Qadınların hüquqlarının üstündən traktorla keçirlər - Nicat Gözəlov

26 Yanvar 2019 11:50 (UTC+04:00)

Son zamanlar ailədaxili münaqişələrin, qətllərin, intiharların və intihara cəhdlərin sayı getdikcə artmaqda davam edir. Demək olar ki, hər gün kütləvi informasiya vasitələrində qadınların öldürüldüyünü, döyüldüyünü görürük.

Bəs buna səbəb nədir?

Məsələ ilə bağlı AzNews.az Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov ilə danışıb.

Onun sözlərinə görə, gün ərzində 3-4 nəfər bu səbəbdən Hüquq Evinə müraciət edir:

“Ailədaxili zorakılıqların daha çox regionlarda olduğunu düşünsək də bu, belə deyil. Regionlarda son dövrlərdə şiddət daha da azalıb, amma təəssüf ki, bu zorakılıqlar şəhər yerlərində daha da artıb.

Ailədaxili zorakılıqların çox səbəbi var, buna maddi sıxıntılar, cütlüklərin bir-birini başa düşməməsi, evliliyə hazır olmamaqlarını misal çəkə bilərik. Gənclər ailə quranda onlarla heç bir psixoloq və ya hüquqşünas danışmır, amma nikah pozulanda psixoloqla danışıb bunun qarşısını almağa çalışırlar.

Mən Hüquq Evinin rəhbəriyəm, kifayət qədər də məhkəmə təcrübəm var, bizim Hüquq Evinə gün ərzində 3-4 nəfər ailə problemləri səbəbi ilə yaxınlaşır. Bizdən məsləhət alırlar. Hazırda ölkədə nikah bağlamaq nisbətdə nikah bitirmə saylarında daha çoxdur".

Hüquqşünas uşaqlar üçün verilən alimentlər haqda da söz açıb: “Bizim qadına verdiyimiz tək hüquq ailəsi dağıldıqdan sonra verilən alimentdir. Biz qadınlarımızı çox əzirik. Onların hüquqlarının üstündən az qala traktorla o üz, bu üzə keçirik. Türk qadınını sındırmaq, əymək olmaz.

Ailələr dağıldıqdan sonra bir çox kişi aliment ödəməkdən qaçır. Onu məhkəməyə verirlər, həbs edirlər. Gəlin, belə bir hesablama aparaq. Azərbaycan həbsxanasında bir məhkumun qalması üçün günlük xərclənən məbləğ 21-22 manatdır. Bu aylıq ortalama hesabla 630 manat edir. Kişi həbs olunur, qadın uşağına min bir əziyyətlə baxmağa çalışır. Mən parlamentə alimentlə bağlı qanun layihəsi irəli sürmüşdüm. Elə bir dəfə müzakirə olundu bağlandı. Həmin layihədə aliment fondunun yaradılması üçün təklif verdim ki, həmin kişilər məcburi işlə təmin olunsun və məbləğ uşaqlarına verilsin.

Azərbaycanda ailədaxili zorakılıqların sayı günü-gündən artır. Əgər belə davam etsə, bir neçə ildən sonra Azərbaycan dünyada bu şiddətlərə görə ciddi sıralarda duracaq”.

"Mentalitet isə qadına icazə vermir ki, döyülməsini polisə bildirsin. Bəlkə də hesab edir ki, kişi fərd olaraq güclü olmalı, qadını döyməlidir".

Bu fikirlər isə hüquqşünas Fidan Axundovaya məxsusdur.

Onun fikrincə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I bəndində qeyd olunur ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir:

