“YARAT”da fotoqrafiya sənətinə mühazirə həsr ediləcək

24 Yanvar 2019 09:55 (UTC+04:00)

Yanvarın 30-da “YARAT” Müasir İncəsənət Məkanı Cənubi Qafqaz Səyyar Fotoqrafiya Muzeyi ilə birgə açıq mühazirə təşkil edəcək.

AzNews.az-ın məlumatına görə, “YARAT” Müasir İncəsənət Mərkəzində reallaşacaq bu tədbir muzeyin Bakıda ilk layihəsidir.

Tədbir çərçivəsində aparıcı müasir (regional və beynəlxalq səviyyədə tanınmış və yaradıcılığa yeni başlayan) fotoqrafların ən son əsərlərinin slayd-şousu nümayiş ediləcək.

Tədbirdə Tbilisi Fotoqrafiya və Multimedia Texnologiyaları Muzeyinin həmtəsisçisi və bədii rəhbəri Nestan Nijaradzenin – “Cənubi Qafqazda fotoqrafiya sənəti və Avropa mədəni innovasiyaları ilə əlaqə” adlı mühazirəsi dinləniləcək.

Səyyar Fotoqrafiya Muzeyi – Gürcüstan və Cənubi Qafqazın fotoqrafiya sənətinin pioneri Aleksandr Roinaşvilinin ixtirasıdır. XIX əsrin ikinci yarısında muzey Gürcüstan və Rusiya şəhərlərinə səyahət edərək, hər kəsi öz zəngin kolleksiyası ilə tanış edirdi. İndiki dövrümüzdə muzey öz adət-ənənələrinə sadiq olaraq qalır, bununla yanaşı qurum fotoqrafiya sənəti ilə bağlı ictimaiyyət üçün müxtəlif mühazirələr təşkil edir.

AzNews.az