Həyat yoldaşını başqası ilə gəzdiyinə görə öldürən şəxs: “Mənə Rameşi sevdiyini dedi...”

25 Yanvar 2019 15:12 (UTC+04:00)

Həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən İslamov Nahid Eynulla oğlu azad olunmaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib.

AzNews.az-ın məlumatına görə, 2008-ci ildə cinayət törədərək 11 il müddətinə azadlıqdan məhrum edilən N.İslamovun məhkəmə prosesi yanvar ayının 31-də hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək.

İstintaq materiallarında məlum olur ki, Şabran rayon Zeyvə kənd sakini Nahid İslamov həmyerlisi Dinarəni görəndə ilk baxışdan ona aşiq olub. Nahid ailəsinə Dinarə ilə evlənmək istədiyini bildirəndə anası buna etiraz edib. Valideynlərindən xeyir-dua ala bilməyəcəyini başa düşən Nahid, Dinarəni qaçırıb. Yeni evlənən ailə Nahidin anası ilə yaşamağa başlayıb.

Bir müddət sonra gəlinlə qayınana arasında münasibətlər korlanıb. Arvadı ilə anasının yola getmədiyini görən Nahid, qayınanasının evinə köçüb. Sonra Nahid işləmək üçün Rusiyaya gedib. Nahidin yanına arabir qardaşı Mitxun da gəlib.

Bir gün Mitxun Nahidə arvadı barədə kənddə xoşagəlməz sözlərin gəzdiyini bildirib. O, deyib ki, arvadı kənddə Rameş ləqəbi ilə tanınan Məhəbbət adlı şəxslə gəzir.

Qardaşının bu sözlərindən sonra Nahid həyat yoldaşı ilə telefonla danışıb. Danışıqdan sonra Nahid əşyalarını toplayaraq Şabrana gəlib.

Evdə Nahid arvadından ona xəyanət etməsini soruşanda Dinarə bunun yalan olduğunu bildirib. Bu səbəbdən ərlə arvad arasında azyaşlı uşaqlarının gözü qarşısında hər gün mübahisələri baş verib.

Növbəti mübahisələrin birindən sonra əsəblərini cilovlaya bilməyən ər əlini bıçağa atıb. Arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən Nahid onun öldüyünə əmin olandan sonra rayon polis şöbəsinə gedərək təslim olub.

Könüllü təslim olan Nahid İslamov rayon prokurorluğuna təhvil verilib. İstintaq onun əməlini Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə qiymətləndirərək cinayət işini məhkəməyə göndərib.

Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb.

Nahid İslamov hakimlərə deyib ki, arvadını çox sevib. Ona görə anasından da incikli olub. Çörək pulu qazanmaq üçün Rusiyaya gedib. Bir müddət sonra yanına gələn qardaşım arvadımın mənə Rameşlə xəyanət etdiyini bildirib: “Bundan sonra Dinarəyə zəng edib məsələyə aydınlıq gətirməsini tələb etdim. O da mənə Rameşi sevdiyini və uşaqlarımı da onun adına keçirəcəyini dedi. Mən Şabrana gələndən sonra da o dediyi sözlərini təkrar etdiyindən, özümdə olmayıb, onu qətlə yetirdim”.

Təqsirləndirilən şəxsdən sonra məhkəmə zərərçəkən şəxs qismində tanınan Dinarənin anasının ifadəsini dinləyib.

Maya Hacıyeva qızının onunla yaşadığını və heç bir şəxslə yaxın əlaqəsinin olmadığını bildirib. Qayınana bildirib ki, kürəkəni sərxoşluqla məşğul olub, qızı da buna etiraz edib. Ona görə də onu öldürüb.

Məhkəmə Rameş kimi tanınan Məhəbbəti də taparaq ifadəsini alıb. Məhəbbət onun adının bu işdə hallanmasından təəccübləndiyini söyləyib. O, Dinarə ilə heç tanış olmadığını deyib.

Mitxun isə məhkəmədə gəlinləri haqqında pis şayiələr gəzdiyini təsdiqləyib. Lakin o, bunlara inanmadığından qardaşına da heç nə demədiyini bildirib.

Məhkəmə Nahid İslamovu qəsdən adam öldürmədə təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib.

Azər
AzNews.az