"Yəni insan nikaha daxil olarkən ““Mənim ailəmdir, özüm bilərəm kimi deyil, ailə cəmiyyətin parçasıdır” kimi yanaşılmalıdır.” Hər bir kişi anasına, bacısına, arvadına və ya qızına cəəmiyyətin üzvü, qərar verə bilən şəxsiyyət kimi baxmalıdır. Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunu 22.06.2010-cu ildə qəbul edildi. Amma bu Qanunun tətbiqi mexanizləri necə işlənildi?! Bu gün bir rayonda tətbiq edilən mühafizə orderindən sonra ailəsindən kənarlaşdırılmış kişi sabah daha ağır zorakılıq edəcək, əmin olun. Çünki onun beynində etdiyi düzgün əməldir. Öz əməlinin ictimai təhlükəliliyini görə bilmir. Mentalitet isə qadına icazə vermir ki, döyülməsini polisə bildirsin. Bəlkə də hesab edir ki, kişi fərd olaraq güclü olmalı, qadını döyməlidir. Fikrimcə, buna görə də ilk olaraq orta məktəblərdən başlamalıdır. Bəlkə bununla bağlı hər hansı bir fənnin tədrisi və ya digər forma tətbiq olunmalıdır. Burada ailə hüququ qadının cəmiyyətdəki mövqeyi və dəyəri göstərilməlidir. Dövlət müvafiq orqanlarla aktiv şəkildə tədbirlər keçirilməlidir. Bu günün statistikasına nəzər saldıqda isə görürük ki, XXI əsrdə hələ də dünyada 42 faiz qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır. Görünən odur ki, bu problemin ya həll mexanizmi tapılmır və ya bu mexanizmin tapılması müəyyən fərdlərə sərf etmir. Problemin həll edilə bilməməsinin ən öndə olan səbəbi odur ki, bu tək dövlətin həll edə biləcəyi problem deyil, bu hal əksər yaxın qohumlar arasında baş verir ki, buna da ailə özü də müdaxilə edərək həll edilməsində müvafiq qurumlara kömək etməlidir. Bunun üçün qadına təhsil verilməli, bütün qadınlar savadlı olmalıdırlar".

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ailədaxili zorakılıqların artdığını bildirib:

“Əvvəlki illərə nisbətən məişət zorakılıqlarının sayı artıb. Buna səbəb isə xidmət paketlərinin formalaşmasıdır. Əgər insanlar əvvəl bu hallarda kimə müraciət edəcəklərini bilmirdilərsə, indi bilirlər. Ola bilsin ki, əvvəlki illərdə bu say daha çox olub. Bunu dəqiq deyə bilmərik. Bir çox ölkələrdə, elə bizdə də məişət zorakılığının daha çox ölçüsü fiziki zorakılıqdır. Çünki bunu sübut etmək mümkündür, xəsarət olur, zərər olur. Ölkəmizdə psixoloji və iqtisadi zorakılığı axtarsaq, görərik ki, yoxdur. Qadınlar çünki bu hallarda çox vaxt heç kimə müraciət etmir. Amma məişət zorakılığı təkcə fiziki zorakılıq demək deyil. Mən tədqiqatçı kimi zorakılığı iki hissəyə bölürəm. Birincisi, ənənəvi zorakılıq və digərləri. Ənənəvi zorakılıq bizim mentalitetimizdən gəlir ki, qayınana söz dedi, yoldaşımı döyüm, baldız söz dedi, yoldaşımı döyüm. Digərləri isə narkotik asılılığından, içki aludəçiliyi və başqa psixoloji gərginliklərdən sonra yaranan zorakılıqlardır. Əslində bu məsələləri aradan qaldırmağı bacaran ailələr var. Bu ailələr ailədaxili münaqişələr zorakılıq halına çevrilmədən psixoloji yardım və ya dəstək paketləri ala bilər. Amma zorakılıq formasına çevrildikdən sonra, orda təhlükə varsa, mütləq cinayət işi açılmalıdır”

Məsələ ilə bağlı sosial media istifadəçilərinin də fikirlərini öyrənməyə çalışdıq.

Əziz Əlibəyli:

“Cəmiyyətdə ailədaxili şiddətin, antoqonizmin artmasının əsas səbəbi maddi problemlərdir. Baxmayaraq ki, ata-analarımız bizdən daha kasıb yaşayıb, fərqli mühit görə bilməyib, amma onların stabil təminatı mövcud idi. Kişi qadının yanında pulsuzluğun ucbatından utanmırdı, qadın özünü süni şişirdilmiş, saxta aristokratiya havasına qaldırmamışdı. İndi isə qurulan ailələrin dağılma prosesi, dəyərlərin aşınması halı yaşanır. Nəticədə hər cür zorakılıq halları, cinayətlər meydana çıxır. Üstəgəl, buna təkcə qadın - kişi münasibətləri aid deyil, artıq bizdə ailədaxili qadının qadına şiddəti kişiyə nəzərən daha barışmaz vəziyyət alıb. Bax, bu da əslində maddi mənbədən qaynaqlanan problemdir. Konstitusiyamıza görə, Azərbaycan sosial dövlətdir. Hər şeyi bir kənara qoyub, ailəyə dəstək proqramı işləmək, ailələri qorumaq lazımdır. Ötən il qurulan 50 mindən artıq ailənin 15 minə yaxını dağılıbsa, məhkəmələr aliment davasından bezibsə, bunun kökü kasıbçılığa söykənir”.

