Azərbaycana həris siqarlı gizli qüvvələr

25 Yanvar 2019 14:21 (UTC+04:00)

Müxalifətin 26 yanvarla bağlı mitinq müraciətinə icazə verilməyəndən sonra sosial şəbəkələrdə bunu hakimiyyətin dala çəkilməsi kimi yozdular. Əslində, səhv yanaşmadır. Regionda güc sahibi olan Azərbaycan üçün mitinqin qarşısını almaq çətin deyil. Bunun üçün 15 dəqiqə kifayətdir. Bu aydındır. Bəs, niyə hakimiyyət mitinqə icazə vermədi?

Müxalifət deyir ki, “hakimiyyət adamların çox olduğunu görüb təlaşa düşdü”. Məntiqlə yanaşsaq, təlaşa düşməyə səbəb yoxdur. Adamların çoxluğu, ya azlığı vahimə doğurmur. Çünki icazəli mitinqdə adam çoxluğu kiməsə təhlükə yaratmır. “Məhsul” stadionunun içində nə təhlükə ola bilər? Bəs, axı səbəb nədir ki, hakimiyyət mitinqə icazə vermədi? Günah 20 yanvar şəhidlər günündə baş verən hadisə ilə bağlıdır. Əgər müxalifət üzvləri həmin gün qarşıdurma yaratmasaydılar, yəni sadə adamlara tətbiq edilən buraxılış qaydasına əməl etsəydilər, 26 yanvar mitinqinə də icazə veriləcəkdi. Səbəb aqressiya hisslərinin yaranması, bununla da dövlətin xaosa sürüklənməsi, idarəolunmaz səviyyəyə çatmasının qarşısının alınması üçün atıldı. Kinoda deyildiyi kimi topu-topxanası olan dövlətin güc strukturlarına mitinqin dağıdılması çətinlik yaratmaz. “Qorxdu”, “çəkindi”, “dala çəkildi” kimi sözlər bayatıdan başqa bir şey deyil.

Müxalifətin səhvi mitinqi dinc qaydada keçirməkdə davam etməməsi oldu. Hakimiyyət 26 yanvar, ondan sonrakına da icazə verəcəkdi. Əgər xaosa istiqamətlənən nizamsızlıq yaranmasaydı. Müxalifətçilər Avropa mitinqlərinə icazə verilməsindən danışanda nəyi unudurlar? Məsələn, unudurlar ki, Avropadakı mitinqlər dinc qaydada keçirilir. Hər hansı məsələ ilə bağlı – bahalaşma, heyvanların hüquqlarının pozulması, hökumətin sosial siyasəti tənqid edilir, yürüş keçirilir və başa çatır. Bununla hökümətlərinə nədə səhv etdiklərini, əhalinin nədən narazı qaldığını nəzərə çatdırıb uzaqlaşırlar. Amma bizim icazəli mitinqdə və ondan sonra nə baş verdi? Sosial şəbəkələrdə çağırışlar oldu. Çağırışlarda yazılırdı ki, “hakimiyyətin başına oyun açmalıyıq”, “məmurların evini yandıracağıq” və sair. Üstəlik, 20 yanvar mərasimində baş verən qarşıdurma. Çağırışların aqressiyası onu göstərdi ki, mitinqlər dinclikdən çıxıb xaos istiqamətinə yönəlməkdədir. Nəticəsi heç Əli Kərimli üçün də yaxşı qurtarmayacaqdı. Çünki xaos baş verəndə Əli Kərimli də kimisə sakitləşdirə bilməyəckdi. Bununla da 26 yanvar mitinqinə icazə verilməməsi əslində müxalifət liderlərinin özünü xilas etmiş sayılır.

