Heç bir sosial bazası olmayan şəxslər uğur qazana bilməz - ŞƏRH

25 Yanvar 2019 14:03 (UTC+04:00)

"Özünü müxalifət hesab edən dairələrin son vaxtlar aktivləşməsinin və ya aktivləşmək cəhdinin hansı məntiqlə izah olunması həqiqətən də maraqlıdır. Uzun illər ərzində bir uğur qazana bilməyən, nəinki prezident seçkiləri, parlament seçkilərində də fərqli nəticə əldə edə bilməyən fiqurların bundan sonra hansısa ciddi siyasi nəticə əldə etməsi qeyri mümkündür".

Bunu AzNews.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev​ bildirdi.

O, özünü müxalifətin, eləcə də etiraz mitinqlərinin lideri kimi zənn edən Əli Kərimlinin və onun məhdud tərəfdarlarının son günlərdəki canfəşanlığını dəyərləndirərkən dedi:

"Əslində, bu aktivləşmənin kökündə dayanan səbəblər var. Görünür, Avropa parlamentinin qəbul etdiyi və sonradan az qala imtina etmək məcburiyyətində qaldığı qərəzli qətnamədən, ABŞ-da senatorun bəyanat verməyindən və orada bir səfirin Azərbaycanla bağlı əsassız yazı yazmağından ruhlanıblar. Əslində, nə etmələrindən asılı olmayaraq, heç bir sosial bazası olmayan şəxslərin uğur qazanması, nəyəsə nail olması mümkün deyil. Bu şəxslər hazırda Azərbaycanın sürətli inkişaf tendensiyası daxilində sürətlə əriyib yox olmaq perspektivinə malikdirlər".

A.Quliyev hesab edir ki, radikal müxalifətin planlaşdırdığı 26 yanvar mitinqinə razılığın verilməməsi çox düzgün bir qərardır. Ona görə ki, ayın 19-dakı mitinqdən sonra mitinq yox, yürüş keçirilməsi ilə bağlı radikal düşərgədə bəzi söz-söhbətlər gedirdi, ixtişaşlara çağırışlar səsləndirilirdi. Yəni açıq-aşkar cəmiyyəti qarşıdurmaya sürükləmək meyllərinin olduğu görünürdü:

"Düşünürəm ki, belə şəraitdə icra hakimiyyəti orqanları tamamilə doğru qərar veriblər. Düzdür, radikal dairələr bunu belə izah etməyə çalışacaqlar ki, guya hakimiyyət onlardan qorxur, çəkinir, yaxud 19 yanvarda mitinq o qədər “əzəmətli” olub ki, nəticədə belə qərar qəbul etməyə məcbur olub. Lakin burada hakimiyyətin qorxması, çəkinməsi üçün heç bir əsas yoxdur. Əvvəla, Azərbaycan cəmiyyəti bütövlükdə radikal müxalifətin yanında olmaqda, onu dəstəkləməkdə heç bir effektivlik görmür. İnsanlar düşünürər ki, radikal müxalifətin bu cür davranışları Azərbaycana yaxşı bir gələcək vəd eləmir. Digər tərəfdən, bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur".

Əli Kərimlinin Azərbaycan cəmiyyətində necə qəbul olunmasına gəldikdə siyasi şərhçi belə cavab verdi:

"Hər hansı bir siyasətçinin cəmiyyət tərəfindən nə qədər qəbul olunub-olunmadığını onun seçki prosesindəki səsvermə elektratından və kütləvi aksiyalarda onu dəstəkləyən insanların sayından asılıdır. Hər hansı bir siyasi liderin öz perspektivini onun malik olduğu geniş beynəlxalq əlaqələri, ölkədə əxlaq normaları çərçivəsində olan dayaqları nümayiş etdirir. Ən azı, saydığım bu arqumentlər əsasında nəticə çıxarmaq olar ki, kim Azərnbaycan müxalifətində hansı gücə malikdir.

Hər kəs özü haqqında yüksək fikirdə ola, özünü lider kimi təqdim edə bilər, amma reallıq tamamilə başqadır. Hesab edirəm ki, konkret Əli Kərimlinin özünü müxalifətin şəriksiz vahid lideri kimi təqdim etməsinə qarşı elə müxalifət düşərgəsinin özündə çıxışlar olacaq".

Elgün
AzNews.az