Aysel Azad:

“Bunun kökündə təhsil dayanır. Hər nə qədər oxumağa meyilli qızlarımızın sayı artsa da, bu gün məktəbə yox, ər evinə getməyə can atanların sayı az deyil. Öz hüquqlarını bilməyəndən sonra ailədə kim tərəfindən deyilməsindən asılı olmayaraq hər təhqirə, şiddətə dözürlər. Danılmaz faktdır ki, elə günü bu gün də qız övladının olmasını əksər ailələr istəmir. Başlıca arqumentləri nəsil artımı olaraq ön plana çıxır. Səhv etmirəmsə, Sabir demişdi, oxumaq istəyəni ər evinə, ərə getmək istəyəni də məktəbə yollayırlar. O məcburi evləndirilən qızın sözü ata evində keçmir, getdiyi evdə ona kölədən artıq gözlə baxılmır. Qarşını almaq dildə maarifləndirmə tədbirləri aparılmamalıdır. Elə ailələrin özləri ilə görüşmək, vəziyyəti daha dolğun izah etmək lazımdır. Çünki media vasitəsilə deyilən heç bir sözə məhəl qoyulmur”.

Firuzə Vahid:

“Birinci səbəb qadınların artıq əvvəlki kimi kişilərə güzəştə getməməsidir. Əvvəl qadınlar kişilərdən daha çox asılı idisə, indi bu asılılıq azalıb. Amma cəmiyyətimizdə kişilərdən asılı olmağı istəyən də kifayət qədər qadın var. Məsələn, bir misal deyim. Ali məktəbdə təhsil alan qızların müəyyən hissəsi bunu sırf görüntü xatirinə edir. Gələcəkdə diplomdan istifadə etmək istəmədiyini bildirir. "Ər çörəyi" ifadəsi cəmiyyətimizə o qədər çox nüfuz edib ki, qızlarımız özü bunu dəyişmək, bu stereotipləri qırmaq istəmirlər. Digər bir səbəb isə, maddi sıxıntılarla bağlıdır. Yəni bir növ bu halların artması cəmiyyətdə olan problemlərdən də qaynaqlanır. Kasıblıq, kişilərin addımbaşı haqsızlıqlarla qarşılaşması, psixoloji cəhətdən əzilməsi onlarda içkiyə meyl və ətrafa qarşı aqressiya yaradır. Bir də kişilərdə olan kompleksdir. Əsas səbəblərdən biri. Bizdə hər zaman oğlan uşaqlarının üstün tutulması, onlara daha həssas yanaşılması və “sən bir addım öndəsən” kimi münasibət məhz bu zorakılığın təməlin qoyur”.

Elvin Camalov:

