Ərdoğanın Moskva səfərindən sonra Fərat əməliyyatı keçiriləcəkmi? - ŞƏRH

24 Yanvar 2019 12:48 (UTC+04:00)

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfər edib. O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Türkiyə-Rusiya münasibətlərini, Suriyadakı vəziyyəti və bir sıra məsələləri müzakirə edib.

Bəs bu görüşdən çıxan nəticələr nədir? Bundan sonra Suriya prosesi Rusiya-Türkiyə münasibətləri fonunda necə davam edəcək?

Mövzu barədə politoloq Natiq Miri AzNews.az-a açıqlama verdi. Onun sözlərinə görə, Moskvada prezidentlər arasında danışıqlardan sonra mətbuat konfransında açıqlanan fikirlərdən irəli gələrək demək olar ki, Türkiyənin təhlükəsizlik məsələsi bu görüşlərdə əsas danışıqlar predmeti olub:

"Düşünürəm ki, bu, Rusiya tərəfindən birmənalı qəbul edilib. Çünki Rusiya prezidenti Vladimir Putin də Türkiyənin təhlükəsizlik qayğılarını anladıqlarını və hörmət etdiklərini vurğuladı. Ayrıca, əsas məsələ olan təhlükəsiz bölgə mövzusunda da hər iki dövlət arasında razılığın olduğu anlaşıldı. Ancaq bu, o demək deyil ki, Suriya məsələsində Türkiyə ilə Rusiya arasında hansısa fikir ayrılıqları mövcud deyil. Bunlar mövcuddur. Görüş zamanı Putinin belə bir fikri oldu ki, Suriya rəhbərliyi kürdlərlə danışıqlar aparır və düşünürük ki, bu danışıqların aparılması bütövlükdə həm Suriyanın, həm də bölgədəki ölkələrin, o cümlədən Türkiyənin mənafeyinə uyğundur. Lakin mənə elə gəlir ki, bu, Türkiyəni məmnun edən məsələ deyil. Amerika Birləşmiş Ştatları kimi Rusiya da nədənsə PKK-nın Suriya qolu olan YPG və PYD terrorçularını kürd xalqı olaraq təqdim edir ki, bu da Türkiyə tərəfindən birmənalı şəkildə rədd edilir. Bu gün Suriya rəhbərliyinin terrorçularla hansısa danışıqlar aparması məsələsinin Türkiyənin təhlükəsizliyinə töhfə verəcəyi də qəbul edilmir. Ayrıca, YPG-nin gələcəkdə Suriyanın yenidən qurulma prosesində iştirakını Türkiyə bir dövlət olaraq qəbul etmir. Fikrimcə, bu, Rusiya və ABŞ rəhbərliyinin də diqqətinə çatdırılıb. Odur ki, 32 kilometrlik dərinlikdə nəzərdə tutulan təhlükəsiz bölgədə YPG-nin iştirakı mümkün deyil".

Politoloqa görə, açıqlamalardan o da bəlli olur ki, Türkiyə Suriyanın şimalında, Fərat çayının şərqində hərbi əməliyyatlar keçirərsə, Rusiya Suriyanın hava məkanını Türkiyə təyyarələri üçün açıq saxlayacaq:

"Ümumilikdə, Türkiyə prezidentinin Moskvaya rəsmi səfərini müsbət dəyərləndirirəm. Bu səfər azından həm də ABŞ-ın Suryadan çəkilmə məsələsində daha tez davranmasına təkan verəcək. Çünki Suriya məsələsində Rusiyadan verilən dəstək Türkiyənin bölgədə açıq əməliyyatlar aparmasına yaşıl işıq yandırmaq xarakteri daşıyır. Bu da o deməkdir ki, əgər ABŞ Türkiyənin tətbiqləri ilə razılaşmasa, onda Türkiyə özünün müəyyən etdiyi strategiya çərçivəsində hərəkət edəcək. Təbii ki, bu da ABŞ-ın Suriyadakı geosiyasi maraqlarına cavab vermir".

Elgün
AzNews.az