Məcburi köçkünlər arasında püşkatma keçirildi

23 Yanvar 2019 18:06 (UTC+04:00)

Ümid qəsəbəsində yeni mənzillərə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib.

AzNews.az məlumat verir ki, Lökbatan Mədəniyyət Sarayında təşkil edilmiş püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Qaradağ rayon ərazisindəki 9 obyektdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin başçıları növbə ilə püşk çəkərək, qəsəbədə əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.
Xatırladaq ki, Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.

Səidə Nurməmmədli

AzNews.az