Mirzə Cəlillə Sabir Azərbaycanın yaxşı tərəflərini niyə göstərmirdilər?

21 Yanvar 2019 10:59 (UTC+04:00)

AzNews.az Niyazi Mehdinin “Milli özünüdanlağın tarixçəsinə giriş... Janr kodlarının törətdiyi iki Azərbaycan” yazısını təqdim edir.

Milli özünüdanlağın tarixçəsinə giriş

Mirzə Fətəlidən başlayaraq Mirzə Cəlil və Mirzə Ələkbər Sabirdə güclənən milli özünüqınayış, özünüdanlaq, özünəqəzəb mədəniyyətimizin eyibi, əskikliyi sayıla bilərmi? Bu soru 10-15 il öncə mənimlə Rəhman Bədəlov arasında baş vermiş bir dartışmanı yadıma saldı. Polemika mənim bir söylədiyimdən başladı ki, bizim maarfçi, modernist-müasirçi yazarlarımızın əsərlərindən görünən Azərbaycan gerçək Azərbaycan deyil. Rəhman bu sözlərlə razılaşmayıb ona qarşı məqalə də yazdı. İndi deyəsən, yenə həmin konuya qayıtmağın vaxtı çatıb. Ancaq məsələnin müzakirəsini dolğunlaşdırmaq üçün onu bir az geniş götürüm və dünyada ünlü mədəniyyət daşıyıcılarının öz kültürlərini refleksiya edəndə hansı tənqidlərə əl atdıqlarını bəzi örnəklərdə göstərim. Öncə isə bunu deyim ki, Nitsşenin almanlar, Bodlerin fransızlar haqqında qəzəbli sözlərinin yanında Mirzə Ələkbərin satirası toya getməlidir.

Dünya mədəniyyətində özünü qınamaya uzaqdan başlasaq

Ədəbiyyatda neqativlərə şakəri, bayğınlığı qaynaqlandıran bəzi arxetipik başlanğıclara baxaq. Belə bir güclü və təsirli deyim var: bütün Avropa ədəbiyyatının əsasında İuda motivi durur. Söhbət İsus Xristosun apostollarından oluban onu 30 sikkyə Ponti Pilatın əsgərlərinə satan İudadan gedir. Xristian gələnəyində o, xainliyin və xəyanətindən peşmanlığın rəmzidir. Ona görə də Avropa ədəbiyyatının bütün tarix boyu əsasından keçən leytmotiv kimi İudanı göstərirlər, çünki bu ədəbiyyatın bütün parlaq əsərlərinin kökündə suç və peşmanlıq durur. Bu motivi başqa terminlərlə Ziqmund Froyd Dostoyevski ilə bağlı qabartmışdı. "Dostoyevski ata qatili" adlanan kiçik məqaləsində yazarın romanlarındakı günah və peşmanlığın Pravoslav əsasını açmağa çalışanda söyləmişdi ki, rus dindarlığında belə sayılır ki, insan Tanrı qarşısında suç işlədib dərin peşmançılıq keçirəndə, tövbə edəndə onun ruhu Tanrı işığına açılır. Bu səbəbdən də, - Froyd yazırdı, - ruslar hesab edirlər ki, Tanrını dərindən bilib duymaq xatirinə günaha batmaq lazımdır ki, peşman olasan. Hərçənd mən bilmirəm nədən Froyd bunu yalnız Pravoslaviya üçün xarakterik sayırdı? Katolisizmdə də təxminən eyni ideya var.

Avropa ədəbiyyatında İuda motivini xristianlığın bu göstərdiyim ideyası ilə iç-içə edəndə mənim giriş söhbətim məzmunlaşmağa başlayır. Bu kontekstdə başa düşürəm nədən Batı mədəniyyətini xarakterizə etmək üçün "suç kültürü" deyimindən istifadə olunur. Məsələni bir az da açım. Rut Benedikt adında araşdırıcının sayəsində kulturologiya "Utanış kültürü", "Suç kültürü" anlayışları əsasında Batı mədəniyyəti ilə yapon mədəniyyətinin tipoloji ayrılığını düşünməyə başlamışdı. Araşdırıcı "Xrizantema və Qılınc" kitabında irəli sürmüşdü ki, yaponların davranışının özülündə biabır olub utanmaqdan qorxu durur: sosial rolunu, sosial buyuruqları və borcu (yaponca "on" və ya "qiri") yerinə yetirməmək yaponu biabır edir, "başını yerə soxub" utandırır. Bax, bu hala düşməkdən qorxu yaponu öz borcunu yerinə yetirməyə zorunlayır (aydındır ki, biabır olmaqdan qorxan adamları "utancaq" adlandırmaq olar). Benedikt bu kimi tipik faktlara və durumlara görə yapon kültürünü "Utanış kültürü" adlandırır.

