ABŞ-da növbəti atışma - Ölən var

23 Yanvar 2019 11:47 (UTC+04:00)

Birləşmiş Ştatların Çikaqo şəhərindəki bir ticarət mərkəzində baş vermiş atışma nəticəsində 18 yaşında gənc həlak olub. Ölümcül yaralanan Cavon Britton adlı şəxs xəstəxanaya çatdırıldıqdan dərhal sonra həyatını itirib.

Şəhərin polis rəisinin müavini Cozef Mitçelin sözlərinə görə, ayağından güllə yarası alan bir hadisə şahidinin ifadəsindən atışmanın kütləvi gülləboran deyil, mübahisə zəminində konkret bir nəfərə qarşı yönələn akt olduğu məlum olub. Polis rəisinin müavini əlavə edib ki, insidentin videomaterialları cinayətkarın öz qurbanını tanıdığını göstərir. Hadisənin baş verdiyi “Orland Square Mall” ticarət mərkəzi Çikaqonun mərkəzindən 45 kilometr aralıda yerləşir.

Polisin məlumatına görə, qətldə şübhəli bilinən 19 yaşlı Caharr Uilyams hadisə yerini hüquq-mühafizə orqanlarından əvvəl tərk edib və onun axtarışı davam edir. Caninin həbsxanadan şərti olaraq azadlığa çıxdığı, silahlı və təhlükəli olduğu ilə bağlı şəhər sakinlərinə xəbərdarlıq edilib.(AZƏRTAC)

© AzNews.az