Qələm adamları Afət Fərmanqızını dəstəkləyir? - Sorğu

25 Yanvar 2019 13:41 (UTC+04:00)

Müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə “Pəncü-şeş” adlı mahnı oxuması geniş müzakirələrə səbəb olub. Tənqid edənlərin bir qismi Afəti hind musiqisindən istifadə etməkdə qınayır, digərləri “Sığmazam” kimi dərin məzmunlu, fəlsəfi qəzəlin belə banal məqsədlər üçün istifadəsinə hiddətlənirlər.

Bəs ədəbiyyat adamları bu barədə nə düşünür?

AzNews.az sorğunu təqdim edir.

Yazıçı Nisə Bəyim: “Məndən olsa, Nəsiminin sözlərinə musiqi bəstələnməməlidir. Amma heç kimə qadağan eləmək də olmaz. Deyim ki, mahnı qəzəlin bəhrinə uyğun döyüş ruhunda oxunur. Bizim yaxşı nəsimişünas müəllimlərimiz olub. Onlardan biri Nəsiminin o biri şairlərdən fərqini döyüşçü olmağında görürdü. Deyirdi, onun qəzəlində təbil ritmi çalınır. O cür də oxuyurdu. Bu mahnının təbil kimi oxunması kiminsə məsləhəti ilə olub. Hürufiliyin Tibetdən gəlməsi sirr deyil. Müəllif müğənninin özüdürsə, xeyli məlumatlıdır....”

Tənqidçi Məti Osmanoğlu: “Mən bunu əhəmiyyətsiz məsələ hesab edirəm. Bunu gündəliyə gətirməyə dəyməz. Ancaq filoloji baxımdan gündəliyə gətiriləsi bir məsələ varsa, o da xanımın qəzəlin ilk misrasını "Məndə sığar ikən..." kimi oxumasıdır. Vaxtilə bu versiya Nəsimini düzgün başa düşməməkdən, onu ateizmə bağlamaqda irəli gəlmişdi. İndiyə qədər təkrarlanması təəssüf doğurur. "Nəsimi" filmində də Nəsiminin şeirlərinin meyxana ritmləri ilə oxunduğu səhnə var. O vaxt buna heç kim etiraz etməmişdi... İndi “Nəsimi ili” elan edilib. Yazılacaq elmi əsərlərin çoxunun bu mahnıdan səviyyəli olacağına inanmıram”.

Yazıçı Narıngül: “Xoşuma gəldi, ritmik mahnıdır. Müğənni zamanın nəbzini tutub. Burda elə bir qəbahət görmədim. Qəzəli başqa müğənnilər də götürüb musiqi yaza bilərlər. Doğrudur, sözlər hind musiqisi ilə sintez olunub. Ola bilər ki, insanları da bu qıcıqlandırır. Düşünürəm ki, əgər mahnı bu qədər müzakirəyə səbəb olubsa, deməli dinlənəcək, el dili ilə desək “tutacaq”. 2019-cu il “Nəsimi ili” elan olunub. Musiqi daha tez yayılır, daha gözəl təbliğat vasitəsidir. Onu bütün təbəqədən olan insanlar dinləyir. Bu mahnı da Nəsimini daha çox tanıdacaq, xəlqiləşdirəcək”.

Yazıçı Pərviz Cəbrayıl: “Mənə görə, kim nəyi və necə oxuyursa, özü bilər. Sərbəstdir. Dinləməyən dinləməz. Zövqü korlamaqdırsa, o da boş söhbətdir, əvvəla, zövq çoxdan korlanıb, üstəlik də fars-hind diringi ritmində oxuyan adamlar bu millətin zövqünü korlaya bilərsə, onda qoy elə korlasınlar.

Mən hansısa toyxana müğənnisinin Nəsimiyə müraciət etməsini alqışlamaq istərdim, ancaq baxıram ki, niyyət saf deyil, yenə epataja, kommersiyaya (bir gülləylə iki quş) hesablanıb. İli Nəsimi ili elan etdilərmi? Adam dərhal burdan bir xal qoparmaq istəyib. Yəqin ki, bu il hansısa rəsmi tədbirlər keçiriləcək və bu mahnıcığaz da orda siyahıda olacaq. Bunu da bir yana qoyuram. Nəsiminin sayəsində adı dillərə düşəcək bizim sayəmizdə, onu da bir tərəfə ataq.

Məni kədərləndirən ayrı şeydir. Nəsiminin hardan-hara enməsi. Buyur, sənə zövq. Artıq o boyda Nəsimi bu xalq üçün bir toyxana səviyyəsində dərk olunan biridir. Budur, bizim çağdaş mədəni səviyyəmiz. Bəli, xalq bunu dinləyəcək, hətta toyxanalarda içib dünyaya sığmayanlar bunu sındıra-sındıra oynayacaq, ancaq hansısa nəsimişünasın Nəsimidən bəhs edən sanballı bir kitabı heç vaxt alınmayacaq, o alim də ömrü boyu acından öləcək, ya gedib bazarda kartof satmağa, ya da rəsmi ənamlara boyun əyməyə məcbur olacaq”.

Yazıçı Alpay Azər: “İbtidai musiqi təhsilim imkan verir deyim ki, biabırçı, 5-ci dərəcəli bir mahnıdır. O qız bu mahnını "bəstələyənə" qədər bilməliydi ki, onun yuxusuna Nəsimi yox, Nəsimi cildində şeytan girib. Və sonda belə bir "sevdadan" əl çəkməliydi”.

Şair Cəlil Cavanşir: “Afət xanıməfəndinin fərqli və ecazkar ifasından sonra mən hurufizm və sufizm barədə uzun-uzun düşündüm. Hörmətli müğənnimiz hind musiqisinin əsrarəngiz elementlərini hurufizm elementləri ilə birləşdirərək (öz ovsunlu səsini də bu məqamda unutmayaq) tamam fərqli musiqi əsəri ifa etmişdir. Bu əsərin ifa edilməsi və geniş kütlələrə çatdırılmasında mistik element isə Afət xanıməfəndinin röyasına Şeyx Nəsiminin girməsidir. Urbanistik təfəkkürlə Nəsimiyə yanaşanlar, bu sufi mesajı anlamadıqları üçün əbəs mübahisələr və polemikalar açırlar. Halbuki əyalət fəlsəfi mühitində yetişənlər bu kimi təsəvvüf elementlərindən məlumatlıdırlar. Bu gündən etibarən "Nəsimi ili"nin sonuna qədər bu əsəri dinləyəcəyəm. Xüsusilə meditasiya və zikr zamanı, "ənəlhəqq" məqamına ulaşmaq üçün bu vasitəni gənc nəsimişünaslara da tövsiyyə edirəm”.

AzNews.az