Araşdırıcının düşüncəsinə görə, əxlaqa əməl etməyə amerikalını utancaqlıq yox, suç, günah duyğuları vadar edir. Batılı günaha batmağın əzabından çəkindiyi qədər əxlaqi dəyərlərə əməl edir, ona görə də "suç mədəniyyətinin" daşıyıcısı olur.

Rut Benediktin tipoloji açar-anlayışları sonralar yapon mədəniyyətindən dişarıda duran bir çox materiallara açar verdi. Örnəyin, Uppsala Universitetində çalışan bolqar sosioloqu Vessela Mişeva öz kitabında Yeni çağacan olan Avropa kültürünün tipolojisini "Utanış kültürü" ideyasında açdı və qıraqdan baxanların gözü altında qızarmaq durumunu utanma üçün önəmli saydı. Onun fikrincə, beləcə, əzəldən avropalı özünü Tanrının gözü qarşısında bildiyi üçün utancaqlıq psixolojisini qazanmışdı (araşdırıcı yada salır ki, Avropa kültürünün təməlində duran kitablardan "Tövrat"da Adəm və Həvva Allahın buyuruqlarını pozanda ilk öncə utanırlar, yəni bilik ağacının meyvəsini yeyəndə onların gözləri ayıblarına açılır və utandıqlarından ayıb yerlərini yarpaqla örtürlər). Mişevanın yozumu Avropa utancaqlığı ideyası ilə Rut Benediktin nəzəriyyəsinə uyğun olmasa da hər halda göstərdi ki, "suç və utanış" önəmli kulturoloji konseptlər ola bilər.

Bəndəniz də bir vaxtlar "Utanış kültürü" və "Suç kültürünün" göstəricilərindan alınan bölgü əsasında Azərbaycan mədəniyyətini düşünməyə çalışmışdı. Bu zaman Azərbaycan türkünün bəzi cümlələrinə səyahət etməklə utanışın ulusun psixologiyasında nə qədər dərin kök saldığını açmışdı.

İfşaçı tənqid maarifçilik paradiqması kimi

Bu söylədiklərimdən sonra çətin deyil görmək ki, Mirzə Fətəlidən başlayaraq Sabirəcən davam edən maarifçi ədəbiyyatın kökündə suçlandırıb utandırma paradiqması durur. Ədəbiyyatda "kimə, nələrə qarşı" prinsipi çox önəmli mətndüzəldici amildir. Yalnız məddahçı, apoloqetik tekstlər onsuz keçinə bilirlər. Bu nəyəsə qarşı çıxmaq təpgisi tənqidin də kökündə durur. Filosoflar deyərdi ki, təbiət boşluğu sevmir, ona görə hara boşalırsa, oranı tutur. İndiki kvant fizikası baxımından bu deyim köhnəlsə də, incəsənət üçün dəyərini saxlayır: sənət toplumda hara boşalırsa, oranı tutur. Əxlaq faydasını itirib ziyana çevriləndə onun yerinə başqa əxlaqı təklif edir, ənənəvi sənət bayağılaşırsa, yerinə başqa estetikanı sunur, din cansızlaşırsa, yerinə islahatçı dini "namizəd" göstərir. Nəyinsə yeri boşaldıb oranı tutmağa yönəldən tənqid pafosu XIX yüzildə Avropada o qədər güclü olmuşdu ki, hətta adında bu söz olan "tənqidi realizm" cərəyanı yaranmışdı. Hüqonu, Balzakı, Dikkensi, Zolyanı oxuyanda Avropanın ünlü şəhərləri çirkab dalanlarında, yoxsulluğun dəhşətində açılır. Onlar İuda xəyanətlərinin və peşmanlıqlarının səhnələri kimi verilir. Beləcə, Avropa, təxminən, Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin görükdürdüyü Azərbaycana tay görünür. Ancaq məni bu qavrayışdan sevmədiyim Lenin ayıltdı. Birdən yadıma saldım ki, onun rus insanına Avropanı örnək göstərən yazılarında bu Avropa Dikkensin Avropası deyil, çox səliqəli, uyqar (sivilizasiyon) dünyadır. Bu uyğunsuzluqdan nəticə çıxarmaq olardı ki, Balzak, Dikkens və başqaları bizi aldadırlar, yəni realizmə, gerçəkliyi doğru göstərməyə xəyanət edirlər. Mən isə başqa əqli nəticəyə üstünlük verdim: onlar seçdikləri tənqidi janrın dilində, kodunda dünyanı göstərdikləri üçün Avropa belə alınırdı. Ancaq onların göstərdiyi Avropa ilə yanaşı, başqa Avropa da vardı, bunu iqtisadi araşdırmalar, Hegel və Qərbin sosial-siyasi uğurları göstərirdi. Deməli, mədəniyyətdə plüralizm toplumun gerçək üzünü stereoskapik olaraq görməyə imkan verirdi.

