“Həbsxanada aclıq aksiyası xəbəri yalandır“

18 Aprel 2013 15:35 (UTC+04:00)
"Media forum" saytı Qobustan həbsxanasında ömürlük məhbusların aclıq aksiyasına başlaması xəbəri ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında Qobustan həbsxanası ilə əlaqə saxladığını və orada heç bir aclıq aksiyasının keçirilmədiyini bildirib: "1998-ci ildə ölüm hökmü ləğv olunandan sonra bu hökmə məhkum olunan məhkumların cəzaları ömürlük həbs cəzası ilə əvəz edilib. Onlar çıxarılmış hökmə narazılıqlarını bildirərək dəfələrlə diqqəti cəlb etmək üçün aclıq aksiyası keçiriblər.

Bu məsələ ilə bağlı məhkum rəsmi olaraq cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməlidir. Əgər rəsmi müraciət olsa, onda həmin məhkum digər məhkum kütləsindən təcrid olunacaq və həkim nəzarətinə götürüləcək. Hazırda belə bir rəsmi müraciət yoxdur".

Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov isə açıqlamasında Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbusların hələ aclıq aksiyasına başlamadığını bildirib: "Bizdə olan məlumata görə, onlar aclıq aksiyasını aprelin 18-dən sonra etməlidir. Yəqin ki, gedib görüşəcəyik. Ombudsman ömürlük məhbusların işi ilə bağlı kifayət qədər iş görür. Konstitusiya Məhkəməsinə müraciət edib və Konstitusiya Məhkəməsi onların birinci instansiya məhkəməsinə müraciət etmək hüququnu tanıyıb. Onların bir çoxu ömürlük cəzanın müddətli cəza ilə əvəz olunması üçün müraciət edib və heç biri müsbət nəticə verməyib. Bu, məhkəmənin qərarıdır və ombudsman buna müdaxilə edə bilməz. Digər qaldırdıqları məsələ qanunvericiliklə əlaqəlidir, yəqin ki, Milli Məclisin buna münasibəti olmalıdır. Ombudsmanın səlahiyyətində olan hər bir məsələyə biz öz fikrimizi bildirmişik"

AzNews.az