Şəhid türk əsgərinə qoyulmuş abidə dəyişdirildi, yerində isə... - Araşdırma

22 Yanvar 2019 15:03 (UTC+04:00)

Bir ay əvvəl Dağıstanın Aqaçaul qəsəbəsində yerli kənd icmalarının və Kumık Türk icmasının təşəbbüsü ilə 2018-ci ilin dekabr ayının 15-də burada şəhid olmuş Qafqaz İslam Ordusu əsgər və zabitlərinin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulub.

Abidə Birinci Dünya müharibəsi dövründə burada kumık və digər xalqarın azadlığı uğrunda döyüşərək qəhrəmancasına şəhid olmuş türk zabitlərin şərəfinə ucaldılıb.

***

Birinci Dünya Müharibəsi dövründə İranın şimalında hərbi əməliyyatlar aparan Rusiya qoşunlarının tərkibindəki kazak birləşmələrinin komandanı, milliyyətcə osetin olan polkovnik Lazar Biçeraxov özünün rəhbərliyi altında olan kazak birləşmələriylə əksəriyyəti türk və müsəlman olan bu vilayəti işğal etmişdi. Qarabudaq kənd icmasının rəhbəri Əhməd Hacıyevın dediyinə görə, işğaldan dərhal sonra yerli qarabudaq və kumık türkləri işğaldan azad olmaq üçün türk və müsəlman qardaşlarını köməyə çağırmışdı.

Müraciətdən sonra Qafqaz İslam Ordusunun birləşmələri burada yaşayan türk və digər müsəlmanları əsarətdən xilas etmək üçün Mahaçqala istiqamətində hücuma keçir. Hücum nəticəsində Biçeraxovun qoşunu darmadağın edilir və yerli əhalinin təhlükəsizliyi təmin edilir. Döyüş zamanı Qafqaz İslam Ordusunun 138 əsgəri şəhid olur. 318 nəfərsə ağır yaralanır. Şəhidlər Aqaçaul kənd qəbirstanlığında dəfn edilir.

***

Bu hadisənin üstündən 100 il keçdikdən sonra, 2018-ci ilin 15 dekabrında Aqaçaul qəsəbəsində yerli türkdilli icmalar olan qarabudaq və kumık türkləri, eyni zamanda digər yerli müsəlmanlar Türk əsgərinin bu qəhramanlıq salnaməsini unutmurlar və şəhid olan əsgərlərin adlarını əbədiləşdirmək üçün burada onlara abidə ucaldırlar.

Abidə üzərinə aypara və 5 guşəli ulduz həkk edilmiş iki mərmər lövhə yerləşdirilir. Lövhədə burada şəhid olan əsgərlər və abidə haqqında 3 dildə - kumık, türk və rus dillərində məumatlar yazılmış lövhəcik də qoyulur.

***

Abidənin ucaldılmasından bir ay keçməmiş, bu günlərdə onun üzərindəki mərmər lövhə bir gecədə yoxa çıxıb, onun yerinə üzərində tamamilə başqa məlumatlar olan lövhə yerləşdirilib.

Bu barədə Eurasia Diary-yə məlumat verən yerli sakinlər qeyd ediblər ki, əvvəlki lövhəcikdə bu abidənin müsəlman qardaşlarının köməyinə gələn və şəhid olan qəhrəman türk əsgərlərinin şərəfinə ucaldıldığı qeyd edilirdisə, hazırkı lövhədə guya bu abidənin 100 il əvvəlki döyüşdə ölən rus əsgərlərinin şərəfinə ucaldıldığı qeyd edilir.

Baş vermiş hadisə yerli əhalidə ciddi narazılıq doğurub.

Məsələ ilə bağlı saytımıza danışan yerli icmalardan birinin təmsilçisi qeyd edib ki, bu qəfil dəyişiklik, heç şübhəsiz, yerli icra orqanları tərəfindən həyata keçirilib: “Biz bilirik ki, bu işdə yerli etnik dairələrin, ən əsası da ermənilərin “böyük xidmətləri” olub. Lakin bu məsələ belə qalmayacaq. Bu torpaqlarda haqqı olan insanları, döyüşçüləri anmaq, onların xatirəsini əbədiləşdirmək bizim borcumuzdur. Kimsə düşünürsə ki, onu da başqaları azad edib, getsin başqa bir abidə qoysun. Abidənin bu şəkildə korlanması və təhqir edilməsi yolverilməzdir”.

Eurasia Diary olaraq, yerli icra qurumları, həmçinin etnik icmalarla əlaqə saxlamağa, mövzunu gündəmdə saxlamağa çalışacağıq.

Mövzunun davamını saytımızda izləyin… (ednews.net)

AzNews.az