Çin televiziyası müasir lider obrazını İlham Əliyevin göstəriciləri əsasında təqdim etdi

24 Yanvar 2019 16:15 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibədə siyasi liderin hansı kriteriyalara cavab verməli olduğundan da danışıb.

Ölkə başçısı çinli jurnalistin bu yöndə olan sualına cavabında bildirib ki, liderik xüsusiyyətini əhatə edən bir neçə çox əhəmiyyətli məsələ var: “Xatırladığım birinci məsələ uzunmüddətli inkişaf strategiyasının planlaşdırılmasıdır. Yəni səyləri yalnız siyasi gündəlikdə duran tədbirlərlə məhdudlaşdırmaq lazım deyil. Siz xalqınızın 20 və ya 30 ildən sonra ölkənizi hansı səpkidə görmək arzusuna bələd olmalısınız və həmin məqsədə çatmaq üçün bu gün nə edəcəyinizi bilməlisiniz. Başlanğıcda biz uzunmüddətli infrastruktur haqqında danışırdıq. Bundan çox vaxt keçir. Lakin bu gün o, artıq öz nəticələrini verir. Fikrimcə, bu işlər, ilk növbədə, vacibdir. İkinci ən mühüm məsələ xalqa heç zaman yalan danışmamaq. Heç zaman həqiqət olmayan məsələni deməmək və icra edə bilməyəcəyiniz vədləri verməməkdir. Mənə gəldikdə, mən çalışıram və hesab edirəm ki, bu meyarlara cavab verməyi bacarıram. Eyni zamanda, səni tənqid edənlərə nail ola biləcəyin işlərlə cavab verməlisən. Əgər sənin haqqında danışan və yazan, səni tənqid edən və hücum çəkən hər kəsə cavab versən, sadəcə, vaxtını itirəcəksən, özünü o səviyyəyə salacaqsan. Lakin cavabını işlərinlə göstər. Biz, fikrimcə, buna nail olmuşuq və skeptik düşüncədə olanların hamısına, bilərəkdən bu cür davrananlara, səylərimizi sual altına almağa, qarşımızda maneə yaratmağa çalışanlara belə cavab verdik. Biz Bakıya gələn hər kəsə bunu göstəririk və onlar bilir. Onlar paytaxtın gözəlliyinin şahidi olur, bölgələrə gedirlər və nəticələri görürlər. Hesab edirəm ki, bu iki məsələ həm ölkə, həm liderin özü üçün vacibdir. Əgər o istəyirsə ki, xalq ona inansın, etimad etsin, dəstəkləsin, bu iki məsələ hər zaman liderin gündəliyində olmalıdır”.

Göründüyü kimi, ölkə başçısı əsl siyasi liderin necə olmasına dair fikirlərini açıqlayıb və həmin kriteriyalara özünün də hansı dərəcədə cavab verdiyini sadalayıb. İlham Əliyevin əsl siyasi liderə xas olan kriteriyalara uyğun olan səviyyədəki fəaliyyətini necə dəyərləndirmək olar?

Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bildirdi ki, deyilən mövzu çox geniş arealı əhatə edir və politologiya elmində ayrıca bir bölüm kimi tədris olunur: “Hazırda dünyanın ən nüfuzlu universitetlərində bunu bir fənn olaraq tədris edirlər. Bilirsiniz ki, hər bir elmi mənimsəməyin nəzəri və praktik tərəfləri mövcuddur. Prezident müsahibəsində bunun nəzəri tərəflərini izah edir. Praktik tərəflərini isə özünün gördüyü işlərə, əldə etdiyi nailiyyətlərə istinad edərək göstərir. Biz klassik Azərbaycan ədəbiyyatını oxuyanda da görürük ki, Prezidentin liderlik xüsusiyyəti ilə bağlı sələndirdiyi bütün fikirlər klassik ədəbiyyatımızda öz əksini tapıb. Orada da qeyd edilir ki, lider, başçı yalan danışmamalıdır, xalqın qeydinə qalmalıdır, ona atılan iftira və böhtanlarla bağlı həmin xislətli adamların səviyyəsinə enməməlidir. İlham Əliyevin liderliyi göz qabağındadır. Azərbaycan regionun lider ölkəsinə çevrilibsə, böyük dövlətlər bizimlə hesablaşırsa, bu, məhz İlham Əliyevin bacarıqlı lider olması səbəbindən baş verib. Əvvəllər isə həmin ölkələr bizim heç adımızı belə eşitməmişdi. Hazırda biz onlarla istər siyasi, istərsə də digər sahələrdə bərabərtərəfli partnyor kimi əməkdaşlıq edirik. Davosda geçirilən görüşlər, ölkə başçısının şəxsiyyətinə olan diqqət bir daha sübut etdi ki, İlham Əliyev deyilən bütün liderlik kriteriyalarına tam cavab verir. 2003-cü ildən sonra Azərbaycanın sürətli və dinamik inkişafında başlıca faktor məhz İlham Əliyevin xarizmatik lider olması ilə bağlıdır. Fikir verirsinizsə, edilən tənqidlər və hətta atılan böhtanlara belə İlham Əliyev heç vaxt cavab vermir. O yalnız ölkəni tərəqqiyə, inkişafa aparan fəaliyyətlə məşğul olur. Hesab edirəm ki, cənab Prezident liderlik xüsusiyyətlərini həm nəzəri, həm də praktik cəhətdən gözəl mənimsəyib. Onun bu fəndən verdiyi imtahanın nəticəsi isə hazırkı Azərbaycan, ölkəmizin dünyada əldə etdiyi nailiyyətlərdir”.(baki-xeber.com)

© AzNews.az