Təyyarədən yoxa çıxan futbolçu qayıqla xilas olunub? - FOTO

23 Yanvar 2019 17:53 (UTC+04:00)

Xəbər verildiyi kimi, Fransanın "Nantes" klubundan "Cardiff City"yə keçən 29 yaşlı hücumçu Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə İngiltərəyə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına saat yarım qalmış radardan itib. Təyyarənin axtarışlarına helikopterlər cəlb olunub. Güclü külək axtarışlara mane olub.

Mütəxəssislər isə hesab edir ki, pilot və idmançı xilas ola bilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Gernsi polisi təyyarə radarlardan itdikdən sonra hadisələrin inkişafı zamanı bir neçə versiya yayıblar.

Birinci versiyaya görə, hava gəmisi quruya enib və sərnişinlərlə əlaqə yarana bilməyib. İkinci versiyaya görə, təyyarə suya enib və sərnişinlər dənizçilər tərəfindən xilas olunub.

Ən geniş yayılan versiya isə təyyarənin suya enməsi və pilotla idmançının xilasetmə qayığı ilə təyyarəni tərk etməsidir.

Son versiyaya görə isə təyyarə sərnişinlərlə birlikdə yerə çırpılıb.

Futbolçu Emiliano Salanın dostlarına göndərdiyi son səsyazma isə belə qeyd olunub:

"Salam, kiçik qardaşlarım, necəsiniz? Yorğunluqdan ölürəm. Bu gün işlərimi həll etmək üçün Nantda idim. İşlərim bitmək bilmir. Kardiffə getmək üçün təyyarəyə mindim. Amma təyyarə sanki dağılacaq şəkildədi. Əgər saat yarım ərzində məndən bir xəbər almasanız... Məni axtarmaq üçün kimlərisə göndərəcəklərini bilmirəm, çünki məni bu vəziyyətdə tapa bilməzlər. Həqiqətən də, çox qorxuram".

Fəridə Abdulla

AzNews.az