İran ilə Yaponiya arasında neft ticarəti bərpa edildi

21 Yanvar 2019 15:42 (UTC+04:00)

Yaponiya ilə İran arasında neft ticarəti bərpa edilib.

Bu sözləri İranın Mərkəzi Bankının sədri Əbdülnasir Himməti bəyan edib. Onun sözlərinə görə Türkiyə, Hindistan, Cənubi Koreya və Çindən sonra Yaponiya da İran ilə neft ticarətini bərpa edib.

ABŞ-ın sanksiyalarına baxmayaraq, bir sıra dövlətlərin İran ilə neft ticarətini bərpa etməsi ölkə iqtisadiyyatında canlanmaya səbəb olub. İlk növbədə, qeyd etmək lazımdır ki, İranın milli valyutası sabitləşməyə başlayıb.

Mərkəzi Bankin sədri bildirib ki, ABŞ İran iqtisadiyyatını dağıda bilməyəcək. Əvvəla İranın iqtisadiyyatı yerli istehsalı artırmağa yönəlib və İran zəruri mallara olan tələbatını milli istehsal ilə ödəyir. Digər tərəfdən ABŞ İranı təkləyə bilmədi. İran dünya dövlətləri ilə iqtisadi və maliyyə əməkdaşlığını davam etdirir.

Yaponiya İrandan daim neft alıb və qarşılıqlı əlaqələrdə heç bir problem müşahidə edilməyib. Odur ki, rəsmi Tokio sanksiyalara baxmayaraq, milli maraqlarını üstün tutur və İranla ticarət əlaqələrini davam etdirmək qərarına gəlib. Yaponiyanın sifarişləri qəbul ediləcək və istədiyi həcmdə neft satılacaq.(AZƏRTAC)

© AzNews.az