İki Azərbaycan

Azərbaycan maarifçilərinin, modernləşmə ideoloqlarının seçdiyi "iç üzünü açma", ifşa etmə, tənqid paradiqması yazarları Qurbanəli bəyləri, şərəfsiz mollaları göstərməyə sürükləyirdi. Janr belə idi. Onun "oyun qaydası" hansı tekstlər və hansı narrativlər (söyləmlər) məsələsinə öz diktəsini edirdi. Bizim maarfçilər, demokratlar öz vəzifələrini vicdanla yerinə yetirirdilər və ona görə də onları böhtançı, milləti aşağılayan saymaq düz olmaz. Sadəcə, bizdə o biri Azərbaycanı göstərən tekstlər az olduğundan birinci qrup mətnlər gözümüzün qabağını pərdə kimi tutmuşdur. İndinin özündə də mən sovetlərdən öncəki Azərbaycanı "Molla Nəsrəddin" dərgisindəki karikaturalar kollajında gətirirəm. Ancaq konuya dolayı yanaşanda, bəzi sorulara cavab axtaranda o biri Azərbaycanı duymağa başlayıram.

Söylədiyimi örnəklərdə açım. Əhməd bəy Ağaoğlu Parisdə oxuyandan sonra Renan onu Sarbonda saxlamaq istəmişdi. O isə heç Bakıya da yox, Şuşaya qayıtmışdı. O vaxtlar indiki viza məsələsi yox idi ki, qayıtmağa məcbur olsun. Əgər Şuşa, Bakı "Molla Nəsrəddin" dərgisindəki Azərbaycan olsaydı, Ağaoğlu ora qayıdardımı?!

Bakıda erməni və başqa gəlmə kapitalistlərin gerçək rəqibi Zeynalabdin Tağıyev kimi milyonçularımız idi. Rus imperiyasında qanunçulluq hər halda indiki Avropadakı qədər deyildi ki, bizim neft milyonçularımızın arxasında azman dağ kimi dursun. Sözsüz, yabançı kapitalistlər onları neft sektorundan sıxışdırmağa çalışırdılar. Onların arxasında "Molla Nəsrəddin"dəki Azərbaycan olsaydı, bizim milyonçuların müqavimət gücümü qalardı?!

O dönəmlərdə başqa Azərbaycanın olmasını biz "Əli və Nino" romanından görürük. 1905-ci ildə erməni-müsəlman davasında azərilərin cavabından görürük. Erməni-türk qırğını düşəndə igidliyi ilə məşhur olan Tatoğlu Qara öz adamları ilə ermənilərə qan uddururdu. Ermənilər onu öldürməyə ürək etmədiklərindən, rus əsgərlərini ələ alıb onların vasitəsilə öldürmüşdülər.

Məşhur qaçaq dəli Alı erməni-müsəlman davasında kəndlərdən topladığı 2000 silahlı gənclə Gəncəyə girib düşmənlə vuruşmuşdu.

Başqa bir ilginc olay. "Difai" qurumu Bilal adında bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərmişdi. Kalasçapov Qarabağda diviziya komandiri olmuşdu və diviziyada qulluq edən ermənilərə mülki paltar geydirib türkləri qırmağa göndərmişdi.

Difai qurumuna mənsub olduğuna görə, Mirzə Məhəmməd adında gənc tutulur, ancaq sübut olmadığı üçün İran sınırlarına sürgün edilir. Gəncə dostları qoymurlar ki, göz bəbəyi kimi sevdikləri Mirzə Məhəmmədin ailəsi korluq çəksin. Onun sürgündə olduğu 5 il ərzində hamısı ailəyə kömək edir.

