ABŞ-ın Suriya nümayəndəsi Türkiyəyə gedir - Səbəbi açıqlandı

24 Yanvar 2019 12:00 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ceyms Cefrinin Türkiyəyə gələcəyini bildirib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu ABŞ-ın Suriyadan çəkilmə müddəti ilə bağlı təqvim verilmədiyini qeyd edib:

"Təhlükəsiz zona ilə bağlı verilən təqvim yoxdur. Suriyada kim nə etmək istəyirsə, Türkiyə ilə etməlidir. Təklikdə təhlükəsiz zona yarada bilərik".

Ceyms Cefri ilə baş tutacaq görüşlərdə ABŞ-ın çəkilmə qərarı və təhlükəsiz zona ilə bağlı son vəziyyətin danışılacağı gözlənilir.

Çavuşoğlu Ankara və Vaşinqton arasında müzakirələrin davam etdiyini vurğulayıb:

"ABŞ-la ümumi çərçivədə bir-iki nöqtədən başqa çəkilmə, koordinasiya, boşluğun terroristlərlə doldurulmaması, verilən silahların toplanması ilə bağlı fikirlərimiz üst-üstə düşür".

Qeyd edək ki, Cefri ən son yanvarın 8-də ABŞ Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Donford ilə birlikdə Ankaraya gedib.

Pərvanə Ağazadə

AzNews.az