Xəbər verdiyimiz kimi, Qazaxıstanda iqtidaryönümlü Ak Yol Partiyasının nümayəndəsi Azat Peruaşev Baş nazirə Qazaxıstanın adının Qazax Respublikası ilə əvəzlənməsini təklif edib.
O bildirib ki, "2020-ci ildə müstəqil Qazaxıstanın dövlətçiliyində platforma olan SSRİ tərkibində Qazax Respublikasının yaradılmasının 100 ili tamam olacaq. Demokratik Ak Yol Partiyası dövlət səviyyəsində Qazax Respublikasının 100 illik yubileyinə diqqət ayrılmasını və bu tarixi layiqli qeyd etməyi təklif edir”.
Məsələ ilə bağlı AzNews.az filologiya elmləri doktoru, türkoloq Ramiz Əgərdən açıqlama alıb.
O, bu fikrin mümkünsüz, qrammatikaya zidd addım olduğunu bildirib.
“Ölkənin adı necə dəyişdirilə bilər? Niyə Qazax? Onda belə çıxır ki, Özbəkistanın adı özbək olmalıdı? Türkiyənin adı türk ola bilməz ki...Onun bir sonluğu lazımdı. “ıstan” məkan bildirən bir şəkilçidir. Şəkilçisiz olmaz. “Qazax xanlığı” ola bilər, “Qazax dövləti” sözü də ola bilər, amma dövlətin adı Qazax olsun, mümkün deyil. Qrammatikaya zidd bir addımdır, qətiyyən ola bilməz. Onlar “ıstan”dan niyə qorxurlar ki? Türküstan ölkənin adıdır, Qazaxıstanda bu adla bir şəhər də var. Hələ bu məsələ bir az qarışıqlıq yaratdı, qaldı ki, ölkənin adı dəyişə. Qətiyyən qəbul edilə bilməz və dəyişməzlər”.
Səidə Nurməmmədli
AzNews.az