"Mişkovski" ya icarəyə veriləcəkdi, ya da satılacaqdı” - 15 milyonluq məhkəmə işi

21 Yanvar 2019 16:34 (UTC+04:00)

Mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Allahverdiyev ifadə verib. O bildirib ki, 2012-ci ildə "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından onun şirkətinə 30 milyondan çox kredit ayrılıb: "Əmlaklarımı da banka girov qoydum. Tikinti materialları almaq üçün kredit aldım. Hər ay da kerditi vaxtında ödəyirdim. 2015-ci ildə bankdan mənə dedilər ki, Azərbaycanda bankda vəziyyət qarışıb və krediti təcili ödəməliyəm. Mən də məhkəmə yolu ilə əmlaklarımı banka girov qoydum". Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, tikinti işlərinilə bağlı "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından başqa, Rusiya və Latviya banklarından da kredit götürüb: "Həmin banklara da başqa əmlaklarımı girov qoymuşam, hazırda işlər davam edir və kreditimi də ödəyirəm".

Daha sonra "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialının sabiq rəhbəri Fuad Abdullayev dindirilib. F.Abdullayev söyləyib ki, onun işlədiyi dövrdə R.Allahverdiyev bankdan girovla kredit götürüb: "Rauf "Mişkovski"nin tikintisi üçün bankdan kredit götürdü. Əgər o krediti ödəyə bilməsə "Mişkovski" ya icarəyə veriləcəkdi, ya da satılacaqdı". O deyib ki, R.Abdullayevin banka qoyduğu girovlar formal olmayıb, işlər rəsmi qaydada həll edilib.

Məhkəmə prosesi yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb. Məlumata görə, R.Allahverdiyev adını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib. Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb. Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb. R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Azər
AzNews.az