Fərda Aminin yeni filmi təqdim olundu - “Taxi Liza”

23 Yanvar 2019 11:10 (UTC+04:00)

Yanvarın 22-də “Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineaPlus” premium kinoteatrında “Taxi Liza” filminin təqdimatı keçirilib.

AzNews.az-ın məlumatına görə təqdimat mərasimində aktyorlar, ictimayyət nümayəndələri iştirak ediblər.

Filmin məzmununa uyğun olaraq kinoteatr orijinal dekorasiya ilə bəzədilib. Həmçinin nümayişdən qabaq qonaqlara furşet təklif olunub.

“Taxi Liza” filmi komediya janrında çəkilib. Filmin quruluşcu rejissoru Rövşən Ağayev, rejjisorları Pərviz Həsənov və Cabir Hacıyev, ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradov, quruluşçu operatoru Həsən Aslanov, quruluşçu rəssamı Arif Niftiyev, rəssamı Tural Məmmədov, geyim üzrə rəssamı Aynur Bəhmənova, qrim üzrə rəssamı Eldar İsrafilov, səs rejissoru Sergey Nutrinenko, səs operatoru Emin Mahmudov, prodesürləri Vüqar Əliyev, Əlibala Rəhimov və Hüseyn Quliyevdir.

Filmdə Xalq artisti Cəfər Namiq Kamal, Fərda Amin, Ülvi Həsənli, Zemfira Əbdülsəmədova, Faiq Mirzəyev, Xəyalə Quliyeva və digərləri rol alıblar.

Bundan başqa, Türkiyədə yaşayan istedadlı aktyor, yazar və bədii qiraətçi Səbuhi Zaman (Bayramov) da filmdə çəkilmək üçün Azərbaycana dəvət olunub.

“Taxi Liza” yanvarın 24-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

AzNews.az