“İslam dinini yox, bizim İslamı anlamağımızı modernləşdirmək lazımdır” - Niyazi Mehdi ilə “Cümlə axşamı”nda

24 Yanvar 2019 17:29 (UTC+04:00)

AzNews.az “Cümlə axşamı” layihəsində filosof Niyazi Mehdi ilə müsahibəni təqdim edir.

- Niyazi müəllim, bu yaxında Şahbaz Xuduoğluna yazdığınız “Din və dindarlıq haqqında” məktubunuz dərc olundu. Elə o məktubdan çıxarış edərək ilk sualımı vermək istəyirəm: Allahsız yaşamaq asandır, yoxsa Allahla yaşamaq?

- Sual belə qoyulanda, ona “hə-yox” prinsipində cavab mümkünsüzdür. Adam var ki, Allaha inam oruc tutmağı, zina etməməyi, gündə 3-5 dəfə namaz qılmağı, özünü sərt mənəvi cızığa salmağı tələb edir. Hələ onu demirəm ki, insan belə yaşayanda və görəndə ki, o yox, axmağın biri lotoreyada maşın udub, yenə inamını saxlamağı bacarmalıdır. Belə inam, sözsüz, çətindir. Adam mənim kimi dində liberal olub namaz-filan qılmasa belə, özünü mənəvi intizamda saxlamağı bacarmalıdır – bu da çətindir. Ancaq asan dindarlıq da var. Allahla ilişgini korrupsioner prinsipdə qurursan, yəni düşünürəm, mən namaz qılıram, oruc tuturam, nəzir verirəm, etdiyim yaramazlıqlarla bağlı Allah məni başa düşər...

Əsl dindarlıq çox çətindir, çünki Onun ərməğanları olmadan da inamını saxlamalısan.

- “Allah var, Allah yoxdur” müzakirəsi nə vaxta kimi davam edəcək? Bu tərəflərdən hər hansı biri sonunda qalib gələcəkmi?

- 90-cı illərdə, deyəsən, qəzet “Yeni Fikir” adlanırdı, - orada mən Gündüz Sariyevlə, Vaqif İbrahimoğlu ilə müzakirələr aparmışdım, əsas ideyası əbədi söhbət idi. Bu ideyanı ağlıma Vaqif salmışdı: “Usta və Marqarita” romanının axırında usta İsusla söhbət edə-edə Ay işığında göyə qalxır. Həmin yazıda söyləmişdim ki, ateizmlə din arasında əbədi söhbət olacaq.

- Skandinaviya ölkələrinin timsalında da görürük ki, insanların rifah səviyyəsi yüksəldikcə dinə münasibəti dəyişir. Belə çıxır ki, din yalnız yoxsullara lazımdır? Dünyada, aclıq, yoxsulluq aradan qaldırılsa dinlər öz əhəmiyyətini itirəcək? Və ümumiyyətlə gələcəkdə dinsiz yaşamaq mümkün olacaqmı?

- Sanki düzdür. Ancaq Amerika da varlı ölkədir, di gəl dindarlıq yüksəkdir. Bununla nə edək? Sözsüz, xəstələnəndə aspirin alıb sağalsan, Allah yada düşməz. Hərçənd “qojan” ağır xəstələnəndə pirə gedirsən. Ancaq hər şeyi yaxşı olan adamlar da var ki, mənəvi böhrana düşürlər və imanda özlərinə sağaldıcı enerji qazanırlar. Yəhudilərin “Kabala”sının adı “qəbul” sözündəndir. Kitabın ideyası budur ki, nəsnələr və canlılar nələri qəbul edə bilmələri ilə fərqlənirlər, elə insanın da insandan fərqi bundadır. Zəlzələnin sorağını verən siqnalları biz qəbul edə bilmirik, it-pişik, deyəsən, edir. Aydan gələn təsiri biz duymuruq, dəniz isə duyub qabarır… İndi, adamlar var ki, qorxanda, gücsüz olanda, işi düşəndə İlahi soraqları qəbul edir. Adamlar da var ki, elə mutlu olanda da imana həssasılığı, duyğunluğu qalır.

- Bir müddət əvvəl Allah haqqında bir statusunuzu oxudum. Belə başa düşdüm ki, siz dünyanın materialistcəsinə yarandığını qəbul edirsiniz, sadəcə Allahsız, dinsiz də yaşamaq istəmirsiniz.

