Gürcüstan parlamentinin azərbaycanlı deputatından sərt bəyanat - erməni canisinin büstü qalmaqalı

25 Yanvar 2019 16:28 (UTC+04:00)

Xəbər verildiyi kimi 20 yanvar hadisələrinin ildönümündə Gürcüstanın Cavaxetiya bölgəsində Dağlıq Qarabağ müharibəsinin iştirakçısı olan erməni canilərindən biri Mixail Avaqyanın büstünün açılışı olub.

Mövzu ilə bağlı AzNews.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev bildirib ki, belə bir separatçının, hərbi cinayətkarın, terrorçunun abidəsinin qoyulması ilk növbədə elə Gürcüstanın özünə qarşı xəyanətdir:

“Bəli, Axalkalaki rayonunda belə bir hadisə olub. Bu hadisəni dəyərləndirərkən ilk növbədə həm beynəlxalq hüquq çərçivəsində, həm də əxlaqi mənəvi tərəfdən baxmaq lazımdır. Bu adam Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni hərbi birləşmələrdə iştirak edib. M. Avaqyan mülki əhaliyə qarşı qətliamlarda iştirakına dair əsaslı şübhələr olan cinayətkardır. Bunun ikinci bir adı yoxdur və hüquqi tərəfdən də qiyməti belədir. Onu da qeyd edim ki, Ermənistanın işğal etdiyi torpaqlar Gürcüstan tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü Gürcüstan tərəfindən bir mənalı olaraq tanınır. Eyni zamanda Gürcüstanın ərazi bütövlüyü də Azərbaycan tərəfindən tanınır. Hər iki ölkə dost, strateji müttəfiq, tərəfdaş olan ölkələrdir, bütün tribunalarda həmişə bir-birinin mövqeyini müdafiə edirlər. Ölkələrimizin taleyi də bir növ oxşardır. Bilirsiniz ki, Gürcüstanın da Azərbaycan kimi ərazisinin təqribən 20%-i işğal olunub. 100 minlərlə əhali qaçqındır. Məcburi şəkildə doğma torpaqlarını tərk ediblər. Oxşar taleləri yaşayan ölkələr dediyim kimi hüquq çərçivəsində bir-birlərinə həmişə dayaq, mənəvi dəstək olublar. Belə bir separatçının, hərbi cinayətkarın, terrorçunun abidəsinin qoyulması ilk növbədə elə Gürcüstanın özünə qarşı xəyanətdir”.

M. Dərziyev hadisənin gürcü ictimaiyyəti tərəfindən mənfi qarşılandığını qeyd edib:

“Gürcü ictimaiyyəti də bunu çox qınadı. Eyni zamanda digər tərəfdən Azərbaycan və Gürcüstan strateji tərəfdaş olan dost-qardaş ölkələrdir. Biz sevinirik ki, bu əlaqələr yüksələn xətlə inkişaf edir. Ancaq bu Azərbaycan-Gürcüstan münasibətlərinə vurulan bir zərbədir və şiddətlə qınayırıq. Xüsusilə həmin tədbirdə Axalkalaki rayonunun merinin, bələdiyyə sədrinin, eləcə də mənim həmkarım olan Gürcüstan parlamentinin deputatlarının iştirakını birmənalı şəkildə qınayıram və pisləyirəm”.

Pərvanə Ağazadə

AzNews.az