burda da yolun ortasında tonqal qalanmışdı. Bu vaxt kimsə dedi ki, şəhərdə milləti qırırlar, hamı dağılışıb şəhərə qohum və tanışlarına zəng elədi. Biz də evimizin həyətində qoyulmuş taksofondan zəng etdik. Salyan kazarması tərəfdə yaşayan iş yoldaşım dedi ki, evdə güllə səsindən oturmaq olmur, milləti qırırlar. Sonra evə qalxıb radionu qoşduq. Mayak radio stansiyası dedi ki, Bakı Sovet Ordusu tərəfindən tutulub. Yenidən həyətə düşüb tonqalın ətrafında səhər saat altıya kimi gözlədik. Naxçıvanski tərəfdən heç bir tank gəlmədi. Səhər saat 6-ya qalmış evə qalxdıq.

Günorta saat 12-dən sonra piyada Şıxlinski küçəsinə gəldik. Oradan bütün Bakını seyr etdik. Havada çoxlu tüstü var idi, sanki şəhərin bütün küçələrində tonqal qalamışdılar. Sonra bunun cavabını elə özüm tapdım: bu tüstü dünən gecə qalanan tonqalların tüstüləri idi. Oradan piyada düşüb Lenin kombinatı ərazisində yaşayan qohumlarımıza baş çəkdik. Onlar da küçədə hamı ilə birgə dayanıb söhbət edirdilər. Orda xeyli dayandıqdan sonra avtobusla Azadlıq meydanına gəldik, burda adam əlindən tərpənmək olmurdu…

Şəhidlərin dəfni yanvarın 22-nə Dağüstü Parka təyin edilmişdi.

Bunu Azadlıq meydanında hər gün keçirilən mitinqdən bilirdik.

Çünki cəbhənin liderləri çıxışları zamanı deyirdilər ki, orda 1918-ci ilin mart qırğınları zamanı ölənlərin qəbirləri var.

Qəbirlərin qazılması prosesində mən də iştirak etdim, ancaq bu, uzun sürmədi, çünki əlimdəki belin tutacağı əlimi yaraladı və çoxlu qan axdı. Həmin qan qazdığım qəbirin içinə töküldü. İndi o qəbirin yerini də, orda kimin basdırılmasını da bilmirəm...

Həmin gün evə gecə saat 4-də gəldik. Atamı qonşuda görəndə bir anlıq duruxduq. O isə bizi görən kimi kövrəldi və xeyli ağladı. "Allaha şükür, sağ qalmısınız!" - dedi. Və başına gələnləri söyləməyə başladı. Atam 1988-ci il dekabrın 4-də Qərbi Azərbaycandan köç edəndən sonra anamla Şamxor (indiki Şəmkir) rayonunun Barsum kəndində yaşayırdı.

"Eşidəndə ki, Bakıda milləti qırıblar. Tez Şamxora enib Bakıya gəldim, Şıxov çimərliyinə çatanda rus əsgərləri bizim hamımızı avtobusdan düşürüb üstümüzü yoxlamağa başladılar və sorğu-sual etdilər ki, şəhərə niyə gedirsiniz? Dedik ki, övladlarımızın yanına gedirik. Hamının əlini başına qaldırıb tərpənməmək əmrini verdilər. Mən bir az keçmiş yorulduğumdan əlimi aşağı saldım, bu zaman əsgərlərin biri ayağımın altına güllə atdı. Qorxumdan əlimi göyə qaldırdım. Ayaq üstə durduğumdan hiss etdim ki, güllə mənə dəyməyib, yoxsa yıxılardım. İki-üç saat bizi gözlətdiklərindən sonra avtobusun Bakıya girişinə icazə verdilər. Bura evə gələnə kimi elə bilirdim ki, sizə nəsə olub. Evin bağlı olduğunu görəndə isə ürəyim sancdı... Ancaq bir qədər sonra qonşudan sizi soruşanda sağ-salamat olduğunuzu dedilər".

Atam o gündən Sovetlərin məşhur kinosunda olduğu kimi bizim üçün "Əsgər atası" oldu.

Bütün cəbhə boyu oğlunu axtaran Əsgər atası kimi…

Əsgər Atamız indi bu dünyada yoxdur. 2007-ci ildə gedib o dünyaya və orda nə iş gördüyünü bilmirəm. Mobil telefonunun batareyası qutardığından ona zəng də edə bilmirəm…

Eynən 20 Yanvarda ölənlərin də heç birinə yaxınları zəng edə bilmir. Ancaq bunlar mobil telefonun varlığından xəbərləri olmadığından heç kəsdən mobil zəngi gözləmirlər…

Və son olaraq, "20 Yanvar gecəsi niyə Xalq Cəbhəsi liderlərindən heç kəs şəhid olmadı?" sualına baş vurmaq istəyirəm. Əlahəzrət bir cavab var: çünki onlar həmin gün kütlənin önündə deyildilər. Həmin gün kütlə özünü kütlə kimi apardı və öldü. Xalqın isə Azadlıq hərəkətinə inamı ölmədi, həm də bu qətliam onların ürəyində Sovetlərə olan nifrəti daha da artırdı…

Yəni Moskva özünün qurduğu qanlı 20 Yanvar oyununda elə özü uduzdu.

Sovetlərin sonuna Qorbaçovun köməyilə Amerika çatdı. Və Qorbaçov da özü də dərk etmədən qırdığı Bakının müstəqilliyinə imza atdı…

Az qala adam deyə ki, Azərbaycanın müstəqil olmasında hər kəs Qorbaçova borcludur, elə Amerikaya da…

...20 Yanvar gələndə ağlamayın…

Şuşa geri alınanda ağlayın. Çünki Şuşa itkisinin günahkarı nə Qorbaçovdu, nə də Amerika...

Şuşa işğalının günahkarlarının aramızda olmasına ağlayın!

20 Yanvar Azərbaycan tarixində əbədi qalacaq, çünki ən azından onun adını daşıyan metro stansiyası var…

Şəhidlər o vaxt Xalq Cəbhəsi üçün ölmədilər. Onlar sadəcə ölmək üçün öldülər...

P.S. Əbdürrəhman Vəzirov isə həmin gecə getdi. Hansı yolla, necə? Bunu yalnız onu ötürənlər bilir. Bir də özü.

Özü isə sağdır, 89 yaşı var. Hardasa yaşayır. Ona yaşamaq deyirlərsə, qoy yaşasın...

O da Şuşada doğulub. Şuşa alınanda onu aparmayın, sağ qalsa belə. Aparsanız da sürüşüb Şuşanın girişindəki kanyona düşəcək.

Onun yeri oradı. Şuşanın xatirinə kanyonun dibində qoy heç olmasa onun da izi qalsın...

Ona iz deyirlərsə...

Babək Göyüş