Mitinqlərdəki şüarlar isə təəccüb doğurmadı. Məsələn, şüarlar səsləndi ki, “Azərbaycanda korrupsiya mövcuddur”. Bunu prezident İlham Əliyev dəfələrlə deyib ki, “bəli, korrupsiya var və ona qarşı mübarizə aparılmalıdır, mübarizə aparılır da”. Sonra şüar səsləndi ki, “bəzi məmurlar həddini aşıb”. Prezident əksər tədbirdə bildirib ki, “məmur balaları özlərini yaxşı aparmalıdır”. Hətta özlərini yaxşı aparmayan övladların ataları işdən azad edildi. Sonra mitinqdə səsləndirildi ki, “məmurlar vətəndaşlarla pis davranır”. Bunu prezident də dəfələrlə etiraf edib ki, “məmurlar özlərini yığışdırsınlar, xalqa yaxın olsunlar, problemləri yerində və vaxtında həll etsinlər”. Nəticə özünü göstərdi. Kadr dəyişiklikləri baş verdi. Gənclər, ümumiyyətlə potensiallı şəxslər vəzifəyə gətirildi. İndi o gənc kadrlar xalqın arasında görünür, problemlər yerindəcə həllini tapır. Hələ vəziyyət tam ideal olmasa da, ideala doğru işıq yanır. Ən azından bu islahatlara başlanılıb. Lap dərinə getsək, korrupsiyanın mövcudluğu dövlətə sərf eləmir. Çünki korrupsiya dövləti içindən yeyən amildir. Azərbaycan rəhbərliyi xeyli iş görmək istəyir. Baxıb görür ki, vəsait çatışmır. Ya güclü ölkə qurmalısan, ya da olanlarınla kifayətlənməslisən. Yerində saymaqsa indiki dünyada Azərbaycana sərf eləmir. Ona görə də korrupsiya sərfəli deyil.

Yəni, mitinqdə səslənənləri dövlət başçısı da deyir. Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu da müxalifət belə izah etdi ki, “bu hakimiyyət getməsə, Qarabağ düyünü açılmayacaq”. Bu şüarda da səhv var. Qarabağ düyününün açılması mövcud hakimiyyətin getməyi, ya yeni qüvvələrin gəlməyi ilə həll edilən məsələ deyil. İlham Əliyev bu düyünün açılması üçün bütün vasitələrdən istifadə etməkdədir. Lakin aydın məsələdir ki, bəzi super ölkələrin maraq dairəsi bu problemin həllinin uzadılmasından ibarətdir. Azərbaycana 2-3 həftə lazımdır ki, Ermənistan qoşunlarını işğal etdiyi torpaqlarımızdan çıxarsın. Məsələnin həlli beynəlxalq güclərə sərf etmir. Lap müxalifət də hakimiyyətə gəlsə, eyni vəziyyət olacaq. Əgər müxalifət Sorosa arxayındırsa, yenə də heç nə alınmayacaq. Soros iş görən olsaydı Krımı Ukraynaya, Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarardı. Daha ölkələri qızışdırıb sonra Qara dəniz sahilinə içində oyuncaqlarla dolu gəmini yan aldırmazdı. Deməli, Sorosdan da bir şey çıxmayacaq.

O ki qaldı mitinqə gələnlərə…Əlbəttə, həqiqətən də diqqətdən kənarda qalan vətəndaşları çıxsaq, orada Suriya və Liviya məqsədli arzuolunmaz şəxslər çoxluq təşkil edirdi. Yerdəki atmacalardan Suriya qoxusu gəlirdi. Bir vətəndaş kimi məni qorxudan budur. Vəziyyətin təhlükəli hal alması indi üzdən görünmür. Amma astar müşahidələrim deyir ki, nizamsızlıq Suriya qoxusunu gətirir. Məhz bu baxımdan 26 yanvar mitinqinə izacə verilmədi. Əgər sakit qaydada aparılsaydı, hakimiyyətin deyil, dövlətin mövcudluğuna təhlükə yaradan çağırışlar səsləndirilməsəydi, razılıq veriləcəkdi.

Bu ölkə elə hala düşər ki, 100 il düzəlməz. Bu ölkəni qurmağa qanlar tökülüb. Ona görə tökülməyib ki, xaricdə ayağını ayağının üstünə aşırıb siqar tüstülədən gizli qüvvələr olanlarımızı vurub dağıtsın.

Azər Qismət