Müğənni toyda ayaqqabısını tapdalayan adamı döydü - Arif Səlimov

20 Yanvar 2019 20:32 (UTC+04:00)

AzNews.az-ın “Morze əlifbası” layihəsinin növbəti qonağı bəstəkar Arif Səlimovdur.

- Arif müəllim, saysız-hesabsız mahnıların müəllifisiniz. Bu gün gündəmdə olan sənətçilərin çoxusu sizin mahnılarınızla tanınıb. Amma həmin müğənnilər nədənsə efirdə, tədbirlərdə sizin adınızı çəkmirlər. Bunun səbəbi nədir?

- 12 ildir ki, mən mahnı bəstələyirəm. Saysız-hesabsız mahnılarım var. Mahnılarımı məşhur müğənnilər ifa edir. Onlardan xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Flora Kərimova, Samir Cəfərov, Nuriyyə Hüseynova və başqaları bəstələrimi sevə-sevə ifa edir. Müğənni Damla bir neçə bəstələrimi oxuyub. Bu gün gündəmdə olan gənc sənətçilərin də arasında mənim mahnılarımı oxuyanlar var. Hətta onların arasında eləsi var ki, mənim mahnımla məşhurlaşıb. Amma bir narazılığım var, onu dilə gətirəcəm. İstənilən bir müğənni mahnı oxuyursa, nə olursa-olsun, mütləq bəstəkarın, şairin adını çəkməlidir. Gənçlər, xüsusən də gündəmin məşhur müğənniləri bunu özlərinə yaxın buraxmırlar. Onların heç biri bəstəkarın adını çəkmir.

- Səbəbini necə izah edirlər?

- Heç nə, sadəcə deyirlər ki, “yaddan çıxıb, gələn dəfə çəkərəm”. Əslində mən buna inanmıram, çünki bir müğənni öz bahalı maşınının, geyimlərinin markasını, qiymətini hansı şəhərdən aldığını efirdə deyirsə, ifa etdiyi mahnının bəstəkarının adını niyə yadda saxlamasın ki? Onda mahnının sözlərini də unutsun da... Anlaya bilmirəm ey, mahnının müəllifinin adını necə unuda bilər? Şahidi olduğum bir hadisəini danışacam. Bu yaxınlarda Bakıda toyda idim. Qəfildən müğənnilər oturan masada böyük hay-həşir düşdü, hamı bir-birinə dəydi. Dedilər ki, görəsən müğənnini kim vurdu. Məlum oldu ki, qonaqlardan kimsə müğənninin ayaqqabısının üstünü bilmədən tapdalayıb. O müğənni dəli oldu, düşdü qonağın üstünə ki, “bilirsən bu ayaqqabını necə manata almışam? Bir maşının pulunu vermişəm”- deyə toyda ayaqqabısını tapdalayan adamı döydü. Bunu eşidəndən sonra öz-özümə dedim ki, Arif sənin heç kimi günahlandırmağa haqqın yoxdur. Ən böyük gunahkar elə mənim özüməm. Kim bir əşyanı, geyimi, yaxud da mülki baha qiymətə alırsa, onun qədrini daha dərindən bilir. Əgər mən mahnılarımı onu ifa edən müğənnilərə 1000-2000 min manat arasında satsaydım, onlar mənim adımı da çəkərdi, üstəlik adımı da ürəklərinə yazardı. Heç kəsdən belə qorxmuram. Mən onlardan milyonlar istəmirəm ki. Onlar anadan nankor doğulublar. Bu gün hamının gözü telefonlardadır. Heç kəs yanındakının üzünə baxmır. Bir adam tapmırsan ki, danışasan. Hamı internetdə, sosial şəbəkələrdədir. Mən bunun əleyhinə deyiləm. Düşünürəm ki, lalların dili nə vaxtsa açılacaq. Qarğışı sevmirəm, amma ürəkdən deyirəm, qədir bilməzlərin dili tutulsun, lalların dili açılsın.

- Sənətçilər sənətdən çox reklama vaxt ayırırlar. Evlərindən tutmuş gündəlik həyatlarına kimi foto çəkdirib, video paylaşırlar. Bununla bağlı nə deyə bilərsiniz?