“Əslində tək ailədə yox, hər yerdə şiddətin mənbəyi sevgisizlikdir. Sevgi olmayan yerdə şiddət kök sala bilər. İnsan sevdiyi kəsə şiddət bir yana adicə ağır söz belə deməyə qıymır. Soruşursunuz ki, şiddətin aradan qalxması üçün nə etmək olar. Şiddətin aradan qalxması üçün sevgi olmalıdır. Amma bu mümkünsüzdür. Sevgini yaymaq üçün insan gərək əvvəlcə özü sevmək nədir onu bilsin. Sevmək əks cinsdən olan bir nəfərə xoş sözlər, sevirəm deyib özünü yalnız ona həsr etmək demək deyil. Sevmək insanın xarakterinə hopmalıdır. Bir insanın xarakterində eqoizm varsa, o insan hər kəsə qarşı eqoist olur. Bir insanın xarakterində sevgi varsa, o insan hər kəsə qarşı sevgi ilə yaxınlaşır. Hər kəs özünə sual verməlidir ki, mənim xarakterimdə sevgi var? Yoxdursa, sevirəm dediyi insanın əslində yoldaşı yox sahibi olmaq istədiyini görər. Təbii ki, heç kəs bu sualı özünə verməyəcək. Çünki insanlar özlərini tanımaqdan qorxur, başqalarının eyiblərini tanımaq üçünsə can çatır. Buna görə də, sevgisizlik və şiddət hər zaman olacaq. Sevgini öyrətmək çətin olsa da şiddəti azaltmaq üçün vasitələr var. İnsanlara sevmədiyin birindən sakitcə uzaqlaşmaq, uzaqlaşan insanları isə buna görə qınamamaq gərəkdiyini öyrətmək lazımdır. Kimsə deyə bilməz ailələrdə şiddətin konkret səbəbi nədən ibarətdir. Bu xəyanət də ola bilər, hər hansı aidiyyəti olmayan bir şeyə əsəbləşərək hirsini yoldaşına tökmək də ola bilər, psixoloji başqa gərginliklər, keçmişdən qalan travmaları və sair keçərsiz səbəblər göstərmək mümkündür. Hər kəslə bir-bir maraqlanıb bu məsələni həll etmək çətin olar deyə düşünürəm ki, cəhd edib insanlara qarşılıqsız sevgi ilə yanaşmaq lazımdır. Əks halda lap əvvəldən olan bu şiddət hadisələri hər zaman davam edəcək. Keçmişdə qadınlar “ərimin haqqıdır, istəsə döyər” deyib münasibətə davam edirdisə, indi bu şiddətə qarşı çıxanlar olur. Amma edilən şiddət dəyişməyib. Daha çox kişiləri maarifləndirmək də olar ki, kimisə sevmirsə, heç olmasa “ətraf nə deyər?!” düşüncəsini atıb ayrılmağı bacarsın”.

Qasım Rüstəmov:

“Cəmiyyətmizdə qadına şiddət və ailədaxili şiddətin artmasının səbəbi insanlar bir-bir sevgisinin, güvəninin olmaması və günü-gündən bunun azalması, bir birlərinə zaman keçdikcə həyatlarını sanki belə davam edəcəkmiş kimi davam edərək adiləşməsidir. Əlavə olaraq qadının işləmə səbəbi də ola bilər. Məsələn: “Dünənə qədər işləyən xanımlarımız demək olar ki, az idi. Ancaq bu gün söhbət qadın-kişi hüquqlarının bərabər olmasından gedir ki, Azərbaycan kişisi buna tolerant davrana bilmir. Ailəsində əvvəlki idarəçiliyi itirdiyini, özünü inkişaf etdirə bilmədiyini düşünərək zorakılığa əl atır. Xanım işləyir, evə qazanc gətirir və qarşı tərəf onunla pis davransa onun da kefi pozulur. Düşünür ki, o da mənim kimi çalışır, evə qazanc gətirirsə, deməli bunun müqabilində diqqət, qayğı istəyir. Bu da olmayanda usanma, ailədaxili problemlər yaranır. Ailədə artıq sevgi yerinə şiddətə yol verilir. Bunun da tək çıxış yolu hər iki tərəfin bir-birinə daim Güvən, sevgi, qayğı və diqqəti artırmaqla olar. Çünkü bunlar olduqda şiddət yerinə ailəni sevgi bürüyər və hər an xoşbəxt olarlar. Bundan əlavə də qadınları qorumagımız hər zaman lazımdır. Onlar dünyanın ən gözəl və zərif varlıqlarıdır, onlara şiddət göstərmək heç bir zaman ailədaxili problemin çıxış yolu deyildir. Əksinə onlara güvənərək, sevgi, qayğı və diqqət göstərərək, bir-birini dinləyərək və hər zaman ortaq məsləhətləşib qərarlar olarsa, ailədəki problemləri həll etmək olar”.

Abbas Sabiroğlu:

"Səbəbi odur ki uşaqlıqdan oğlanlar qızlardan üstün böyüdülür. Qadın haqlarını müdafiə edən kimi kişilərə xoş gəlmir. Kişiyəm, üstünəm deyilir. Qadınlarda da, günah az deyil. Əvvəldən oxumurlar, karyera qurmurlar, "ər çörəyi" arzulayırlar. Qadınlar güclü olmalıdır. Polisə şikayət etməkdən qorxmamalıdırlar. Məsələn, mənim qızımı həyat yoldaşı döysə, ciyərini sökərəm. Qız ataları da belə olmalıdır. Kişi döyər də, söyər də deməməlidir".

Nigar CƏFƏR

AzNews.az