Sovetlərdən qabaq başqa Azərbaycanın olmasını məmləkətimizdəki qaçaqçılıq hərəkatı da göstərir. Çar rejiminə qarşı bu qədər qaçaq nə Gürcüstanda, nə ermənilərdə olmuşdu. Başqa Azərbaycana Cümhuriyyət hökumətinin qərarları, proqramları və atdığı addımlar da tanıq verir. Biz əgər Ermənistandakı, Gürcüstandakı milli demokratik hökumətlərlə Azərbaycan Cümhuriyyətinin atdığı addımları, qanunvericilik aktlarını tutuşdursaq, Azərbaycanı geridə yox, bəlkə də, irəlidə görərik (bu konu yaxşı dissertasiya mövzusudur). Farslar biz türklərə nə qədər təhqiramiz ləqəblər versə də, bir fakt göz qabağındadır. Bizdəki Əli bəy Hüseynzadələr, Üzeyir bəylər, Rəsulzadələr, Mirzə Cəlillər səviyyəsində və sayında onlarda düşünəri olmamışdı.

V.Veliçko görün "Qafqaz" kitabında azərilər haqqında nə yazır: onlar canlarına-qanlarına görə məğrur, ərdəmli insanlardırlar. İgidlikləri, alicənablıqları ilə seçilirlər. Mənəviyyatca, zəkaca yüksəlməyə həvəslidirlər. Dövlətçiliyə, hakimiyyətə sayğı göstərirlər. Onlarda yaxşı tarixi yaddaş var və igidliyə baş əyirlər. Onlar dindar və düz adamlardır. Dostluğa sadiqdirlər, sözləri üstündə durur, adları üstündə əsirlər. Bu xarakteristika ilə "Molla Nəsrəddin" dərgisindəki azərilər arasındakı fərq şaşırdıcıdır, sanki başqa-başqa uluslardan danışılır.

Tarixi qaynaqlar bildirir ki, 1842-ci ildə təkcə Xəzər vilayətində 605 məktəb vardı və onlarda 5742 uşaq oxuyurdu. Azərbaycanda təkcə Sabirin ifşa etdiyi mollalar iş başında deyildi. Əli bəy Hüseynzadənin babası Qafqaz şeyxülislamı Şeyx Əhməd Səlyani elmə, maarifə böyük rəğbət göstərir, evində ziyalıların toplantısını keçirirdi. Azərbaycanda belə mollalar, axundlar da az deyildi. Əli bəy yazır ki, babası 30 il öncə özümüzdə molla və axundları yetişdirəcək məktəbin proyektini hazırlamışdı. Ancaq çar hakimiyyəti onu qəbul etməmişdi.

Bəs bizdə nə çatışmır?

Dedim ki, Azərbaycan maarifçiləri islahatçıları yazdıqları əsərlərinin janrının diktəsi ilə milli yaramazları, alçaqları və milli xasiyyətdəki biabırçılıqları göstərməliydilər. Buna görə onları qınamaq olmaz. Olsa, onda gərək almanlar Niççeni, fransızlar Balzakı, Bodleri, ingilislər Dikkensi qınasınlar. Bir də ədəbiyyat özünü yaxşıları öyməyə həsr etməyi sevmir. Bəlli faktdır ki, yazarlar yaramazlıq, alçaqlıq ziddiyyətinə tutulmuş personajları daha güclü və bədii biçimdə göstərirlər. Ədəbiyyatın İuda motivini sevməsi də bundadır.

Sənətdə janrın etgisi altında dünyanın təhrif olunmasını media, publisistik yazılar, sosioloji və başqa araşdırmalar kompensasiya edir. XIX yüzildə və XX yüzilin Sovet öncəsi dönəmində bu kompensasiya yönümündən işlər az görülmüşdü və buna görə nə Mirzə Cəlilin, nə Sabirin suçu var. Sözsüz, onların əsərlərindəki Azərbaycan bizim gözümüzü hətta indi də elə tutub ki, o dönəmdəki o biri Azərbaycanı görə bilmirik və bir də deyim, buna görə Mirzə Cəlili, Sabiri suçlamaq insafsızlıqdır. Ancaq sonra Sovet ideologiyası onlardan istifadə edərək yeni nəsli inandırırdı ki, baxın, Azərbaycan nə gündəydi və biz onu necə düzəltdik. Sovetlərin Mirzə Cəlil və Sabirdən belə istifadə etməsinə görə də onların suçu yoxdur.

Bu yerdə bir formulamı verim: elə adamlar var ki, onlara baxanda Azərbaycana nifrət edirsən, elələri də var ki, onlara baxanda Azərbaycanı sevirsən. Gəlin, Azərbaycanı sevdirən adamlardan olaq! "Mola Nəsrəddin" dərgisinin karikatur adamları Azərbaycana nifrət yaradan kəslər idi. Ancaq, axı, Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə, "Molla Nəsrəddin" dərgisinə baxanda onların timsalında Azərbaycanı sevməyə bilmirsən! (Ədəbiyyat qəzeti)

AzNews.az