Yunanların əksəriyyəti bundan narazıdır

25 Yanvar 2019 14:54 (UTC+04:00)

Yunanların azı 62 faizi keçmiş Yuqoslaviyadan ayrılan Makedoniya Respublikasının adının Şimali Makedoniyaya dəyişdirilməsi barədə sazişin əleyhinə çıxıb.

Interfax informasiya agentliyi xəbər verir ki, bu, “Pluse” kompaniyasının apardığı sosioloji sorğu nəticələrində öz əksini tapıb. Sorğuya əsasən, respondentlərin yalnız 27 faizi saziş barədə müsbət fikir bildirib, qalan 11 faizi isə bununla bağlı mövqeyini dəqiqləşdərməyib.

Sorğu telefon vasitəsi ilə 1300-dən çox vətəndaş arasında keçirilib.

Bir müddət sonra sənəd Yunanıstan parlamentində səsverməyə qoyulacaq. Yerli KİV-lərinin ehtimalına görə, saziş çox güman ki, parlamentdə qəbul olunacaq. Sənədin ratifikasiyası üçün 300 deputatın azı 151-i onun lehinə səs verməlidir.

Afına və Skopye 2018-ci il iyunun 17-də Yunanıstanın Prespes bələdiyyəsində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Həmin saziş artıq Makedoniya parlamenti tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Makedoniya Respublikasının adı ətrafında yaranmış vəziyyət bu ölkənin Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına mane olur. Belə ki, vilayətlərinin birinin adı Makedoniya olan Yunanıstan Makedoniya Respublikasının adına qarşı çıxır. Bu səbəbdən Yuqoslaviya Sosialist Federativ Respublikası dağıldıqdan sonra Makedoniya BMT-yə keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası adı ilə qəbul edilib.

Yunanıstan xəritələrində isə onun adı ölkə paytaxtının adı ilə - Skopye kimi qeyd olunur.(AZƏRTAC)

© AzNews.az