Mehman Hüseynov məsələsi kimin qələbəsidir?

22 Yanvar 2019 20:56 (UTC+04:00)

İctimai-siyasi həyatın aktiv isimlərinin azadlığa çıxma məsələsi ənənəvi olaraq, hansı prosedurlarla müsbət çözülürdüsə, gündəmin Mehman mövzusu da o cür xoş bir sonuca gəlib çıxdı.

Yəni, M. Hüseynov Azərbaycan Respublikasının Prezidentinə müraciət etdi, dövlət başçısı humanizm prinsiplərini rəhbər tutaraq, müvafiq qurumlara obyektiv və ədalətli araşdırma göstərişi verdi, bununla da zəruri tədbirlər görülüb, addımlar atıldı. Nəzərə alındı ki, məhkum gəncdir, artıq iki ilə yaxın cəzasını çəkib, yaşlı atası var və s. səbəblərə görə bu məsələni hadisənin iştirakçıları ilə Mehman arasında barışıq formasında həll etmək ən düzgün yoldur.


Prezidentin bu tövsiyəsindən sonra bir qrup hüquq müdafiəçisinin, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən M.Hüseynovun dövlət başçısına müraciətləri, həmçinin törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olması, hazırda məhkumun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması nəzərə alınaraq, Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Hansı tərəfdən baxırsaq-baxaq, bir gəncə azadlıqda olmaq şansını yaratmaq, onu bağışlamaq müsbət hərəkətdir, böyüklük əlamətidir, alqışlanmalı bir tövsiyədir.

Amma bu humanist addım üzərindən də özünü qəhrəman kimi təqdim etmək istəyənlər var; məsələ fərqli müstəviyə çəkilir. Guya 19 yanvar mitinqinin qələbəsidir, guya hakimiyyətə təzyiqlərin nəticəsidir.
Halbuki burada aydın bir gerçəklik var: Mehman Hüseynov məsələsi yağlı əppək kimi bəzi müxalifət qüvvələrinin, eləcə də Avropada ölkəmiz əleyhinə kampaniya aparan şəxslərin əlindən çıxdı.
Az görməmişik, insanların taleyi üzərindən oynanan çirkin oyunları, daha doğrusu, qazanılan pulları, hədəflənən iyrənc mənfəətləri. Barmağına daş dəyən heç bir gəncin, heç bir fərdin məsələsi, nə müxalifətin məsələsi olub, nə beynəlxalq aləmin. Amma dövlətin məsələsi mütləq olub. Çünki heç bir dövlətə onun nüfuzuna adi bir vətəndaş ucbatından dəyə biləcək zərbə gərək deyil. Əgər məhz bu məqamda udanın kim olmasından söhbət gedirsə, udan bəllidir.

Bulanıq suda balıq tutmaq sevdasına düşən dairələrsə, təbii ki Mehman və onun kimilərinin azadlıq, bağışlanma şansı ilə qaranlıq niyyətlərini suya düşürmüş olurlar.

19 yanvar mitinqinin gücü ilə yekələnmək çox böyük danışmaqdır və buna çəmiyyəti bir kənara qoyun, heç siyasi qüvvələrin özü və onların arxasındakı xarici çevrələr belə, inanmırlar.

Vaxt vardı, müxalifət meydanlar tutan aksiyalar tərtibləyirdi, amma heç belə zamanlarda hakimiyyət geri durmurdu-nə qədər adam etiraz edir-etsin! O, yalnız doğru, ədalətli bildiyində addımlar atır hər zaman!
Mehmanın məsələsinin ədalətli, xoş bir müstəviyə çəkilməsi çox bəsitdir: Azərbaycanı hər fürsətdə qarışdırmaq istəyənlərin cəhdinin qarşısı alındı, siyasi alət əldən çıxdı!

Mehman Hüseynovun prezidentə məktubunun hər çümləsi, intonasiyası siyasi qüvvələri tutarlı bir şəkildə yalanlayır. Yəni, Mehman Hüseynovun məhbusluğunun uzadılması məsləsinin hakimiyyətin öz planı kimi təqdim etmək iddiası çox gülüncdür, ləkə yaxmağa yönəlik xarakteri daşıyır.


Beləliklə, bu proseslərə soyuqqanlı yanaşan hakimiyyət M.Hüseynov məsələsini qabardaraq gündəm yaradanları, sosial şəbəklələrdə ajiotaj cəhdi edənlərin arqumentlərini heçə endirdi.

Elman Babayev

AzNews.az