“Qarabağ münaqişəsinin nizamlanması istiqamətində...” - Deputat

24 Yanvar 2019 11:16 (UTC+04:00)

Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bir canlanma müşahidə olunur.

Bunu millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın dövlət başçısı ilə Ermənistanın hökumət başçısı arasında artıq üç, xarici işlər nazirləri səviyyəsində isə dörd görüş keçirilib: "Bu görüşlərin sayı da onu deməyə əsas verir ki, münaqişənin tənzimlənməsi istiqamətində müəyyən dinamika var".

E.Məmmədov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın N.Paşinyanın baş nazir seçilməsi ilə bağlı təbrik məktubunda vurğuladığı bir fikir də diqqəti cəlb edir:

"Tramp qeyd edib ki, ABŞ ilə Ermənistan arasında ticari-iqtisadi münasibətlərin, korrupsiyaya qarşı mübarizənin daha uğurlu olması üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konkret nəticələr əldə etmək lazımdır. Yəni faktiki olaraq rəsmi Vaşinqton Ermənistanla münasibətinin gələcəyini bu münaqişənin nizamlanması ilə bağlayır. Bu, önəmli məsələdir. Bu gün Avropa İttifaqı da təxminən eyni mövqedədir".

Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq xüsusilə bir məqamın üzərində dayanmalıyıq ki, Davosda Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqlar saat yarım davam edib:

"Bu danışıqlar ilk növbədə ona ünvanlanıb ki, artıq müəyyən addımlar atmağın vaxtı gəlib çatıb və bu istiqamətdə konkret işlər görmək lazımdır. Nəzərə alaq ki, xarici işlər nazirlərinin həm Milan, həm də Paris görüşündə ilk növbədə hər iki tərəfin xalqlarını sülhə hazırlamaqla bağlı konkret əməli addımların atılmasının zəruriliyi vurğulanmışdı. Məsələyə bu konteksdə yanaşdıqda hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan danışıqlar həm də ona işarədir ki, yaxın vaxtlarda artıq iki ölkənin liderləri arasında yüksək səviyyəli görüşlərin keçirilməsi üçün olduqca münbit şərait formalaşmaqdadır".(trend.az)

© AzNews.az