- Sənət adamlarının işi-gücü özlərini reklam etməkdir. Hara gedirlərsə, ordan bir foto paylaşırlar. Heç görmüsən ki, hansısa biri müğənni öz anası ilə şəkil çəkdirsin? Ev, maşın, bahalı geyimlər, getdiyi toylar, nə bilim daha nələr. Bir sözlə, hara gedirsə, bir foto çəkdirib paylaşır. Amma mənim rəhmətlik anamla bağlı fotosessiyalarım var. Nə qədər ki, ananız sağdır, qədrini bilin, çalışın ki, gününüzün çox hissəsini onunla keçirəsiniz. Mən anamı itirəndən sonra dərk elədim ki, insan anasız heçdir. Ana bizdən nə istəyə bilər? Kənarda yüz oyundan çıxırlar. 10 dədiqəlik hisslərə görə vaxtlarını xərclədiyinz insan anadan artıq ola bilməz. Mən sənətçilərin anasına olan münasibətini görmüşəm. Məşhur müğənnilərdən birinin anası zəng edib deyib ki, “oğul, səndən narahatam”. “Əşi, sonra zəng edərsən” deyə həmin müğənni anasının üstünə bağırıb. 10 dəqiqəlik hissini, istədiyi anı yaşamaq üçün anasını aldadan insanları görmüşəm. Tanıdığm ailəli insanlar var ki, ailələrini aldadır. Yadınızdadır, bir neçə vaxt bundan öncə qərar vermişdim ki, daha özüm üçün yazacam. Yəni, yaxşı mahnılarımı özüm oxuyacam. Amma elə mahnılarım oldu ki, ondan ötrü mənə ağız açanlar oldu. Mən də özüm üçün yazdığım mahnılarımı onlara verdim. Düşünürdüm ki, pulsuz dəstək olduğum insanlar çətin anlarımda yanımda olacaqlar, amma olmadılar... Anam öləndə yanımda olan, mənə dəstək verən özünü deyən sənətçilər oldu. Gənclərin biri isə qapımı açmadı. Həmin gənc ağzını açanda elə bilir ki, bu, Flora Kərimovadır. Daha bilmir ki, Flora Kərimovanın heç ləpiri də deyil. Flora Kərimova sənətkar olmaq üçün illərini bu yollarda qoyub. Bu gün illərini səhnədə qoyan xalq artistlərinin hansına zəng etsən, telefonu özü qaldırır. Amma dünən səhnəyə gələn, hələ üstəlik də mənim mahnımı oxuyan birisinə zəng edirəm köməkçisi qaldırır. Deyirəm ki, Arif Səlimovdur? Deyir “tanımadım ey”. Nə deyəsən beləsinə. Mənim adım onun beyninə yazılmalıydı, nəinki repertuarına. Çünki mənim nəğməmlə tanınıb. Bu qədərmi lazımsız, uğursuz oldum. Heç kimdən heç nə gözləmirəm. Ürəyim dolu idi, danışdım ki, haqqımı tapdalayanlar sözünü götürsün. Səhnəyə yeni gələnlərin arasında elələri var ki, mənə dəyər verir. Özümə söz vermişəm ki, 800 manatdan ucuz mahnı yazmayacam. Amma o qədər müğənni var ki, onlara pulsuz mahnı yazmışam. Oxuyub, tanınıb, sayəmdə böyük pullar qazanıb, daha da bol olsun. Bu müsahibədən sonra kim mənə gətirib nə versə, onu heç vaxt götürmərəm. Danışmıram ki, kiminsə mənə yazığı gəlsin. Gecdir daha. Görün mən necə günə qaldım ki, evimdəki pianinonu satdım. Bəstəkar olasan, amma pianinon olmaya. Görün, mən nə çəkirəm...

- Mahnılarını necə bəstələyirsən?

- Görün nə çəkirəm də. Gecə başıma gəlir, telefona yazıram. Sonra yaxın dostların studiyalarında gedib onu bəstələyirəm. İnanıram ki, bir gün mənim pianinom olacaq.

- Çoxdan planlaşdırdığınız yaradıcılıq gecəniz nə vaxt olacaq?

- Yaxın aylarda Rəşid Behbudov adına Mahnı Teatrında bəstəkar gecəm olacaq. Varlığımı qəbul etməyənlər həmin gecədə məni Flora Kərimova, Nazpəri xanımla yan-yana görəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az