Sovet dövrü romanları və Aygün Kazımovanın erotik mızıltısı

21 Yanvar 2019 16:43 (UTC+04:00)

Roman janrı sanki ədəbiyyatdan bir qədər kənara çıxıb milli mədəniyyət abidəsinə iddia edir. Ona görə də burada yazıçı istedadı və fərdiyyəti ilə yanaşı, millətin ümumi mədəniyyətinin reproduktiv sağlamlıq əmsalı yüksək səviyyədə olmalıdır. Bu gün mədəniyyətimizdə bu sağlamlıq zəifdir, dünən də elə idi. "Mədəniyyət" deyəndə təkcə müvafiq nazirliyi nəzərdə tutmaq lazım deyil.

Sovet dövründə yazılmış romanlar zaydır, onların hamısı bir yerdə Aygün Kazımovanın "Qoy işığı söndürüm" sentimental-erotik mızıltısını xatırladır. Sosrealizm azad yaradıcılığın düşmənidir. Bir dostumun dediyi kimi, müasir roman intellektual Qərb hadisəsidir, açıq janrdır, özündə bütün başqa ədəbi janr törəmələrini yerləşdirib həzm etmək qüdrətinə malikdir. Bunu və həmin intellektual, mədəniyyətli, xalqa ruhən və fiziki tellərlə bağlı, onun tarixini, etnoqrafiyasını, milli mədəniyyətini, dilini və dinini bilən nadir yazıçını yaxşı cəmiyyətlər öz bətnində yetişdirir. Məsələn, vaxtilə roman janrının korifeyləri Nizamini, Firdovsini, Rumini və başqalarını böyük Şərq mədəniyyəti yetişdirmişdi. Sonra bu mədəniyyət tənəzzül edərək kölə, yarımmüstəqil xalqların mədəniyyətinə çevrildi və nəticədə... kimlərin yetişdiyi göz qabağındadır.

Kolumbiyalı Markes fenomeni əlahiddə istedad hadisədir, daha çox təsadüf kimi görünsə də, bütövlükdə Latın Amerikası romanının folklora doğru ümumi hərəkətinin tərkib hissəsidir. Mənim fikrimcə, XX əsr Azərbaycan ədəbiyyatında roman janrını müasir dünya mədəniyyəti hadisəsinə çevirə biləcək yalnız bir yazıçı - Cəlil Məmmədquluzadə vardı, Azərbaycan sovet hökuməti Baksovetlə birləşib onu acından öldürdü və bu, neft paytaxtının ortasında boş dəstərxanla qətl hadisəsi, ondan sonra gələnlərə böyük yaşam dərsi oldu.

Ədəbiyyatımızın bugünkü roman mənzərəsi heç zaman olmadığı qədər acınacaqlıdır, sanki "yazıçı" adlanmaq üçün AYB-nin qırmızı vəsiqəsi daha yetərli deyil, 3 səhifəlik hekayə yaza bilməyən qələmdarlar mənasız romanlar yazıb onu pula ciddi ehtiyac duyan tənqidçilərə, dost-tanışlara təriflədir, təqdimat keçirir, hətta mükafat-zad da alırlar. Bunlar hamısı uşaq oyunlarıdır, roman yazmaq qüdrətində olan yazıçı belə şıqqıltı və parıltılara heç zaman uymaz.

AzNews.az