- Qətiyyən. Mən orada göstərmişdim ki, materiya deyilən nəsnə, əslində, materiyanın cismaniliyinə oxşamayan “saplardan” hörülüb. Yəni materiyanın ilmələri qeri-materiyadır. Sorunuzun ikinci tərəfinə keçim. Hərə bir dünya modelinin içində yaşayır. Qanuni oğruların yaşadıqları dünya modelində nələr var? Adama baxanda hesablayırlar, bunun oğurlamağa nəyi var? Qanuni oğruların dünyasında qayda var ki, evlənmək olmaz, millətçi olmaq olmaz, polis səndən soruşsa, qanuni oğru olduğunu danmamalısan. Hərə bir dünya modelində və ya anlaqlı olsun deyə belə deyim hərə bir aləmdə yaşayır. Mənə Allahlı aləm modeli daha yaxındır.

- Bir azərbyacanlı filosof olaraq sizi indi ən çox düşündürən məsələ nədir?

- Fəlsəfə adı ilə girdirmə fikir soxuşduranlar çoxdur. Girdirmə fikir eləcə adi fikir deyil, fikir görüntüsüdür. Buna fikir mimikriyası da demək olar. Fəlsəfi yazılarda ərəb-fars sözlərinin 80 faizə çatan bolluğu fikir mimikriyası üçün yaxşı şərait yaradır. Şeyx Nəsrullanın danışığını yada salın. Belə yazıları, tutalım, ruscaya çevirəndə ərəb-fars avazı gedir, yerində çox cılız fikir qalır. Bizim fəlsəfi dilimizdə öztürkcə hələlik heç olmasa 60-70 faiz olmalıdır ki, fikir fırıldaqçılarının əlində fırıldaq vasitəsi qalmasın və başlasınlar fikirləri varsa, yazmağa. Baxın Kamal Abdullanın, Nizami Cəfərovun, Aydın Talıbzadənin (yaş ardıcıllığı ilə düzürəm), Ağalar Qutun yazılarına – yazılar elə olmalıdır. Onların hamısının yazıları fəlsəfə üzrə deyil. Ancaq sözüm odur ki, fəlsəfədən yazılar da onlarınkı kimi olmalıdır.

- Bir müsahibənizdə donuz ətinə münasibətinizin o qədər yaxşı olmadığını demişdiniz. İslam dininin ayinlərinə riayət edirsinizmi? Mən dinin namaz, oruc kimi əsas buyruqlarını demirəm.

- Elə əsas ayinlər onlardır. Etmirəm. Ona görə təsəvvüf mənə daha yaxındır, buyurur ki, adi möminlər əhli-şəriət olmalıdır, ariflər isə şəriətə əməl etmədən də mömin ola bilər, yəni şərab içərək, Şex Sənan olaraq…

- Adətən bizim ziyalıların əksəriyyətinin dinə - İslama münasibəti neqativ olur. Ancaq siz açıq şəkildə deyirsiniz ki, mən İslamı sevirəm. Bu sevginin bədəlinin ağır olmasından qorxmursunuz?

- Niyə ağır olmalıdır? İranda yaşasaydım, ağır olardı və qorxardım. Rafiq Tağını gözləyən taleni görsəydim olardım. Yəni düşünsəydim ki, bir axmaq mənim itslahatçı İslam ideyalarımı ateizm kimi qanıb məni vuracaq, həyəcanlanardım. Belə təhlükəni, səhv, ya doğru, görmürəm və sevinirəm ki, Azərbaycanda belə ortam var. Ancaq mən deyə bilmərəm ki, bizdə ziyalılar arasında İslama yanaşma neqativdir… Gənclərin arasında ateistlər var, canları sağ olsun, kimlərsə sonra dinə gələcək, kimlərsə dindən ateizmə keçəcək…

- Sizcə, İslam dininin modernləşməsinə ehtiyac varmı? Yoxsa elə moderndir?

- İslamın Allahdan gəldiyini sanan hər kəs onu həmişə çağdaş, yəni modern sayacaq. İslam dinini yox, bizim İslamı anlamağımızı modernləşdirmək lazımdır. Ancaq kim dədə-baba İslamında rahatdır, onu müasirldəşdirməyə gərək yox. Sadəcə, o özünün anladığı İslamı əsl İslam sayanda təhlükəyə çevrilir.

- İnsanlarımızın sosial şəbəkələrdən aktiv istifadəsi özü ilə bərabər xarakter dəyişikliyi də gətirirmi? Müşahidələrinizi bölüşə bilərsiniz?

- Bununla bağlı müşahidələrim yoxdur. Ancaq deyəsən, adamlar bir az savadlı yazmağa başlayblar, BİR AZ.

- Sizcə, süni intellektin inkişafı, tibbdəki klonlaşdırma və bu kimi yeniliklər dünyanı öz etik düşüncələrini yenidən formalaşdırmağa vadar edəcəkmi? Ümumiyyətlə, siz bu yenilikləri təhlükə kimi görürsünüzmü?

- Bu sualınız ciddidir, ancaq onun cavabını hələ düşünməmişəm. Onun üçün maraqlı saydığım bir şey deyə bilməyəcəm.

Mirmehdi,
AzNews.az