Həyat yoldaşını 13 yaşlı oğlunun gözləri qarşısında öldürən şəxs yaxalandı

24 Yanvar 2019 11:34 (UTC+04:00)

Türkiyənin Adana şəhərində 13 yaşlı oğlunun gözləri qarşısında həyat yoldaşını qısqandığı üçün öldürən ata Hatayda bərbərdə tutulub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, həyat yoldaşını ürəyindən və boğazından bıçaqlayıb öldürəndən sonra oğlunu öpüb halallıq istəyərək qaçan ər Hatayın Ərzin kəndində tutulub.

Hadisə 21 yanvar günü səhər saatlarında Seyhanda baş verib.

İddiaya görə, at baxıcılığı edən 6 uşaq atası 55 yaşlı Yusuf A. onu aldatdığını düşünən 50 yaşlı həyat yoldaşı Leyla A.-nı davamlı döyməyə başlayıb.

Uşaqlarına görə susan qadın yaz aylarında döyüləndən sonra polisə zəng edərək şikayət verib.

Polis mərkəzindəki proseslərdən sonra Yusuf A.-ya qadından uzaq durmaq haqda təlimat verilib. O müddət ərzində qadın boşanmaq istədiyini bildirsə də, həyat yoldaşı tərəfindən ölümlə təhdid edilib. Bundan sonra isə boşanma qərarından vaz keçib.

At baxıcılığı edən kişi həyat yoldaşına pul vermədiyi üçün qadın tarlalarda işləməyə başlayıb. Buna baxmayaraq kişi onu aldatdığı iddiası ilə qadını davamlı döyüb.

Eyni səbəbdən baş verən mübahisə zamanı 13 yaşlı oğlu Abdullah Can A.-nın yanında həyat yoldaşını qovalamağa başlayıb. Qadın hamamda gizlənsə də, həyat yoldaşı qapını açaraq onun ürəyindən və boğazından bıçaqlayıb.

Hamamdan soyuqqanlı çıxan kişi əvvəlcə hamama girib bıçağı və əlini yuyub. Sonra qorxudan qaçan oğlunu tapıb alnından öpərək “Haqqını halal elə, mən gedirəm” deyərək bıçağı cibinə qoyub və evdən çıxıb. Uşaq, atası gedəndən sonra polisə zəng edərək “Atam anamı bıçaqladı, tez gəlin” deyib.

Səsləri eşidən qonşular da evə gəlib. Qadını qanlar içində görən insanlar tibbi yardıma xəbər veriblər. Ancaq tibb bacıları qadının öldüyünü bildirib.

Hadisə yerinə gələn Adana polisi hadisə ilə bağlı araşdırma başladıb. Ekspertizadan sonra qadın Diyarbakırda basdırılıb.

Bu arada cinayətkar kişi əvvəlcə avtobusa minib Hatayın Ərzin kəndinə gedib. Burada həyat yoldaşını öldürdüyü üçün televiziya və qəzetlərdə şəkilləri çıxdığına görə tanınmamaq üçün bərbərə gedib.

Ancaq bərbərdə sıra gözləyərkən bir nəfər onu tanıyaraq mobil telefonla polisə zəng edib və “Adanada arvadını öldürən şəxs burda bir bərbərdədir” deyə xəbər verib.

Polis həmin yerə basqın edib. Yusuf A. Adanaya gətirilib və haqqında istintaq başladılıb.

Həkim müayinəsinə göndərilən Yusuf jurnalistlərin “Həyat yoldaşını niyə öldürdün?” sualını “Peşmanam” deyərək cavablandırıb.

Pərvanə Ağazadə

AzNews.az